Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fetullah Gülənlə əlaqədar iddiaları araşdırarkən ölü tapılan jurnalist Haydar Meriç və kəşfiyyatçı İrfan Erbarıştıranla bağlı yeni faktlar ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1 noyabr 1990-cı il tarixli və “gizli” möhürlü sənədə görə, Haydar Meriç və İrfan Erbarıştıranın əldə etdiyi və ictimaiyyətə açıqlamaq istədiyi məlumatlar Kəşfiyyat Dairə Müdirliyini hərəkətə keçirib.

Hesabata görə, Kəşfiyyat Dairə Müdirliyi Gülənin əleyhinə olan məlumatların dərc olunmasına mane olmaq üçün təhlükəsizlik güclərini səfərbər edib.

Polis və prokurorluğun araşdırmasına görə, 2011-ci ildə öldürülən Haydar Meriç Fətullah Gülənlə bağlı kitab yazırdı. Kitabda Gülənin 1960-cı illərdə çalışdığı Kırklareli məscidinin tualet işçisi ilə cinsi əlaqəyə girdiyi də iddia olunurdu. FETÖ-çü polislər “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatı ilə əlaqədə olduğunu iddia etdiyi Meriçi qaçırmışdı. Meriçin cəsədi 18 gün sonra tapılmışdı.

İstanbul Respublika Baş Prokurorluğu ilə Polis Təşkilatının iki il davam edən araşdırmasına görə, Haydar Meriçin 2011-ci ildə öldürülməsi ilə başa çatan hadisələr zənciri Fətullah Gülən haqqında bir kitab yazacağını elan etməsi ilə başlamışdı. Bundan sonra Meriç FETÖ-yə mənsub kəşfiyyatçı polislər tərəfindən “texniki mühasirə”yə alınıb. Telefonları DHKP-C-li olduğu bəhanəsi ilə dinlənilən Meriçin evinə dinləmə cihazı yerləşdirilib, hərəkətləri MOBESE kameraları ilə addım-addım izlənilib.

Meriç 31 may 2011-ci ildə gecə saatlarında yoxa çıxır. Onun cəsədi 18 iyun 2011-ci ildə Akçakocada dənizin 400 metr sahilində tapılıb.

“Paralel dövlət”lə əməkdaşlıqdan imtina edən İrfan Erbarıştıran 2015-ci ildə oteldə ölü tapılır. İzmirdə çalışan İrfan Erbarıştıran Fətullah Gülənin şəxsi həyatına dair bir kasetin olduğunu söyləmişdi.

Ömər Dağlı