Şirkət rəhbəri: "SOCAR istiqrazlarının qiyməti qalxacaq"

Şirkət rəhbəri: "SOCAR istiqrazlarının qiyməti qalxacaq"
11:52 4 Oktyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

"PSG Kapital İnvestisya Şirkəti" QSC-nin direktoru Şahin Rəcəbovun Trend-ə müsahibəsi:

- Şahin müəllim, sizin şirkətiniz SOCAR istiqrazları üzrə marketmeyker olacaq. Bu işi necə həyata keçirəcəksiniz? İşiniz nədən ibarət olacaq?

- Bəli, birjanın saytında və mətbuatda verilən məlumatda bildirildiyi kimi, SOCAR, PSG-Kapital investisiya Şirkəti və Bakı Fond Birjası arasında marketmeyker müqaviləsi bağlanılıb. Ümumiyyətlə, marketmeykerin əsas işi marketmeyker olduğu qiymətli kağızların likvidliyini təmin etməkdir. Sadə dildə desək, biz istiqrazlarını satmaq istəyənlərdən həmişə istiqraz alacağıq və gələcəkdə istiqraz almaq istəyənlərə daha baha qiymətə satacağıq. Məsələn, 1000 dollardan alıb 1050 dollardan satacağıq.

- Əhalinin böyük hissəsi, o cümlədən SOCAR istiqrazlarının alıcıları sizin şirkəti marketmeyker olaraq istiqrazları istənilən vaxt geri alacaq şirkət kimi qəbul edir. Doğrudurmu? Yəni istiqrazları satmaq istəyən şəxslərdən alacaqsınızmı?

- Tamamilə doğrudur. Normal hallarda marketmeykerin müəyyən öhdəliyi olur ki, marketmeyker yalnız müəyyən limit həcmində istiqraz alıb sata bilir. SOCAR bazarda istiqrazlarının likvidliyinin qorunması üçün Azərbaycanda, bəlkə də dünyada ilk dəfə olaraq istiqrazlarının istənilən vaxt tam həcmdə geri alınması üçün təminatçı kimi çıxış etdi. Yəni əgər 100 milyonluq istiqrazın hamısını bir nəfər alsa və sabah satmaq istəsə, onun tələbi tam yerinə yetiriləcək.

- Deməli, istiqrazı satmaq istəyən şəxs birbaşa sizə müraciət etməlidir?

- İstiqrazı satmaq istəyən şəxs istənilən İnvestisiya Şirkətinə, o cümlədən PSG Kapitala müraciət edərək satmaq sifarişi qoya bilər.

- İstiqrazının satılması üçün onu alan şəxs olmalıdır, yoxsa elə bunsuz da siz istiqrazı alacaqsınız?

- SOCAR kimi bir emitentin qiymət kağızları üçün düşünürəm ki, həmişə alıcı olacaq. Əgər alıcı olmasa belə, biz marketmeyker kimi həmişə ən pis halda nominal qiymət ilə (1000 dollar) alıcı qismində çıxış edəcəyik.

- Müraciət ediləndən nə qədər vaxt sonra istiqrazı alıb pulunu ödəyəcəksiniz?

- Sifariş qoyulandan sonra 1 gün ərzində vəsait müştərinin hesabında olacaq.

- İstənilən həcmdə istiqrazı alacaqsınız? Tutaq ki, kimsə 1 milyon dollarlıq istiqraz alıb və təcili satmaq istəyir. Ala biləcəksinizmi?

- Yuxarıda qeyd etdiyim kimi, bəli, istənilən həcmdə istiqraz alacağıq.

- Bəs bu tələbi qarşılamaq üçün yerətincə kapitalınız və vəsaitinz varmı?

- İnvestisiya şirkətləri təkcə istiqrazlarla yox, digər qiymətli kağızlarla da ticarət üçün həmişə banklarla birlikdə çalışırlar. Müştərilərə kapitallarından qat-qat artıq kredit çiyinləri verirlər və s. Yəni marketmeykerlərin çox zaman likvidlik təminatçıları olur. SOCAR istiqrazları üçün SOCAR likvidlik təminatçısı kimi çıxış edir və marketmeykerin qarşilaya bilməyəcəyi tələblərdə SOCAR bizə likvidlik verəcək.

- İstiqraz hansı qiymətə alınacaq və bu qiyməti kim müəyyən edəcək - alan tərəf, yoxsa istiqrazın sahibi?

- Birjada çox nadir hallarda alıcı və satıcı qismində 1-2 nəfər çıxış edir. İstiqrazları satmaq istəyənlər və almaq istəyənlər öz qiymətlərini qoyur. Əgər alıcı və satıcının qoyduğu qiymət eynidirsə bu zaman əqd baş verir. Qiymət eyni olmadıqda iki tərəfdən biri ya istiqrazın qiymətini aşağı salmalı ya da alıcı ödəyəcəyi məbləği bir az da artırıb satış qiymətinə uyğun qoymalıdır.

- Ən aşağı qiymət olaraq istiqrazlar neçəyə alınacaq?

- Ən aşağı qiymət olaraq 1000 dollar müəyyən edilib. İstiqraz sahibləri istiqrazlarını istənilən zaman bazarda başqa alıcı yoxdursa, PSG Kapitala 1000 dollara sata biləcəklər. Amma mən bu halın baş verəcəyinə inanmıram. Məsələn, kimsə 100 000 dollarlıq istiqrazı 1000 dollardan alıbsa, onu 3 ay saxlayaraq faizini götürüb 1000 dollardan elə marketmeykerə sata bilər. Amma digər bir məsələ də var ki, hazırda dollarda 5% gəlirlik verən və SOCAR kimi bir şirkətin arxasında durduğu bir yatırım aləti tapmaq çətindir. Buna görə də fikirləşirəm ki, bank əmanətləri faizləri 2-2.5% olduğu halda, SOCAR istiqrazlarının da 2-ci bazarda qiyməti qalxacaq və onu 2-ci əldən alan investorlar üçün gəlirlilik 2-2.5% ətrafında olacaq. Bu baş verdiyi halda istiqrazın qiyməti nominaldan yuxarılarda, 1015-1030 arasında olacaq.

- Siz istiqraz almaq istəyənlərə də kömək edəcəksiniz? Onlar sizə müraciət edə bilərlər?

- Bəli. PSG-Kapital bir marketmeyker olaraq aldığı istiqrazları yenidən 2-ci bazarda satışa çıxaracaq. Yalnız bu halda biz onu nominaldan baha qiymətə satacağıq. İnvestorlar bunun üçün bizə müraciət edə bilərlər.

- Təkrar bazarda istiqrazları xaricilər də ala biləcəklər?

- Bəli, biz yerləşdirmə zamanı anderrayter olaraq xaricilərin SOCAR istiqrazları ilə maraqlandıqlarının şahidi oluruq. Bildiyiniz kimi, SOCAR əvvəllər avrobondlar buraxıb və hazırda bu avrobonların gəlirliyi 5%-dən az olsa da, xaricilər alırlar. 5% onlar üçün çox böyük gəlirlikdir. Lakin SOCAR gəlirin əsas hissəsinin Azərbaycan vətəndaşlarına qalmasını və qiymətli kağızlar bazarına yerli investorlar arasında marağın artırılması üçün ilkin yerləşdirməni yalnız Azərbaycan vətəndaşları üçün edir.

- Bunun üçün onlar nə etməlidirlər?

- Xaricilər istər fiziki, istərsə də hüquqi şəxs kimi istiqraz almaq üçün investisiya şirkətində hesab açmalı və təkrar bazarda SOCAR istiqrazlarının alışı üçün sifariş qoymalıdırlar. Bu, sadə bir prosedurdur. Bizim xarici müştərilərimiz əvvəllər də olub və onlar hazırda 2-ci bazarda SOCAR istiqrazlarını almaq üçün gözləyirlər.

- Təkrar bazarda istiqrazların gəlirliliyi ilkin bazardakı kimi ildə 5% yox, daha aşağı olacaq. Sizcə, bu halda müştərilər istiqrazlara maraq göstərəcəklər?

- Hazırda statistika onu göstərir ki, müştərilər nəinki aşağı faizə, hətta banka komissiya verməklə vəsaitlərini qorumaq üçün bank seyflərindən istifadə edirlər. Bəzi insanlar oğurlanma riskini nəzərə almayıb vəsaitlərini evdə saxlayırlar. Belə vəsaitlər ən azı inflyasiya səbəbindən dəyərlərini itirirlər. Çünki hamı bilir ki, indi aldığımız vəsait gələcəkdəkindən dəyərlidir. Əgər 1 il sonra sizə qoyduğunuz 1000 dollara görə 1000 dollar verirlərsə, demək, siz artıq müəyyən qədər zərər edibsiz. SOCAR ölkə riski ilə eyni riski daşıyan bir şirkətdir. SOCAR-ın götürdüyü öhdəliyi yerinə yetirməmə şansı çox aşağıdır. SOCAR-dan dəfələrə balaca olan banklara insanlar daha aşağı faizlə vəsait yerləşdirilər. Mən, ümumiyyətlə, SOCAR-ın maliyyə bazarlarına daxil olmaqla faiz dərəcələrini dəyişəcəyini düşünürəm. SOCAR istiqrazları bençmark olacaq insanların yatırımları üçündür. Amma bu gəlirlilik 5% də qala bilməz. Bu halda banklar dollar cəlb etmək üçün daha yuxarı faiz təklif etməli olacaqlar, bunun baş vermə mükünlüyünü az qiymətləndirirəm. İkinci bir hal olaraq, SOCAR istiqrazlarının təkrar bazarda baha qiymətə satılması və gəlirlilik faizinin bank depozitləri faizindən aşağı düşməsini gözləmək olar.

- İstiqrazların təkrar alınıb satıldığa halda komissiya nə qədər olacaq?

- İnvestisiya şirkətlərinin tarifləri müxtəlif olduğu üçün bu suala dəqiq cavab vermək çətindir. 100 000-lik istiqraz satmaq istəyən biri üçün bu komissiya investisiya şirkətindən asılı olaraq 50 dollar da ola bilər, 100 dollar da. İstənilən halda SOCAR qiymətli kağızlar bazarına böyük bir kütlə cəlb etdiyi üçün bu sahədə də rəqabət nəticəsində komissiyanın minimal olacağını fikirləşirəm.

- Sizcə, istiqrazların təkrar bazarda satışı nə qədər aktiv olacaq? Yəni istiqraz sahiblərinin onları aktiv şəkildə satacağını gözləyirsinizmi?

- Kupon ödənişlərinin 3 ayda bir olmasının və nominal qiymətlə satma təminatının olmasını nəzərə alaraq, istiqrazların çox likvid olacağını fikirləşirəm. Kimsə onları uzunmüddətli məqsədlə, kimsə də qısamüdəti yatırım məqsədilə alacaq.

- Sizcə, bu istiqrazlar uzunmüddətli yatırım üçün sərfəlidir, yoxsa qısamüddətli?

- Qeyd etdiyim kimi, marketmeyker və SOCAR tərəfindən istiqrazların istənilən zaman nominal ilə alınma təminatı olduğu üçün bu istiqrazları qısamüddətli və uzunmüddətli yatırım üçün sərfəli saymaq olar. Qısamüddətli yatırım edən investor istiqrazı 3 aylıq alaraq kuponu götürüb daha sonra sata bilər. Uzunmüddətli yatırım edən investor istiqrazı alıb, daha sonra baha qiymətə sata bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR