Şəhidi yad etməyin fəlsəfəsi

Şəhidi yad etməyin fəlsəfəsi
23:17 8 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

"Məhərrəm - bir aydır ki, cahiliyyət əhli bu ayda müharibə etməyi haram hesab edərdi. Amma bizim qanımızı o ayda halal saydılar. Bizim hörmətimizi o ayda qorumadılar. Övlad-əyalımızı əsir götürdülər. Xeymələrimizi oda çəkdilər, orada hər nəyimiz var idi, qarət etdilər və Rəsulun (s) hörmətini bizim barəmizdə riayət etmədilər" - İmam Rzadan (ə) nəql edilən bu hədisdə Kərbəla faciəsinin bütün dərinliyi əks edilmişdir.

Əhli-Beytə (ə) məhəbbət barədə İlahi buyuruş

Mübarək hədisin bir neçə müstəvidə təhlilini aparaq. İlk öncə hədisin fabulasını, məzmununu təşkil edən "cahiliyyət dövrü" məfhumuna toxunaq. Bu anlayış Ərəbistan yarımadasında İslamdan öncəki perioda, Həzrət Rəsulullahın (s) İlahi risaləti təbliğ etməyə başlamasından öncəki perioda şamil edilir. Cahiliyyət dövrü dedikdə, müasir mənada işlənən "bisavadlıq" nəzərdə tutulmur. Ərəblərin İslamdan öncə də şifahi ədəbiyyatı çox inkişaf etmişdi, onları bisavad adlandırmaq düzgün olmazdı. Burada "cahiliyyət" - İlahi təlimdən məlumatsızlıq mənasında işlənir. Həzrət İmam Rzanın (ə) bu dövrə işarəsi təsadüfi deyil, bu məsələnin sonradan açılışı veriləcəkdir.

Hədisdə istinad edilən digər müstəvi - İslam Peyğəmbərinin (s) Əhli-Beytinə (ə) ehtiram barədə İlahi göstərişdir. Belə ki, Qurani-Kərimin "Şura" surəsinin 23-cü ayəsində Allah Təala buyurur: "(Ya Peyğəmbər!) De: Mən Sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarıma (Əhli-Beytimə) sevgidən başqa bir şey istəmirəm". Müqəddəs Kitabda Həzrət Peyğəmbərin (s) Əhli-Beytinə (ə) məhəbbət və ehtiram barədə açıq-aydın göstərişə rəğmən, Yezid lənətliyin qoşunu İmam Hüseyni (ə) və əziz məsləkdaşlarını qanlarına qəltan etdilər.

Beləliklə, mübarək hədisdə məsələ 2 müstəvidə qoyulur: əgər siz müsəlmansızsa, onda digər müsəlmanın qanı və malı toxunulmazdır, ehtiram ünvanıdır. Peyğəmbərimizin Əhli-Beytinə (ə) bilavasitə aid olan İmam Hüseynə (ə) aid isə nəinki toxunulmazlıq, hətta məhəbbət göstərmək göstərişi də vardır. Yəni, əgər müsəlmansınızsa, sizin borcunuz İmama (ə) qeyd-şərtsiz ehtiram etmək idi, nəinki onu mühasirəyə alıb, olmazın məşəqqətlərə məruz qoyub, əzizləri ilə birgə şəhadətə yetirmək. Beləliklə, bir müsəlman iddiasında olan adamlar kimi, Yezid lənətliyin ordusu Rəsullulahın (s), Mütəal Allahın göstərişlərinə qarşı üsyan edərək, İmamı (ə) qətlə yetirdi. Bu azmış kimi, Peyğəmbər (s) Əhli-Beytinə (ə) aid mübarək şəxsləri əsir götürdü, əmlakını qarət etdi.

Mübarək kələmlarla İlahi seçimin bəyanı

Cahiliyyət dövrünə işarə hədisin məzmununu digər rakursdan açır. Yox, əgər müsəlmanlığı danıb, cahil ata-babalarınızın yolu ilə gedirsinizsə, bu halda, cahiliyyə dövrünün ərəbləri məhərrəm ayında müharibə etməyi haram bilərdi. Bu, tabu, yasaq edilmiş bir məsələ idi, hətta cahiliyyə dövrünün ərəbləri də bu mövzuya ciddi riayət edirdi. Demək, Yezid lənətliyin ordusu bu müddəaya belə əməl etmədi, cahil ata-babalarının adətini də tapdaladı.

Bununla Yezid lənətliyin ordusunun hər hansı bir əxlaq, mənəviyyat, insani dəyərlər sisteminin xaricində olması vurğulanır. Yəni, adam cildində olan bu qaniçən məxluqları heç bir dəyərlər sisteminə görə, hətta cahiliiyət dövrünün adət-ənənəsinə gərə də insan adlandırmaq mümkün olmadığı bir daha təsdiqlənir.

Mövzunun davamı olaraq İmam Hüseynin (ə) Kərbəla ilə bağlı buyurduğu bir hədisi nəql edək:"Bura - çətinlik və bəla yeridir. Bura - miniklərimizi oturtduğumuz bir yerdir, karvanlarımızın yükünü saldığımız bir yerdir. Kişilərimizin qətlgahı, qanlarının tökülən yeridir".

Burada Kərbəla məkanı ilə bağlı açıqlama təqdim edilir. Kərbəla - bir imtahan məqamı, Allah yolunda ən qiymətliləri qurban vermək, şəhadətə yetişmək məkanı kimi vəsf edilir. Əslində İmam Hüseyn (ə) Kərbəlaya yetişəndə söylədiyi bu mübarək kəlamlarla İlahi seçimini bildirir, zülm və istibdada qarşı hər hansı bir güzəştin mümkünsüzlüyünü bəyan edir. Əziz silahdaşlarının da artıq seçim etdikləri, canlarını Mütəal Allah yolunda fəda etməyə hazır olduqları bilinir. Gözəl bəlağətlə ən ağır imtahanlara, əzizlərin əsir düşməsinə belə hazırlıq bildirilir, bu ağlasığmaz çətinliklərdən fərəh və sevinc duyğuları keçirildiyi bildirilir.

Qəm və kədər, ibadət olanda

Əhli-Beytin (ə) müsibətinə kədərlənməyin fəlsəfəsini açıqlayan hədisdə İmam Cəfər Sadiqdən (ə) nəql edilir: "Bizim məzlumiyyətimizə görə kədərlənən hər bir şəxsin nəfəsi təsbihdir və onun bizim üçün olan qəmi - ibadətdir".

Hədisdə olan mətləblərə diqqət etsək, görərik ki, burada Əhli-Beytə (ə) olan zülmü dərk etməkdən, bu zülmün mahiyyətini anlamaqdan, buna kədərlənməkdən söhbət gedir. Əhli-Beytə (ə) zülm edən kimlərdir? Zalımlar. Nəyə görə onlara zülm edirlər? İlahi həqiqətləri dediklərinə görə, haqqa çağırdıqlarına görə. Deməli, bu duyğuları yaşayan insan, Əhli-Beytin (ə) müsibətinə şərik olan insan, həmin hissləri keçirir və ən başlıcası - bu dəyərləri qəbul edir, onların daşıyıcısına çevrilir. Beləliklə, Əhli-Beytin (ə) müsibətini dərk edib, kədərlənən insanın nəfəsi təsbih olur, yəni sanki "sübhənallah" deyir, Allahı vəsf edir. Eyni zamanda bu kədərin özü də ibadətdir. Niyə? Çünki, həmin kədər İlahi dəyərlərə sadiq olmanın təzahürüdür. Doğrularla olub, pisləri, şəri inkar etməyin təzahürüdür.

Məhərrəm-səfər əyyamında insanın ruhi yüksəlişi üçün fövqəladə fürsətlər vardır. Həqiqətdə bu hissləri qiyabi keçirmək olmur. Bu hissləri yaşadan, insanın qəlbini oyadan məclislərin, əzadarlıq məclislərinin misilsiz əhəmiyyəti başa düşülür. Belə olan halda, bu məclisləri səngitmək, şəhidlik fəlsəfəsini aradan aparmaq - insanları manqurtlaşdırmaq, laqeydləşdirmək istəyinin bilavasitə təzahürüdür.

O göz Qiyamət günü ağlamaz

Əhli-Beytə (ə), Kərbəla müsibətinə şərik olmaq mövzusunu davam etdirərək, Həzrət Peyğəmbərimizin (s) xanım Fatiməyə (s.ə.) söylədiyi kəlamı nəql edək: "Fatiməcan! Qiyamət günü bütün gözlər ağlayar, o gözlərdən savayı ki, (İmam) Hüseyn üçün göz yaşı axıda, Hüseyn üçün əza saxlaya. O göz Qiyamət günü gülər".

İmam Hüseynə (ə) əza saxlayan qəlblərin diriliyi mövzusu hər zaman mübarək dinimiz tərəfindən vurğulanmışdır. Qiyamət günündə, insanların öz əməllərinə görə sorğu-suala çəkiləcəyi gündə, qəlblərin paslığı bəlli olan gündə İmam Hüseyn (ə) aşiqlərinin qüssə etməyəcəyini bildirir Əziz Peyğəmbərimiz (s). Səbəb də ondadır ki, İmam Hüseynin (ə) uğrunda canının fəda etdiyi ideallar, məhz Peyğəmbərimizin (s) məbus olunduğu, təbliğ etdiyi dəyərlərdən ibarət idi. İmam Hüseyn (ə) hərəkatının mahiyyəti məhz bu dəyərləri yaşatmaq idi, İlahi həqiqətləri məhv olunmaqdan xilas etmək idi. Buna görə də İmamın (ə), uğrunda şəhid olduğu dəyərləri yaşadanlar, İmam Hüseynin (ə) müsibətini qəlblərdə saxlayanlar Qiyamət günü xilas olanlardan qərar verilmişdir.

2 qiymətli qətrə

Şəhidlik mövzusunu davamında Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisə diqqət edək:"Behiştə birinci daxil olan kəs - şəhiddir".

Burada şəhidliyin yüksək məqamı göstərilir. Şəhidliyin Allah dərgahında olan mərtəbəsi göstərilir. İlahi mükafata ilk layiq görülən şəxs, İlahi rəhmətə ilk qovuşan şəxs - şəhiddir.

İmam Səccaddan (ə) bu mövzuda belə bir hədis nəql edilir: "Allah dərgahında heç bir qətrə 2 qətrədən daha sevimli deyil: (birincisi) Allah yolunda tökülmüş qanın qətrəsi; (ikincisi) gecə qaranlığında axıdılan göz yaşının qətrəsi".

Mübarək mətndə qeyd edilən hər iki mövzu bir bulaqdan qaynayır - Allaha olan eşqdən, həqiqi bəndəçilik arzusundan. Diqqət etsək, hədisdə "gecə qaranlığı" məfhumu işlədilir. Bu, ixlasa, səmimiyyətə, qəlbin riqqətinə işarədəir. Gözlərdən dalda bir məkanda bəndə Rəbbi ilə razu-niyaz edir, günahlarından tövbə edir, səhv və xətalarından Allaha pənah aparır. Təsadüfi deyil ki, şəhidin qanı bu göz yaşı ilə bərabər tutulub. Hər ikisinin mayası eynidir - ixlas, xalis niyyət. Yer üzərində öz yüksək missiyasını anlamaq və bu ideallar uğrunda hər bir şeyi qurban verməyə hazır olmaq.

Şəhidlər Sərvəri (ə) ilə birgə olmaq

Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: "Şəhidin ilk qan qətrəsinə Allah Təala 6 savab əta edər ki, (bunların birincisi odur ki,) bütün günahları məhv olur".

Mütəal Allah şəhadət məqamına çatan əziz bəndəsini əfv edir. Onun günahları silinir, heç bir şey olmamış kimi, əməl kitabı tərtəmiz olur. Səbəb aydındır - bəndə imtahanını şərəflə verdi. Seçim qarşısında durduqda, geri çəkilmədi, başqasının arxasında gizlənmədi. Canını fəda etdi. Və əlbəttə ki, ən başlıcası - burada niyyət məsələsidir. Əməllər yalnız Allaha bağlandıqda bunun mənası və müvafiq nəticəsi olur.

Şəhidə xas yüksək məqama aid İmam Cəfər Sadiqdən (ə) belə bir hədis nəql edilir: "Heç bir şəhid yoxdur ki, İmam Hüseynlə (ə) birgə olmaq istəməsin. Və onlar İmam Hüseynlə (ə) birgə behiştə daxil olacaqlar".

Şəhidlər Sərvəri (ə) ilə birgə olmağın fəlsəfəsinə toxunaq. Şəhadətə səbəb olan - Allahın razılığını əldə etmək, İlahi vəzifəni yerinə yetirmək arzusudur. Və bu niyyətin zirvəsi - İmam Hüseyndir (ə). Demək bütün şəhidlərin bu arzuda olması - mübarək bir arzudur və Mərhəmətli Allah bu arzunu, inşəallah, gerçəkləşdirəcəkdir.

Şəhadətə xas məqamlara toxunaraq, Həzrət Peyğəmbərdən (s) belə bir hədisə diqqət edək:"Ən üstün şəhidlər o kəslərdir ki, birinci xətdə şəhid olurlar". Mübarizənin önündə gedən insanlar, topluma dinamika verən, cəmiyyəti manqurtlaşmaqdan, laqeydlikdən xilas edənlər - İlahi dərgahda əziz tutulanlardır. Bunlardır topluma dirilik verən, məhvdən xilas edən. Və, təbii ki, ilk öncə həyatlarını da qurban verənlər onlardır. Və öncüllükləri səbəbindən də ən əziz tutulurlar.

Öz qanı ilə İlahi təlimi sığortaladı

Amma Kərbəlanı yaşadan amillərə, əslində kiçik Kərbəlalar və kiçik Aşuralar olan səhnələrə nəzər salmasaq, birdən-birə bu bəşəri müsibətin necə baş verməsini anlamaq çox çətin olar.

Bəli, İmam Hüseyn (ə) əməli halda şəhadət dərsini, Allah yolunda hər şeyini qurban vermək dərsini bəşərə öyrədir. Gedək bir qədər o səhnələrə. Gedək o səhnələrə ki, artıq Kərbəlada İmam Hüseyn (ə) və onun ətrafında olan nəcib və qeyrətli insanlar şəhadət şərbətini içmişlər. İndi böyük və ağır imtahan vermək növbəsi İmam Səccada (ə), Həzrət Zeynəbə (s.ə), Rüqəyyəyə, Səkinəyə yetişmişdir...

...Əsirlər karvanı Şama yetişir. Bir gün İmam Hüseynin (ə) qızı Səkinə xanım röya aləmində başını əli ilə tutmuş bir nəcib xanımı görür. Bu hadisə, çox mötəbər mənbələrdə təsdiqini tapmışdır. Balaca Səkinə xanım xəbər alır ki, bu nurani xanım kimdir? Cavab verirlər ki, Həzrət Muhəmmədin (s) qızı və atan İmam Hüseynin (ə) anası - Həzrət Fatimədir (s.ə).

Səkinə xanım nəql edir ki, dedim, and olsun Allaha, onun yanına gedəcəyəm. Bizə olunan zülmləri ona söyləyəcəyəm. Sonra tələsə-tələsə onun yanına getdim, ona çatdım və qarşısında durdum, ağladım və söylədim: "Anacan, Allaha and olsun, bizim haqqımızı inkar etdilər və cəmimizi dağıtdılar və hörmətimizi batil etdilər...".

Bunu söyləyəndən sonra Səkinə xanın deyir ki, söylədim, and olsun Allaha, anacan, atam Hüseyni (ə) qətlə yetirdilər...

Səkinə xanım deyir ki, röyada gördüm Həzrət Zəhra (s.ə) buyurur: "Səkinə, canım, daha demə, çünki, ürəyimi parçalayırsan və ciyərimə od qoyursan. Mənim səni eşitməyə taqətim yoxdur. Bu, atan Hüseynin (ə) köynəyidir. Bu köynək məndən ayrılmayacaq o zamana qədər ki, Allahın dərgahında məhşur olacağam...".

Bəli, İmam Hüseyn (ə) öz qanı ilə, öz vücudunun qurbanı ilə biganə insanları hərəkətə gətirdi, ümməti diriltdi. İmam Hüseyn (ə) öz qanı ilə "Lə iləhə illəllah, Muhəmmədən rasulullah"ı sığortaladı, dirçəltdi. Məhv olunmağa qoymadı.

Həmd olsun Allaha ki, ümmət də, o cümlədən xalqımız da İmam Hüseynin (ə) o qanının qiymətini, dəyərini bilir. Xalqımızın başına nələr gətirmədilər, nələri təbliğ etmədilər. Amma xalqımız öz tarixinin heç bir mərhələsində İmam Hüseynin (ə) əzadarlığından qafil olmadı, hər zaman Aşura məktəbini yaşatdı. Bu gün də bütün dünyada olduğu kimi, xalqımız da İmam Hüseyn (ə) üçün əzasını saxlayır və bu halı ilə fəxr edir.

Allahım, bizləri Aşura məktəbindən dərs götürənlərdən, bu məktəbi yaşadanlardan qərar ver!

Allahım, bütün möminləri həqiqi əzadar və müntəzirlərdən qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR