Röyanın içkili obrazı, Türkiyədə bizi biabır edən qızlarımız - "Maqazin Klubu"

Röyanın içkili obrazı, Türkiyədə bizi biabır edən qızlarımız - "Maqazin Klubu"
12:06 14 Oktyabr 2016
203 Şou
Ölkə mətbuatı
A- A+

Bu dəfə yeni mövsümün başlanğıcında baş verən şou hadisələrini müzakirə etdik.

Əvvəlki illərə nisbətən daha sakit və hadisəsiz keçən bir ayda nələr baş verdi? Zəhra Əhmədova, Elvin Elxan və mən – Pərviz Sadıqov baş verənlər haqqında fikirlərimizi söyləməklə yanaşı oxuculara bəlli olmayan bəzi xəbərləri də onların diqqətinə çatdırmağa çalışdıq.

Yeni mövsümün başlanğıcı ən çox televiziyada hiss etmək mümkündür. Bir-biri ilə rəqabətə girən aparıcılar, proqramlar və fərqlənmək cəhdləri... Məsələn, elə Yusif Ağayevin aparıcılıq etdiyi “Ondan sonra” proqramı kimi.

Pərviz:
- Bu proqram ikinci mövsümünə başladı. Və başlayan kimi bizim “Maqazin Klubu” formatlı bir buraxılış etdi və hər həftə bunu təkrarladılar. Uğurlar arzu edirəm. Ümid edirəm, diqqət çəkə bilərlər.

Zəhra:
- Hətta ilk buraxılışda bizim müzakirə etdiyimiz müzakirədən və dediklərimizdən də bir qədər istifadə etmişdilər.

Elvin:
- İstənilən halda layihənin Azərbaycandakı ilkinin kimə məxsus olduğunu xatırlatmalı idilər.

“W-TRİO” QALMAQALI YENİDƏN GÜNDƏMDƏ

Zəhra:
- “W-trio”çular arasında qalmaqalı keçən mövsüm Röya yaratmışdı. O, digər həmkarlarına “Çuşka” deməklə uzunmüddətli mübahisənin təməlini qoyub. Bu yaxınlarda isə müğənni Elnarə “W-trio” qrupu haqda danışaraq yenidən qarşıdurma yaratdı və məncə Röya haqda dedikləri ilə ondan “çuşka” sözünün qisasını aldı.

Elvin:
- Bu mövzu bir qədər unudulmuşdu, amma yenidən alovlandı. Şou-biznesə yaxın olduğumuz üçün biz də eşidirik baş verənləri. Elnarənin “Məndən başqa o qrupda musiqi savadı olan yox idi” açıqlaması çoxlarını qıcıqlandırıb.



Zəhra:
- Elnarə deyir ki, mən onlara notla oxumağı öyrətdim. Röyanın isə ümumiyyətlə bek-vokal oxuya bilmədiyini, bek-vokal oxumağın istedad tələb etdiyini vurğuladı.

Pərviz:
- Elnarənin dediklərinə nə qədər qıcıq olsalar da, haqlı olduğunu düşünüblər ki, heç kim ona cavab vermədi.

Elvin:
- Verilişdə  aparıcının sualı da səhv idi. Elnarəyə deyir ki, “Sizdən başqa digər qızlar –Natavan və Röya Aygün Kazımovanın bek-vokalçısı olduğu sualına qıcıq olurlar”. Amma mən razı deyiləm. Röya da, Natavan da dəfələrlə bu barədə danışıblar.

Pərviz:
- Sadəcə, Elnarə bunu daha çox vurğulayır deyə, dedikləri daha çox yadda qalır.

Elvin:
- Elnarə Aygün Kazımovaya qarşı çox yumşaq davranır.

Pərviz:
- O, əvvəldən Aygün Kazımovanı sevdiyini etiraf edir. Digərləri kimi, bir gün barışıb, bir gün küsməyib.

Elvin:
- Yada salaq, illər əvvəl “Nömrə 1” şousunda Natavan Aygünə qalib gələndə Elnarə sevincində dekorasiyanı dağıtmışdı. Hazırda isə Elnarənin zövqü də, hiti də yoxdu. Axır vaxtlar isə tamamilə seçilmir.

Pərviz:
- Son zamanları deyirsənsə, razıyam. Amma onun əvvəllər çox hit mahnısı olub. Elnarənin intellektinin və danışıq qabiliyyətinin digərlərindən daha üstün olduğunu düşünürəm.

Zəhra:
- Biz gözləyirdik ki, Elnarə ailə qurandan sonra daha sanballı mahnılar oxuyar. Amma tam əksinə oldu, oxuduğu mahnılar onun indiki statusuna yaraşmır.

GÜNAY MUSAYEVA “SÜNNƏT ETDİRƏCƏYƏM” DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTMUŞDU?

Pərviz:
- Son ayın mediadakı ən qalmaqallı xəbəri Günay Musayevanın “Beyruta gedib sünnət olunacam” açıqlaması idi. Sonra isə tənqidlərdən qorxduğu üçün dediklərini təkzib etmək istədi.

Zəhra:
- Mən Günaydan açıqlama alanda onunla tamam başqa şeydən danışırdıq. Səmimi söhbət edirdik, çünki uzun illərin tanışıyıq. Dedi ki, plastik əməliyyat etdirəcəyəm. Nə olduğunu soruşanda isə, estetik görünüş üçün qadın sünnəti olunacağını dedi. Tam ciddi söhbət edirdik. Onun sonradan dediyi kimi, ortada zarafat da yox idi. Hətta əlavə etdi ki, “bunu elə yaz ki, çox üstümə gəlməsinlər, insanlar tənqid edəcək yoxsa...” Yazını təqdim etdikdən iki gün sonra Beyrutdan mənə zəng edib dedi ki, “Bakıda xəbəri partlatmışam deyəsən. Rusiyadan, Türkiyədən mənə zənglər gəlir. Hər kəs nə baş verdiyi ilə maraqlanır. Bir azdan İnstaqramda bu barədə yazacağam. İzləyin”. Fikirləşdim ki, yəqin əməliyyatdan sonrakı vəziyyət barədə yazacaq. Çünki səsi də çox pis gəlirdi. Amma oxuyanda məlum oldu ki, dediklərini başqa cür qələmə verməyə çalışır. Yenidən əlaqə saxladım ki, “Sən məni bu açıqlamanla yalançı çıxarırsan”. Yalvardı ki, “Məni başa düş, mən buna məcburam. Yoxsa insanlar söyür, zənglər dayanmır”. Təbii ki, xəbəri vermədim. Heç yayılmadı da... Onun “sünnət etdirəcəm” açıqlamasının səs yazması da hələ məndədir.

Elvin:
- Günay Musayeva hər zaman qalmaqalla gündəmdə olmağı sevir. O, nəyi isə səhv salıb.  Qadın sünnəti dünyanın qarşı olduğu bir şeydir. Hollivud ulduzları bəzi Afrika ölkələrində olan qadın sünnətinə qarşı dəfələrlə çıxış ediblər. Günayın dediyinin adı başqadır, bu estetik əməliyyat sayılır.

Pərviz:
- Günay Türkiyədə də qalmaqallı həyatı, Tolqa Karellə evliliyi və boşanması ilə məşhurlaşdı. Nəzər nöqtəsində olmaq üçün hər şey edir.

XƏZƏR TV-NİN UĞURSUZ YENİ SİMASI...
"SEVİL VƏ SEVİNC BACILARININ PROQRAMI BAĞLANA BİLƏR"

Pərviz:
- Yeni mövsümə televiziyalar arasında Xəzər TV yeniliklərlə başladı. Tamam başqa heyət, yeni aparıcılıq, yeni dizayn, yeni bina, yeni rəhbər işçilər... Bu, illər əvvəl Lider TV-nin “Biz sizə göstərərik” sloqanıyla gəlişini xatırladır. “Lider də o vaxt uğursuzluqla bitirmişdi layihəsini.  “Xəzər”in indiki efirində kifayət qədər texniki qüsurlar var. Diqqət edək ki, ən çox baxılan proqramı yenə də keçən mövsümdən davam edən, Sevil və Sevinc bacılarının aparıcılıq etdiyi “Hər şey daxil”dir. Telekanal diqqət çəkmək üçün peşəkarlığa yox, bir qədər ucuz şoulara əl atır. Məsələn, açılış gecəsində Nəsib Nurun proqramında Röyanın içkili vəziyyətini yada salaq. Nə qədər yaddaqalan olsa da, bu, uğurlu yaddaqalma deyil, peşəkarlıqdan uzaqdır. Röya sonradan açıqlama verərək, guya həmin gecə Merilin Monro obrazında olduğunu dedi. Amma məncə o, Merilinin obrazında yox, XIX əsrin İspan Maxalarının obrazına daha çox bənzəyirdi.

Elvin:
- Ya da “Malena”ya...

Zəhra:
- Ümumiyyətlə, Röyanın Merilin obrazında olmasına heç kim inanmadı. Sosial mediada hamı onun bu açıqlamanı vəziyyəti düzəltmək üçün verdiyini başa düşdü.



Elvin:
- Məndə olan məlumata görə, Xəzər TV Sevil və Sevinc bacılarının aparıcılığından razı deyil. Əsas da göstərilir ki, onlar efir etikasını pozurlar. Lakin sırf reytinq xatirinə veriliş saxlanılıb. Deyilənlərə görə, proqram 1-2 aya bağalanacaq.

Pərviz:
- Düşünürəm ki, Sevil və Sevinc Səfərova bacıları bəlkə də özləri oradakı indiki şəraitə dözmək istəmirlər.

“NƏSİB RÖYANIN QOLLARINDAN TUTUB ONU STUDİYADA HƏRLƏYİRDİ”

Elvin:
- Ümumilikdə götürsək, yeni “Xəzər TV-ni qətiyyən bəyənmədim. Sadəcə, bir qədər Nəsib Nurun verilişində hiss olunur ki, əziyyət var.

Zəhra:
- Nəsib Nurun aparıcılığını bəyənirəm. Amma ilk verilişdəki səs-küydən sonra digər proqramlar heç mediada müzakirəyə səbəb olmadı.

Pərviz:
- Nəsib Nur uzun illər özünü TV-də göstərib. Yeni proqramını isə uğurlu saymıram. Pafos çoxdur, o gurultu, parıltı, səs-küy tamaşaçı üçün darıxdırıcıdır. Rejissor və operator işində həddən artıq kobud səhvlər gözə çarpır. Efirə düşməsi doğru olmayan anlar da yayımlanır.

"AZAD QADIN MƏMURDAN ASILI OLMAZ"

Elvin:
- Röyaya gəlincə isə, o, iki dəfə böyük canlı efirdə belə pis vəziyyətə düşüb. Birinci dəfə Mətanət Əliverdiyevanın proqramında idi. Orada da ətəyini qaldırırdı, efirə uyğun olmayan hərəkətlər edirdi. O gün isə yazıb ki, “Mən azad qadın obrazında idim”. Azad qadın obrazı nə vaxtdan sərxoş, ayaqüstə  qala bilməyən, danışığını bilməyən qadın olub? Azad qadın məmurdan asılı olan qadın deyil. Röya sevgilisindən cəmi bir neçə aylıq ayrılmışdı, bütün işləri dayanmışdı. Azad qadın idisə, dik durmağı bacarardı.

Zəhra:
- Bu, obraz idisə, Nəsib Nur niyə o qədər həyəcanlı idi? Onun arxasıyca düşmüşdü ki, Röya nəsə etməsin. Röyanın qollarından tuta-tuta onu studiyada hərləyirdi.

“RÖYA AYGÜNÜN UĞURSUZ TƏKRARIDIR”

Pərviz:
- Çoxu deyir ki, “Röyanı belə qəbul etmişik”. Nə zaman? Niyə və kim qəbul edib? Röyanın bu obrazı Aygün Kazımovanın obrazını xatırladır. Aygün “Yaşıl teatr”dakı konsertindəki obrazlardan birində tənha, sərxoş qadını canlandırmışdı. Eləcə də bəzi proqramlarda Aygün gözlənilməz hərəkətləri ilə seçilir. Amma O, kənardan heç bu qədər anlamsız görünməyib indiyə kimi. Sərhəddini və həddini bilib. Röya Aygünün bu obrazının uğursuz təkrarıdır.

Elvin:
- Röyanı əməkdar artist olandan sonra bəyənmirəm. O gün İnstaqramda onu sevməyənləri “Qarışqalar” adlandırıb. Bir şeyi də əlavə edim ki, eşitdiyimə görə, Röyanın efirdəki içkili vəziyyətindən sonra Aygün Kazımova çox sevinib. Hətta dost-tanışına mesaj göndərib ki, “Röya biabır oldu”.



“5-Cİ ELEMENT”İN UĞURSUZ APARICI DƏYİŞİKLİYİ

Pərviz:
- Ötən müzakirələrimizdən birində keçən mövsümün ən uğurlu proqramı kimi “5-ci element”i seçmişdik. Bu həftə yeni mövsüm başladı, amma aparıcı dəyişikliyindən sonra keçən ilki uğuru təkrarlayacaqlarında şübhəliyəm. Çünki heyətdə hamısı tanınmış aparıcılar idi, Rüfətin yerinə tamaşaçıya hələ yaxşı bələd olmayan sima gətirmək böyük riskdir.

Elvin:
- Rüfət digərləri qədər illərin jurnalisti olmasa da, ən azından təcrübəsi az deyildi. Təvazökar aparıcı idi və saytlara ondan xəbər yazsınlar deyə, yalvaran aparıcılardan deyildi. Məncə, yeni mövsümün ən uğurlu proqramı ARB TV-də Zümrüd Qasımovanın “Gəlin danışaq” layihəsidir. ARB TV çox yaxşı başlayıb mövsümə.

Zəhra:
- Məncə də yeni mövsümdə ciddi şəkildə fərqlənən telekanal ARB TV-dir.

Pərviz:
- Razıyam, buna əsl dəyişiklik demək olar. Telekanal çoxlu aparıcı əlavə etdi, adını yenilədi və bu, özünü keyfiyyətdə də göstərir.

“AZƏRBAYCANLI QIZLAR BİZİ TÜRKİYƏDƏ BİABIR EDİRLƏR”

Pərviz:
- Son vaxtlar yəqin ki, Türkiyədə evlilik proqramlarına qatılan azərbaycanlı qızları görürsünüz. Çox aşağı səviyyəli danışıq tərzləri, savadsızlıqları və yersiz ucuz şouları ilə özlərinə qarşı ikrah yaradırlar. Bir sözlə, bizi orada biabır edirlər.

Elvin:
- Mən evlilik proqramlarına qarşı deyiləm. Amma Türkiyədəki verilişlər çox süni və yersizdirlər. Azərbaycanda haranın əxlaqsızı varsa, o proqrama çıxır.

Zəhra:
- Bir azərbaycanlı qız vardı. Ona elçi gələn oğlan bir gündən sonra dedi ki, “Bizim həyat tərzimiz uyğun gəlmir". Qız verilişdə "mən düzünü danışacam" dedi. Məlum oldu ki, oğlan onun İnstaqramına baxandan sonra fikrindən daşınıb. Biz də baxdıq həmin qızın profilinə, biabırçılıq idi. Elə ondan əvvəlki qızlar da çoxu belə idi.

“BRİLLİANT DADAŞOVA VƏ ABBAS BAĞIROV TOYLARDA DİGƏR MÜĞƏNNİLƏRƏ MANE OLURLAR”

Elvin:
- Şou-biznesdə son günlər müzakirə edilən məsələlərdən biri də toylarda mikrofon davasıdır. Bütün sənətçilərin şikayət etdiyi iki insan var - Brilliant Dadaşova və Abbas Bağırov. Toylarda bir neçə müğənni oxuyursa, onların sıralaması olur. Hərəsinin öz vaxtı və çıxış müddəti əvvəlcədən planlaşdırılır. Brilliant Dadadaşova və Abbas Bağırov toy aparırsa, bu sıra pozulur, şadlıq saraylarında tıxac yaranır. Bu iki sənətçi öz toylarında başqa müğənni istəmirlər.

Zəhra:
- Elton bugünlərdə açıqlama vermişdi ki, toyda nə qədər gözləməli oluram ki, Brilliant Dadaşova mikrofonu mənə versin. Bilərəkdən yubadırlar. Bu gün hər hansı bir ailə Brilliant xanımdan toyunda iki mahnını əlavə oxumasını istəsə, heç razılaşmaz. Amma Eltona acıq vermək üçün 40 dəqiqə toyda artıq oxuyur. Sonra da efirdə gənclərə dəstəkdən danışırlar.

Pərviz:
- Bizim müğənnilər arasında o səmimiyyət, dəstək onsuz da yoxdur. Nə vaxtsa olacağına da inanmıram.

“GÜNAY BAŞQALARI KİMİ EVLİ KİŞİLƏRLƏ SEVGİLİ OLMUR”

Pərviz:
- Günay İbrahimli əvvəllər daha çox mahnıları ilə gündəmdə olurdu, şəxsi həyatı arxa planda idi. Son zamanlar isə sevgilisi ilə daha çox müzakirə edilir.

Zəhra:
- Normal qəbul edirəm. Cəsarətlidir, sevgilisini gizlətmir. Subay qızdır, sevgilisi də subay oğlandır. Başqaları kimi gedib evli kişilərlə münasibət qurmur.

Elvin:
- Günay indi də mahnı oxuyur, klip çəkdirir. Sadəcə, indi əvvəlkindən daha məşhurdur deyə hər addımı daha çox diqqət çəkir.



Pərviz:
- İnstaqramda son funksiyalardan biri şərhləri bağlamaqdır. Bu da məşhurların köməyinə çatır. İstədiklərini yazıb paylaşırlar, heç kim də rəy bildirə bilmir. Bunlar elə başa düşürlər ki, istədiklərini deyə bilərlər. Amma başa düşmürlər ki, media da var. Hansısa yazdıqlarını xəbər edəndə dərhal zəng vururlar ki, silin. Dediklərinizdə, yazdıqlarınızda bütöv və məsuliyyətli olun ki, sonradan nə yazdım, kimsə məni təhqir etdi dərdi çəkməyin.

Zəhra:
- Müğənnilər haqda yaxşı xəbər yazanda əksəriyyəti heç təşəkkür də etmir. Bir mənfi çalarlı xəbər olan kimi zəng vururlar...

“ELNARƏ ABDULLAYEVA ŞOU-BİZNESDƏ ƏN QEYRİ-SƏMİMİ QADINDIR”

Elvin:
- Ümumilikdə, bir qədər haşiyəyə çıxıb deyim ki, şou-biznesi korlayan iki amil olub - Rəqsanənin açıqlamaları və “SOY Production”. Rəqsanə gündəmdə qalsın deyə “müğənnilərin sponsorları həm də sevgililəridir" açıqlamasını verdi. Ondan sonra müğənnilər barədə şayiələri yığışdırmaq mümkün olmadı. Çoxları müğənnilərə potensial əxlaqsız qadın kimi baxır. “SOY Production” isə şou-biznesə qeybəti, ər-arvad mövzularını, şayiələri gətirdi. Bütün verilişləri bunların üzərində qurulub.

Zəhra:
- Məşhurların əksəriyyətinin özünün də günahı var. Məsələn, heç kim Elnarə Abdullayeva haqda mənfi bir şey söyləmir.

Pərviz:
- Elnarə Abdullayeva çox pafoslu və səmimiyyətdən uzaq müğənnidir. Onun açıqlamaları sadəcə kütlə üçündür. İnsan necə deyə bilər ki, “Oğluma müğənni qız almaram” və yaxud “Bizim nəsildə ikinci dəfə ərə getmək yoxdur”. İkinci dəfə ərə getmək pozğunluqdur, yoxsa belə ayıb bir şeydir? Elnarə xanım sənət və şou aləmində ən qeyri-səmimi qadınlardandır.

Elvin:
- Bir müddət əvvəl aktrisa Kəmalə Müzəffər də “10-dan sonra” proqramında aparıcı ilə mübahisə etdi. Məncə Yusifin orada “qadın evə gec gəlməməlidir” deməsi doğru deyildi. Kəmalə xanım da cavabını verdi.

MÖVSÜMÜN POZİTİV HADİSƏLƏRİ

Pərviz:
- Yeni mövsümün əvvəli sizin üçün nə ilə yadda qaldı?

Zəhra:
- Ciddi bir uğur, pozitiv hadisə görmürəm.

Elvin:
- Məncə Röyanın “Son sözüm”, Miri Yusifin isə “Ad günüm” mahnısı yeni mövsümün ilk hitləridir.

Pərviz:
- “Son sözüm”lə bağlı onu əlavə edim ki, mahnı Röyanın ifasında məşhurlaşsa da, Sevda Yahyayeva onu daha peşəkar oxuyub.

Elvin:
- Texniki cəhətdən razıyam, amma Röya daha ürəkdən oxuyub.

Zəhra:
- Mahnıların ikinci ifasından söz düşmüşkən, Sevil və Sevinc bacıları Zamiqin bir vaxtlar oxuduğu “Son öpüş” adlı mahnısını daha yaxşı oxudular.

Pərviz:
- Yeni mövsümün şou-biznesindəki maraqlı hadisəsi kimi Faiq Ağayevin illər sonra solo konsertə hazırlaşmasıdır. Eləcə də Röya sarayda konsert verəcək.

Zəhra:
- Röya deyir ki, bu mənim əməkdar artist kimi ilk böyük konsertimdir deyə, daha məsuliyyətliyəm.

Elvin:
- Hər iki müğənniyə uğurlar...

Gündəm xatirinə edilən qalmaqalların üzərində durmadan mövzunu yekunlaşdırırıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. “Maqazin Klubu” olaraq yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Şərhlərimizdə isə qərəzdən yayınmağa çalışmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov
Söhbət etdi: P.Sadıqov, Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)
Fotolar: Nuran MƏMMƏDOV
İnstaqram: @maqazin_klubu


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR