Mosulun xilası üçün əməliyyatlar davam edir. 12 kəndin
İŞİD-dən azad olunduğu deyilir. Ekspertlər isə Mosul əməliyyatını
dünya müharibəsi ilə müqayisə edirlər.
Publika.az xəbər verir ki, İraq xüsusi
təyinatlıları, peşmərgə gücləri və ABŞ-ın rəhbərliyi altında 35
ölkənin qatıldığı əməliyyatda 30 min əsgər iştirak edir. Mosuldakı
cəmi 4-5 min arası İŞİD üzvünün məhv edilməsi üçün Avropanın ən
böyük təyyarə gəmisi olan “Charles de Gaulle” Cənubi Kipr
sahillərinə gələrək lövbər atıb.
Bununla yanaşı, Mosulun 40 kilometr şərqindəki Hazır cəbhəsində
yerləşən Zerdek Dağında çoxsaylı amerikalı əsgərlər var. ABŞ
əsgərləri Mosula doğru hücuma keçib. Mosul ətrafını ağır toplarla
atəşə tutublar. Həmçinin, pilotsuz təyyarələr də Mosulun üzərində
uçuşurlar.
4-5 min terrorçuya qarşı bu qədər gücün sərf edilməsi diqqət çəkir.
Ekspertlər hesab edirlər ki, əslində bu, böyük güclərin gələcəkdə
bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.
İŞİD dünən gün ərzində iki terror aktı törədib. Nəticədə, 70-dən
çox iraqlı əsgər ölüb, onlarla insan yaralanıb. Terror təşkilatı
nefti xəndəklərə dolduraraq yandırıblar. Məqsəd havadan nəzarətin
qarşısını almaqdır. Həmçinin, İŞİD-in küçə döyüşlərinə hazırlaşdığı
da bildirilir.
Məlumatlara görə, hazırda Suriya və İraqda İŞİD-lə mübarizədə 64
ölkə iştirak edir.
Asif