Prezident Ağstafada bir sıra obyektlərin açılışını edib - FOTOLENT

Prezident Ağstafada bir sıra obyektlərin açılışını edib  - FOTOLENT
15:34 19 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, prezident İlham Əliyev əvvəlcə “Saloğlu” mebel fabrikinin məhsullarına baxıb, müəssisənin yeni layihələri ilə tanış olub.

 

Daha sonra prezident “Modern” mebel fabrikini işə salıb.

 

Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verilib. Bildirilib ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.

 

Fabrikin məhsulları keyfiyyəti ilə seçilir, ölkəmizdə və xaricdə böyük maraqla qarşılanır. Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Ağstafa rayonu deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verir.

 

Sonra Prezident İlham Əliyevə “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabriki barədə məlumat verilib. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.

 

Prezident İlham Əliyev oktyabrın 19-da Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

 

Daha sonra prezident İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

 

Dövlət başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış olub. 

 

Azərbaycan Prezidentinə məlumat verilib ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.

 

Prezident İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində də  iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.

Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verilib.

 

Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoyub. Dövlət başçısı burada hazır məhsul anbarına da baxıb. Prezidentə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olunub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

 

Dövlət başçısı müəssisələrin və istixana kompleksinin açılışını edib.

 

Prezident İlham Əliyev yeni müəssisələrlə tanış olub.

 

Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

 

****

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

 

Daha sonra prezidenti İlham Əliyev Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

 

Bildirilib ki, Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

 

Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır.

 

Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə “Saloğlu” mebel və “Akkord” tikiş fabriklərinin sərgi salonları açılıb.

 

Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR