Bakının Qarabağda “qırmızı xətti”, yüzillik döyüşlərin ayaq səsləri... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
·191 baxış·10 dəq oxu
Azərbaycan Prezidenti İlham Əliyev “Sputnik”
agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı bir sıra məqamlara toxunub. Ermənistan KİV-i Qarabağ
mövzusunda Ankara ilə Moskva arasında müəyyən razılığın əldə
olunduğunu iddia edir. Dünyanın çoxdan gözlədiyi Mosul əməliyyatı
oktyabrın 18-də başlandı. Qərb-Rusiya gərginliyi davam
edir. Ukrayna böhranına görə Qərbin ağır sanksiyaları altında olan
Rusiya Suriya münaqişəsinə görə əlavə sanksiyalarla üzləşə
bilər.
Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ
muxtar respublika ola bilər”
Dövlət başçısının sözlərinə görə, keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti
ilə münaqişənin həlli mümkündür.
Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü
məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq
Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi
bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində
kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq
Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq
kompromisə gedə bilmərik”.
İlham Əliyevin sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerrinin
bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha
göstərir. “Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son
açıqlaması diplomatik insidentdir”, - Azərbaycan prezidenti
söyləyib.
Prezident qeyd edib ki, Azərbaycanın gələcəkdə Avrasiya
İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək
olmaz. “Biz hələ baxmalıyıq ki, hansı tendensiyalar
müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora
çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin
hazırkı mərhələni məni bu cür xarakterizə edərdim”.
Venesuela Prezidenti Azərbaycana gəldi
Venesuela Prezidenti Nikolas Madura Azərbaycana
səfərə gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi
şəxslərlə görüşdü. Görüşdə iki ölkə arasındakı münasibətlər,
işgüzar əlaqələr müzakirə edildi, bir sıra önəmli müqavilələr
imzalandı.
Ərdoğan və Putin Qarabağ üçün razılaşdı – Ankaranın
ŞƏRTLƏRİ
Erməni politoloqu Manvel Sarkisyanın iddiasına görə,
Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni
məsələsi gündəmə gəlməli idi və Türkiyənin irəli sürdüyü tələb
Rusiya tərəfindən qəbul edilib. “Ankara 5 rayonun
Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib.
Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli
sürüb. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə
razılaşıb”, - politoloq deyib.
Qondarma “DQR”-in keçmiş “XİN rəhbəri” Arman
Melikyan isə bu fikirdədir ki, İrəvan ərazilərin qaytarılmasına
imza atıb: “Bizim könüllü şəkildə qəbul etdiyimiz
Madrid prinsipləri yalnız bir variantı özündə ehtiva edir. Bu da
ərazilərin qaytarılmasıdır. Biz bu sənədi imzalamışıq”.
Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya mediasına
müsahibə verməsi də Ermənistanda ciddi rezonans
yaradıb. Ermənistan mediası bunu Serj Sarkisyanın
alçaldılması kimi şərh ediblər. “KTMT-nin İrəvan sammitində Serj
Sarkisyanı lağa qoydular, Rusiya mediası isə İlham Əliyevi şərəfə
layiq gördü”, - deyə “1in.am” saytı yazıb.
Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Pyer
Andriunu Stefan Viskonti əvəzləyib.
Oktyabrın 18-i erkən saatlarından İraqın Mosul
şəhərinin İŞİD terrorçulardan azad edilməsi üzrə əməliyyat
başlanıb. Müxtəlif məlumatlara görə, 1,5 milyonluq
şəhərdə 4 mindən 8 minə qədər İŞİD döyüşçüsü var. İraq hakimiyyəti
və ABŞ müvəffəqiyyətdən şübhələnmir. “Böyük qələbə anı yaxındır” –
İraqın baş naziri Heydər əl-Abadi deyib.
Ekspertlər isə əməliyyatın perspektivləri ilə bağlı o
qədər də optimist deyillər. Onlarda qorxular var ki, Mosul
Suriyanın Hələb şəhərinin taleyini yaşayacaq, döyüşlər faktiki
olaraq humanitar faciəyə gətirib çıxaracaq. Qızıl Xaş Komitəsi və
BMT yüz minlərlə qaçqın üçün düşərgələr və sığınacaqlar açaraq
əlverişsiz hadisələrin inkişafına hazırlaşır.
İŞİD lideri Əbubəkr Bağdadinin isə harada olduğu bilinmir. Lakin
Etibarlı mənbədən “Sputnik” agentliyinə verilən məlumata görə, İŞİD
lideri Mosul əməliyyatın başlanmasından az öncə şəhəri tərk edib.
Təşkilat liderinin Suriyaya keçdiyi təxmin edilir.
Digər bir məlumata görə, Mosuldakı "İslam polisi" Əbu Bəkr
əl-Bağdadiyə qarşı "üsyan" edib. "İŞİD liderinə qarşı çevriliş"in
başında Mosul sakini Əbu Osmanın durduğu bildirilir. "Üsyançılar"
Mosulda əl-Bağdadi hakimiyyətinin başa çatdığını bəyan ediblər.
Sünni əhalinin üstünlük təşkil etdiyi İraqın Mosul
şəhərində məzhəb döyüşləri baş verə bilər. İraqın
dini liderlərdən olan Kays Gəzali Mosul döyüşündə İmam Hüseynin
intiqamını alacaqlarını deyib. Türkiyə isə xəbərdarlıq edib ki, şiə
gücləri Mosula girəcəyi halda, bölgədə yüzillik məzhəb döyüşləri
başlaya bilər.
Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş
söyləyib ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatından üçüncü
qüvvələr yeni müharibəyə başlama bəhanəsi kimi istifadə etsələr,
bu, Üçüncü Dünya müharibəsinə səbəb olacaq.
Ekspertlər hesab edirlər ki, İraqda baş verənlər böyük güclərin
gələcəkdə bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.
ABŞ rəhbərliyindən yüksək vəzifəli bir səlahiyyətli
AFP agentliyinə açıqlamasında İraqda ən pis ssenarini açıqlayıb.
Amerikalı səlahiyyətliAnkara və Bağdadın döyüş meydanında
üz-üzə gələ biləcəyini deyib.
Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa cəhd
edən ABŞ mövqeyində redaktə edib. Ankaraya səfər edən
ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyənin Mosul əməliyyatında
iştirak etməli olduğunu deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli
Yıldırım və müdafiə naziri Fikri İşıkla görüşən amerikalı qonaq
Türkiyənin güclü bir müttəfiq olaraq qalacağını bildirib. Daha
əvvəl Ağ Evdən verilən açıqlamada Mosul əməliyyatında kimin iştirak
edəcəyinə dair qərarın Bağdad tərəfindən verildiyi
bildirilmişdi.
Türkiyə mediasının yazdığına görə, Ankara Mosul
əməliyyatları üçün hava bazalarından istifadəyə icazə
verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada
keçirilən mətbuat konfransında deyib ki, İŞİD terror qruplaşmasının
döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçə
biləcəyi ilə bağlı risk mövcuddur.
“Ən azından bir dəhliz qalıb. İŞİD döyüşçüləri bu dəhlizlə
Mosuldan Suriyaya keçə bilər. Bu halda Suriyada İŞİD-in əlavə
kontingentləri çıxacaq, Biz, əlbəttə ki, vəziyyəti
qiymətləndirəcəyik və həm siyasi, həm də hərbi qərarlar qəbul
edəcəyik. Mənim bildiyim qədər, Mosul şəhəri tamamilə mühasirəyə
alınmayıb. Bilmirəm, hansı səbəbdən ola bilər, sadəcə
bacarmayıblar”, - Lavrov bildirib.
Qeyd edək ki, eyni narahatlığı bu gün “Milliyyət” nəşrinin
yazarı Serpil Çevikcan da ifadə edib.
İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi
əməliyyatı İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri
üçün “tam faciə” ilə başa çata bilər. Bu
xəbərdarlıqla “The National Interest” nəşrində istefada
olan polkovnik Deniel Devis yazıb.
Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2
milyon insan öləcək
ABŞ isə İŞİD-in Mosul şəhərində kimyəvi silahdan
istifadə edə biləcəyi barədə xəbərdarlıq edib. Eyni xəbərdarlığı
Türkiyənin “Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi
səsləndirib.
Onun sözlərinə görə, İŞİD Mosulda II Dünya Müharibəsi zamanı
Hitlerin istifadə etdiyi zəhərli sarin qazından istifadə edə
bilər.
Abdülkadir Selvi İŞİD-in əlində kimyəvi silahların olduğunu deyib
“Məlumatlara görə, İŞİD bu silahları bir müddət öncə Suriyadan
Mosula gətirib. Terror təşkilatının əlində sarin tərkibli kimyəvi
qaz bombalarının olduğu iddiaları var. Öldürücü təsiri yüksək olan
bu qaz bombaları daha əvvəl Hitler tərəfindən istifadə olunub”.
Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan
savaşın PƏRDƏARXASI – VİDEO
İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından
azad edilməsinə Qərbin göstərdiyi maraq əslində buradakı zəngin
neft və təbii qaz ehtiyatlarından qaynaqlanır.
Bunu Türkiyənin “Yeni Şafak” nəşrində Arzu Kurum yazıb.
Onun sözlərinə görə, baş verənlər əslində neft döyüşüdür.
Türkiyənin təxminən 100 il əvvəl tərk etdiyi torpaqlar arasında ən
qiymətli olaraq tanınan Mosulun bu gün yenidən böyük bir mübarizə
meydanına çevrildiyini qeyd edən yazar Mosul və Kərkükdə enerji
ehtiyatlarının pulla ekvivalentinin 4 trilyon dolları keçdiyini
bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücum
strategiyasını elan edərək oktyabrın 19-da “Misaki Milli”ni növbəti
dəfə gündəmə gətirib. “Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin
məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı
keçmişimizi bizə unutdurmaqdır”,- Ərdoğan deyib.
Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini
gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar
keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını
itirdiyini söyləyib.
ABŞ-ın dövlət katibi Con Kerri isə Suriya
məsələsində müzakirələrdən əyani addımlara keçməyin lazım olduğunu
deyib. Dövlət katibi həmçinin bildirib ki, yaxın bir
neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların
tətbiqi barədə qərar qəbul edilə bilər.
"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident
Obama da müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın
bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək", - deyə C.Kerri
bildirib.
Avropa Şurasının Prezidenti Donald Tusk söyləyib ki,
Avropa Birliyi Rusiya və Əsəd rejiminin Hələbdəki fəaliyyətinə son
qoymaq üçün bütün variantları nəzərdən keçirir. Onun
sözlərinə görə, Avropa Birliyi Hələbdəki vəhşiliyin
dayandırılmasını tələb edir. Qeyd edək ki, dünən Brüsseldə Avropa
Birliyi liderlərinin sammiti keçirilib. Görüşdə Rusiyanın
Suriyadakı fəaliyyəti müzakirə edilib.
“ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər.
Məhdudiyyətlər Suriyanın Hələb şəhərinin bombalanmasında günahkar
olan Rusiya şirkətləri və yüksək vəzifəli şəxslərə aid
olacaq”. Bunu Ratqers Universitetinin (ABŞ-ın
Nyu-Cersi ştatı) politologiya üzrə professoru Aleksandr Motıl
bildirib. Onun sözlərinə görə, Qərbin sanksiyaları siyasi və
iqtisadi elitaya qarşı yönəlməlidir.
Çexiyada Rusiya təbliğatı ilə mübarizə aparmaq üçün
xüsusi qrup yaradılıb.
Çexiyanın daxili işlər naziri Milan Xovanetsin sözlərinə görə,
yaradılan yeni qrup 20 nəfərdən ibarət olacaq: “Bu qrupun işçiləri
ictimaiyyət arasında yayılan dezinformasiyalar üzərində
çalışacaqlar. Onlar həmçinin digər məmurlara da bu təbliğatla savaş
vasitələrini öyrədəcəklər. Bu şəxslər Rusiya təbliğatına qarşı
sosial şəbəkələr və digər kommunikasiya vasitələri ilə mübarizə
aparacaqlar”.
Rusiya və Suriya oktyabrın 19-da Hələbdə hava
əməliyyatlarını dayandırıb. Rusiyanın müdafiə naziri
Sergey Şoyqun sözlərinə görə, aviazərbələrin dayandırılması
haqqında qərar “humanitar pauza” üçün qəbul edilib.
Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə
sıxmadı?
Oktyabrın 19-da diqqətlər Berlinə yönəlmişdi.
Ukrayna böhranını həll etmək üçün yaradılan “Normandiya
dördlüyü”nün liderləri – Rusiya prezidenti Vladimir Putin, Almaniya
kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna
prezidenti Pyotr Poroşenko növbəti dəfə bir masa ətrafına
yığışdılar.
Lakin beş saatdan çox davam edən görüşlə bağlı gözləntilər özünü
doğrultmayıb.
Oktyabrın 20-də isə diqqətlər Las-Veqasa yönəlmişdi.
ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və
demokrat Hillari Klinton son dəfə canlı yayımda üz-üzə
gəldilər.
Namizədlər debatda bir-birinə ağır təhqirlər ediblər. Rəqiblər
daha əvvəlki debatlardan fərqli olaraq, bu dəfə bir-biri ilə
qucaqlaşmadan yerlərinə keçiblər. Saat yarım davam edən debatda
namizədlər təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət kimi
məsələlərini müzakirə ediblər.
Avropa Birliyinə üzvlüklə bağlı iyunun 23-də Böyük
Britaniyada keçirilən referendumda birliyin tərkibində qalmaq üçün
səs verən Şotlandiya krallığı parçalamaq üçün hərəkətə
keçib.
Şotlandiya hökumətinin saytında Böyük Britaniyanın tərkibindən
çıxış üçün yeni referendum haqqında qanun layihəsi yerləşdirilib.
Sənəddə referendumun proseduru təsvir edilib və məsləhətçi xarakter
daşıyır. Orada heç bir konkret tarix göstərilməyib.