Xarici İşlər Nazirliyinin diqqətinə! - “DQR” beynəlxalq sərgiyə hazırlaşır

Xarici İşlər Nazirliyinin diqqətinə! - “DQR” beynəlxalq sərgiyə hazırlaşır
16:49 5 Yanvar 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ erməniləri bu il fevralın 9-13-də keçiriləcək “Prodekspo” sərgisində iştirak edəcək. Bu barədə xəbəri Dağlıq Qarabağ ermənilərinin kənd təsərrüfatına cavabdeh olan Andranik Xaşatryan verib. 

İlk baxışda bu xəbəri erməni tərəfinin növbəti təbliğat cəhdi hesab etmək və fikir verməmək də olardı. Amma məsələ ciddidir və doğurdan da “DQR” beynəlxalq sərgiyə hazırlaşır. Əslində bunun arxasında iki mühüm istək dayanır:

Birincisi, ermənilər Dağlıq Qarabağı müstəqil beynəlxalq subyekt kimi tanıtmaq istəyir.

İkincisi, Dağlıq Qarabağın məhdud iqtisadi potensialını imkan dairəsində reallaşdırmağa cəhd edilir.

 

Avrasiya iqtisadi məkanına inteqrasiya

Andranik Xaşatryan News.am saytına verdiyi müsahibəsində bildirib ki, artıq Qarabağın məhsullarını sərgidə nümayiş etdirmək üçün pavilyon sifariş verilib:

 

“Avrasiyaya inteqrasiya Artsax üçün birmənalı geniş imkanlar açır. Bu, çox iri bazardır. Və biz öz fəaliyyətimizi konkretləşdirməliyik ki, bu sərgidə daha yaxşı təmsil olunaq. Bu isə bizim fermerlərimizin məhsullarına istehsalçıların marağını artıracaq”.

Yuxarıda deyildiyi kimi, Dağlıq Qarabağ erməniləri məhdud iqtisadi potensialdan maksimum dərəcədə yararlanmaq istəyir.

Amma Andranik Xaşatryanın Avrasiya məkanına inteqrasiyadan danışması diqqətdən qaçmamalıdır. Söhbət yanvarın 1-dən fəaliyyətə başlayan “Putin İttifaqına” inteqrasiyadan gedir.

Unutmamısınızsa, bu ittifaq barədə ilkin razılaşma əldə olunan toplantıya Azərbaycan prezidenti İlham Əliyevin məktubu soyuq duş effekti yaratmışdı. Ermənistan prezidenti Serj Sarkisyan müxtəlif izahatlar vermək məcburiyyətində qalmışdı.

Məktubun məğzi ondan ibarət idi ki, İlham Əliyev Ermənistanın sözügedən ittifaqa və iqtisadi məkana Dağlıq Qarabağı işğal altında saxlayaraq daxil olmasını qeyri-mümkün hesab etmiş və bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdi.

Sarkisyan isə bundan sonra bildirmişdi ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil.

Amma fevral ayında Moskvada keçirilməsi nəzərdə tutulan “Prodekspo” sərgisinin gündəliyi və iştirakçıları ilə tanışlıq tamam başqa bir reallığın ortada olduğunu göstərir.

 

“Prodekspo” -2015

Sözügedən sərgini kifayət qədər pristijli hesab etmək olar. Çindən Uruqvaya, Argentinadan Fransaya, Cənubi Afrika Respublikasından Almaniyaya qədər dünyanın əksər ölkələrinin iştirak edəcəyi sərgidə hətta Ukrayna təmsilçiləri də olacaq. Dondurma istehsalçısı olan “Yuka-İnvest” iki ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq sərgiyə qatılacaq.

Azərbaycanı sərgidə geniş istehsal çeşidinə malik “Gilan” Holdinq, “Ulduz” və “Bahar” kimi qənnadı məmulatları istehsalçıları, “Abşeron-Şərab” və digər şirkətlər təmsil edəcək.

Ermənistan bu sərgidə 5-6 şirkətlə təmsil olunacaq. Ermənistanın adından iştirak edəcək şirkətlərdən biri “Artsax Brendi Kompani” QSC olacaq.

Bəli, “Artsax Brendi Kompani”.

Spirtli içkilər istehsal edən bu şirkət məhsullarını 2-ci zal, 5-ci pavilyonda nümayiş etdirəcək. Artıq sözügedən şirkətin adı iştirakçılar siyahısına salınılb.

 “Artsax Brendi Kompani”

Azərbaycan mediası Rusiya bazarında Dağlıq Qarabağda istehsal olunmuş spirtli işkilərin satıldığı barədə vaxtaşırı informasiyalar verir. Bəli, “Artsax” adı ilə satılan məhsullar məhz bu şirkətə məxsusdur.

Məsələnin maraqlı cəhəti şirkətin mallarını xarici bazara çıxarmaq üçün istifadə etdiyi hüquqi labirintdir.

Təbiidir ki, Azərbaycanın məlum reaksiyasını bilən istənilən şirkət Dağlıq Qarabağı təmsil edən hanısa Səhmdar Cəmiyyətlə ticarət aparmaz. Amma fakt odur ki, bu ticarət dövriyyəsi var və “Artsax Brendi Kompani” beynəlxalq sərgidə iştirak etməyə də hazırlaşır.

 

“Artsax” içkiləri

“Artsax Brendi Kompani” meyvə araqları istehsal edir. Tut, zoğal, armud, şaftalı, ərik, alma və sair meyvələrdən hazırlanmış araqlar əsasən Ermənistan və Rusiya bazarına çıxarılır. Birmənalı demək olar ki, Dağlıq Qarabağ erməniləri bu işin özəlliklərini yaxşı bilir.

İndi bu məhsulların daha geniş arealdakı bazarlara çıxarılması ermənilərin qarşısında bir məqsəd olaraq dayanıb.

Bəs bu səhmdar cəmiyyət öz məhsullarını necə realizə etməyi planlaşdırır?

Axı Dağlıq Qarabağ bir subyekt kimi tanınmayıb. İstənilən özünə hörmət edən və çıxarını fikirləşən ölkə və elə şirkət də Dağlıq Qarabağı təmsil edən bir müəssisə ilə əlaqə qurmaq istəməz. Əks təqdirdə Azərbaycan kimi bir tərəfdaşı itirmək təhlükəsi yarana bilər.

Onu da diqqətinizə çatdırım ki, “Artsax Brendi Kompani” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi saytında hüquqi ünvan və digər koordinatlar göstərilməyib. Təbiidir ki, bu, potensial müştəriləri qaçırtmamaq üşün və əlavə söz-söhbət yaratmamaq üçün edilir.

Amma bir qədər dərin araşdırma zamanı “xoruzun quyruğu görsənir”.

 

Erməni labirinti

“Artsax Brendi Kompani” Qapalı Səhmdar Cəmiyyəti öz məhsullarını Rusiya bazarında realizə etmək üçün “Artsax-Rus” törəmə şirkəti yaradıb.

Bu şirkətin hüquqi ünvanı Moskvadadır. Deməli, Moskvada qeydiyyatdan keçib. Şirkət Moskvada qanunvericiliyə uyğun sərbəst fəaliyyət göstərir. Bunun üçün həm federal səviyyədə, həm də Moskva administrasiyası tərəfindən müvafiq lisenziya da alıb.

Rəsmi saytda da verilən məlumatlardan görsənir ki, “Artsax-Rus” “Artsax Brendi Kompani” ASC-də istehsal olunan içkilərin Rusiya bazarında satışını təşkil edir.

Amma perspektiv planda digər ölkələr də olduğundan və bu ölkələrlə “Artsax-Rus” adı altında ticarət əlaqələrinin qurulmasının asan olmayacağını başa düşən erməni tərəfi daha bir ofşor şirkət qeydiyyatdan keçirib.

Kiprdəki ofşor şirkət

Ofşor şirkət Kiprdə qeydiyyatdan keçirilib. TRABULI INTERNATIONAL TRADE COMPANY LIMITED adı ilə Kiprdə qeydiyyatdan keçən şirkətin hüquqi ünvanı Kiprin Laranka şəhərindədir.

Ofşor şirkətin əsas məqsədi Artsax brendi ilə istehsal edilən spirtli içkilərin Avropa İttifaqı, Şərqi Asiya və MDB dövlətlərində satışını təşkil etməkdir.

TRABULI INTERNATIONAL TRADE COMPANY LIMITED “Artsax-Rus” şirkətinin yeganə təmsilçisi statusuna da malikdir.

 

Dağlıq Qarabağın ticarət dövriyyəsi

Beləliklə, Dağlıq Qarabağ erməniləri öz istehsal etdiyi məhsulu beynəlxalq sərgidə nümayiş etdirmək istəyir.

Onlar yuxarıda göstərilən labirint vasitəsi ilə mallarını istənilən ölkəyə sata da bilərlər. Ofşor şirkət vasitəsi ilə reallaşdırılacaq sövdələşmələr təbii ki, gözdən yayına bilər və bu mexanizm əslində Azərbaycan tərəfinin diqqətindən kənarda qalmaq üçün düşünülüb.

Belə bir mexanizm işə düşəcəyi təqdirdə ermənilər Azərbaycanın strateji xətti kimi gündəlikdə olan “iqtisadi təcrid”dən yayınmaq üçün imkan qazanmış olacaq.

Sözsüz ki, bunun qarşısı alınmalıdır.

Bu yerdə son günlər qondarma rejimin “baş naziri” Araik Aritunyanın Dağlıq Qarabağın ticarət dövriyyəsi ilə bağlı dediklərini yada salmaq yerinə düşərdi: “Biz hər bir imkandan istifadə edib bütün ölkələrlə ticarət əlaqəsi yaratmaq istəyirik”.

Qeyd edim ki, Araik Aritunyan onu da bildirib ki, “DQR”in Ermənistan və Rusiyadan başqa, Çin və Böyük Britaniya kimi dövlətlərlə də ticarət dövriyyəsi var.

Bütün bunların qarşısını almaq üçün isə Azərbaycan hökuməti müəyyən addımlar atmalıdır.

İlk növbədə Xarici İşlər Nazirliyi.

 

Elmar Məmmədyarov, Şahin Mustafayev və Polad Bülbüloğlu

İndiki halda isə Moskvada keçirilməsi planlaşdırılan sərgidə “Artsax Brendi Kompani”nin iştirakına imkan verməmək lazımdır.

Bunun üçün ilk növbədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi fəaliyyətə keçməlidir. Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri olan bir dövlətin paytaxtında belə bir təxribata yol verilməsinə ciddi təpki göstərməlidir.

Bu məsələdə Azərbaycan Respublikasəının İqtisadiyyat və Sənaye Nazirliyi də öz sözünü deməlidir. Məsələ ondadır ki, bu tip sərgilərdə Azərbaycan dövlətinin maraqlarının gözlənilməsi və təbliği özəl şirkətlərlə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin də prioritetlərindəndir.

Buna görə də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev öz sözünü ən sərt formada deməlidir. Xatırladım ki, Şahin Mustafayev erməni auditoriyasına yaxşı tanışdr. Onun haqqında uşaqlıq dosti Tatul Hakopyan ötən il film də çəkmişdi.

Amma daha sərt reaksiya yəqin ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən gələcək. Çünki səfir Polad Bülbüloğlu bu məsələlərdə həmişə öz mövqeyi ilə seçilib. Cənab səfirin ata-baba yurdunda qurulmuş qondarma rejimin əl-qolunu sallayıb beynəlxalq sərgidə sərbəst iştirak etməsinə mane olmaq üçün yəqin ki, Polad Bülbüloğlu diplomatik missiyasının ona verdiyi imkanlardan və şəxsi nüfuzundan istifadə edəcək.

Mən isə bir jurnalist olaraq mövcid faktın bütün xırdalıqlarını diqqətinizə çatdırdım. Söz sizindi, cənablar.

bugun.az


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR