"Açıq futbol oynasaydıq, 6 qol buraxardıq" - Elxan Abdullayev

"Açıq futbol oynasaydıq, 6 qol buraxardıq" - Elxan Abdullayev
22:32 25 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın ən güclü komandası ilə qarşılaşdıq. "Qarabağ"la açıq futbol oynamaq hər bir komanda üçün çox təhlükəlidi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Qarabağ"ı qəbul edən paytaxt təmsilçisi meydandan məğlubiyyətlə ayrılıb. Matçdan sonra mətbuat konfransı keçirən Abdullayev bu fikirləri səsləndirib: "Bu gün seçdiyimiz taktika özünü doğrultdu. Sadəcə, uzaq məsafədən bizə qol vura bildilər. Komandamın oyunundan razı qaldım. Futbolçulardan istək və mübarizə tələb edirdim, onu gördüm. Oyunçularıma iradım yoxdu. Amma nəticədən razı qalmadım".

- Katalin Tira qol vurmaq əvəzinə, azarkeşi vurdu...

- O, komandadan çıxarılacaq. Mən olduğum müddətdə, Tira "Neftçi"də olmayacaq. Xoşagəlməz hadisədi. Meydana azarkeş çıxıbsa, onu kənarlaşdırmaq polisin, mühafizə xidmətinin işidi. Tiranı çox ciddi cəza gözləyir. UEFA, FİFA-ya məktub yazmaq lazımdı. "Neftçi" bu məsələni belə qoymayacaq.

- "Qarabağ"a qarşı bu qədər futbolçu ilə müdafiə olunmaq...

- "Qarabağ"la açıq futbol oynasaydıq, 6 qol buraxardıq. PAOK da onlarla açıq futbol oynamadı. Mən də qalib gəlmək istəyirəm. Amma məsələyə real yanaşmaq lazımdı.

- "Neftçi"nin rəzil duruma düşməsinin səbəbkarı kimdi?

- Mənə futbola aid sual verin. Siz məni məcbur edirsiz ki, nəsə deyim. Mən bu klubun baş məşqçisiyəm, işim meydandadı.

- Azarkeşlər sizi istefaya səslədi. Bunu haqlı sayırsız?

- Mən söz verməmişəm ki, gələn kimi "Neftçi"ni "Barselona"ya çevirəcəm. Dəyişikliklər var. Oyunçuları "İnter"lə oyunda qıcolma tuturdu. Mən istəyərəm ki, 5 müdafiə ilə oynayım? Sadəcə, "Qarabağ"a qarşı bu cür oynamağa məcbur idim. Vaxt lazımdı. Bizi istefaya səsləmələrinin səbəbini bilmirəm. Rəhbərlikdən mənim işimə heç kim qarışmır, təzyiq yoxdu, mane olmurlar.

- "Neftçi"nin bu mövsüm üçün hədəfi nədi?

- Hədəf odu ki, imkan dərəcəsində maksimum xal yığaq. Böyük xal fərqi olmamalıdı. Yeni ildən sonra tam başqa komanda olacaq. İnanıram ki, onda itirilən xalları artıqlaması ilə bərpa edəcəyik.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR