ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp rəqibi, demokratların namizədi Hillari Klintonu Nevada və Arizona ştatlarında, Klinton isə öz növbəsində Florida və Pensilvaniyada öndədir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu CNN telekanalı və ORC şirkəti tərəfindən keçirilən son sorğuda bəlli olub.
Arizona ştatında rəyi soruşulanların 49%-i Trampa, 44%-i isə Klintona səs verməyə hazır olduqlarını bildirib. Nevadada Trampın üstünlüyü 6%-a çatıb. Milyardçıya 49%, sabiq dövlət katibinə respondentlərin 43% səs verməyə hazırlaşır.
Ənənəvi olaraq demokratlara üstünlük verən Pensilvaniya ştatında H.Klinton 48% ilə rəqibini dörd faiz qabaqlayır. Floridada isə Klinton 49% ilə Trampı cəmi iki faiz qabaqlayır.
Noyabrın 2-də ABC telekanalı ilə "Washington Post" qəzetinin keçirdiyi ümummilli sorğunun nəticələrinə əsasən, hər iki namizəd 46%-lik dəstək əldə edib.
Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək
Milli.Az