Səfir: "Koreya Respublikası Azərbaycanla qarşılıqlı turizm əlaqələrinin gücləndiriləcəyinə ümid edir"

Səfir: "Koreya Respublikası Azərbaycanla qarşılıqlı turizm əlaqələrinin gücləndiriləcəyinə ümid edir"
17:42 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ "Bakı və Seul arasında birbaşa aviareyslərin açılması hər iki ölkədə turizmin inkişafına töhfə verəcək".
"Report" xəbər verir ki, bunu Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu bu gün jurnalistlərə açıqlamasında deyib.
"Turizm sahəsi qarşılıqlı münasibətlərimizdə böyük rol oynayır. Belə ki, turizm xalqlarımıza bir-birimizi daha yaxından tanıtmaq imkanı yaradır. Viza rejiminin sadələşdirilməsi prosesi turizmin inkişafında əsas rol oynaya bilər" - səfir bildirib.
"Hazırda bir il ərzində təqribən 4 min koreyalı Azərbaycana səfər edir. Ancaq bu göstərici qarşılıqlı turizm əlaqələrinin inkişafı üçün kifayət deyil. Bu mənada arzulanan göstərici 30-50 min nəfərdir" - diplomatik missiyasının rəhbəri söyləyib.
O, koreyalıların turist səfərləri ilə məşhur olduğunu və təqribən 20 milyon Koreya vətəndaşının turizm məqsədi ilə ölkə xaricinə səyahət etdiyini vurğulayıb.
Təhsil sahəsindəki əlaqələrə toxunan Kim Çanq Qyu hazırda 70-dən çox azərbaycanlı tələbənin nüfuzlu Koreya universitetlərində yüksək keyfiyyətli təhsil aldığını bildirib.
"Koreya və Azərbaycan dilləri bir-birinə çox yaxındır. Bunun sayəsində azərbaycanlı tələbələr cəmiyyətə tez inteqrasiya olunurlar və Koreya dilini öyrənirlər", - səfir əlavə edib.
O, bu yaxınlarda Koreya haqqında ümümdünya viktorinasında Bakı Dövlət Universitetinin Koreya dili fakültəsində təhsilini alan azərbaycanlı tələbənin qalib gəldiyini də vurğulayıb.
Kim Çanq Qyu həmçinin Azərbaycan idmançılarının qədim Koreya idman növü olan taekvandoda yaxşı nəticələr göstərməsinin iki ölkə xalqları arasında əməkdaşlığın parlaq nümunəsi olduğunu söyləyib.
"Koreya və Azərbaycan istər ənənə və mədəniyyət, istərsə də dil baxımından çox yaxındır. Koreyalıların türklərlə, xüsusilə də Altay türkləri ilə əlaqələrinin olduğu sübuta yetirilib. Qohumluq əlaqələri göstərir ki, ölkələrimiz arasında xüsusi münasibətlər yaradılmalıdır. Türklərlə əlaqələr barədə Türkiyə və Mərkəzi Asiya ölkələrində daha çox bilirlər" - səfir bildirib.
O, Koreya mədəniyyətinin təbliği üçün Azərbaycan telekanallarında Koreya filmlərinin və seriallarının yayımlanmasını arzuladığını da sözlərinə əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/sefir-koreya-respublikasi-azerbaycanla-qarsiliqli-turizm-elaqelerinin-guclendirileceyine-umid-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR