Ayda 300 min xərcləmək

Ayda 300 min xərcləmək
18:59 17 Noyabr 2016
212 Digər
Ölkə mətbuatı
A- A+

 

Maaşı təzə aldığım varlı günlərimdən biri idi. Pul çoxdu. Hər cür imkan var. Elə-belə gəlməsin sizə, düz 50 manat pulu cibimə qoyub, səhər evdən çıxdım işə doğru. Axşam işdən sonra bir-iki xırda-para məsələni həll elədim, bir-iki kasıb-kusubla görüşdüm. Pul var da. Cibimdə 50 manatım var. Hələ doğma manatımızın dolların dizini yerə qoyduğu vaxtlarıydı. Havayı gəlməsin. 60 dollara yaxın pul eləyir. Həmin gün axşam evə çatanda yenə cibimə baxdım. O boyda 50 manatdan cəmi 19 manat pul qalmışdı. Bir günə düz 31 manatın dalından dəymişdim. Zarafat gəlməsin e. Manatın qolunu hər valyutanın bura bilmədiyi varlı günlərdən birində yarım günə 31 manat xərcləmişdim. Günü uzağı 2 manat xərcləyən adama üçün də 31 manat, elə bil, bir aylıq maaşını, mamam demiş, “qancıqlara yedirtmək” kimi bir şey idi. Özüm də şübhələndim. Amma həmin gün heç bir “qancıqdan” söhbət gedə bilməzdi.

 

Əvvəl fikirləşdim ki, yəqin, salıb itirmişəm. Beynimdə hesablamağa başladım. Səhər evin yanında mağazadan saqqız aldım, bu 30 qəpik. Yatıb qalmış, işə gecikmişdim deyə taksiylə gəldim, 2 manat 30. Pul cibə ağırlıq eləyir, işin yanından iki şokolad aldım, 3,8. Günorta 4 manat nahar. 7,7. Axşam işdən çıxandan sonra 3 manatlıq kontur. Sonra şəhərə düşəndə əlimə bir enerji içkisi. Pul var da. İmkan var, alıb içirəm. Bu da elədi, 12,7. Yuxarıdakı kasıb-kusub dost-tanışla görüşüb bir neçə pivə içdik. 13 manat hesab, pul var, ofisianta da “çay pulu”, 15 manat da bu. Elədi 27,8. 20 qəpik metro. Koroğlu metrostansiyası. Yenə gecə düşüb, sonuncu avtobus gedib, pul var, taksiyə minirəm, 2 manat da bu, elədi 30. Mərdəkan. Bir dənə də enerji içkisi. 31. Düppədüz. Pul-zad itirməmişəm.

 

Ancaq nəsə içimdə bir hiss var ki, pul itirmişəm. Axı bu qədər çox pulu bir gündə necə xərcləmiş ola bilərəm e mən. İtirmişəm yüz faiz. Yerimə girdim. Başımı yastığa qoyub hesablamağa başladım. Səhər evin yanında mağazadan saqqız aldım, bu 30 qəpik. Yatıb qalmış, işə gecikmişdim deyə taksiylə gəldim, 2 manat 30. Pul cibə ağırlıq eləyir, işin yanından iki şokolad aldım, 3,8. Günorta 4 manat nahar. 7,7. Axşam işdən çıxandan sonra 3 manatlıq kontur. Sonra şəhərə düşəndə əlimə bir enerji içkisi. Pul var da. İmkan var, alıb içirəm. Bu da elədi, 12,7. Yuxarıdakı kasıb-kusub dost-tanışla görüşüb bir neçə pivə içdik. 13 manat hesab, pul var, ofisianta da “çay pulu”, 15 manat da bu. Elədi 27,8. 20 qəpik metro. Koroğlu metrostansiyası. Yenə gecə düşüb, sonuncu avtobus gedib, pul var, taksiyə minirəm, 2 manat da bu, elədi 30. Mərdəkan. Bir dənə də enerji içkisi. 31. Düzdü da, ay kişi. Ta yat.

 

Mən neynəmişəm, a kişi? 31 manat pulu bir gündə hara xərcləmişəm?! Yox e. Yəqin, taksidə cibimdən düşüb. Ya da kafedə ofisiant bizi aldadıb, çox pul alıb. Tfu, gərək heç o 2 manat “çay pulu”nu verməzdim. Onsuz da hesabda aldatmışdı yüz faiz. Olan-olub, keçən-keçib, əşi, ta yat. Qada-balan olsun. İtib-itib da. Yatdım.

 

Gecə ayıldım su içməyə. Yenə itirdiyim pullar gəldi ağlıma. Yuxum pozuldu. Dedim, yox e, bu dəfə mütləq hesablayıb, o cibimdən yoxa çıxan pulu tapacam. Səhər evin yanında mağazadan saqqız aldım, bu 30 qəpik. Yatıb qalmış, işə gecikmişdim deyə taksiylə gəldim, 2 manat 30. Pul cibə ağırlıq eləyir, işin yanından iki şokolad aldım, 3,8. Günorta 4 manat nahar. 7,7. Axşam işdən çıxandan sonra 3 manatlıq kontur. Sonra şəhərə düşəndə əlimə bir enerji içkisi. Pul var da. İmkan var, alıb içirəm. Bu da elədi, 12,7. Yuxarıdakı kasıb-kusub dost-tanışla görüşüb bir neçə pivə içdik. 13 manat hesab, pul var, ofisianta da “çay pulu”, 15 manat da bu. Elədi 27,8. 20 qəpik metro. Koroğlu metrostansiyası. Yenə gecə düşüb, sonuncu avtobus gedib, pul var, taksiyə minirəm, 2 manat da bu, elədi 30. Mərdəkan. Bir dənə də enerji içkisi. 31.

 

Pah atonnan, yeriyet yiyəsi, o qədər pulu bir gündə xərcləmiş ola bilərdim yəni mən? Əşi yox e, yüz faiz, ya taksidə düşüb, ya da ofisiant hesabda aldadıb.

 

**

 

İşdən çıxarılan keçmiş nazir isə deyib ki, ayda 300 min manat xərcləyirmiş. Günə 10 min manat pul eləyir. Hər axşam evə gələndə bu qədər pulu hara xərclədiyini hesablamaq var e, a kişi. Allah heç kimə göstərməsin. Adam fikirləşəndə yazığı gəlir. O qədər pulu xərcləməyib, yəqin. O qədər pulu bir gündə necə xərcləmək olar axı?! Yüz faiz, ofisiant hesabda aldadıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR