Köhnə iş yerindən 13 min oğurlayan şəxs dəstəsi ilə tutuldu - FOTO/VİDEO

Köhnə iş yerindən 13 min oğurlayan şəxs dəstəsi ilə tutuldu - FOTO/VİDEO
11:13 18 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətləri, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dəstə saxlanılıb.

Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, Eldəniz Vəliyev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıblar.

Nəsimi RPİ əməkdaşları tərəfindən Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onların bu ilin sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya məxsus nəşriyyat evindən 4200 manat pul oğurlamaları müəyyən edilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları Vüqar Səlimovun 2015-ci ilin sentyabrın 26-da Nigar Köçərlinin müdiri olduğu nəşriyyatdan içərisində 13 min manat olan seyfi oğurladığını müəyyən ediblər. İki dəfə oğurluq edən V.Səlimov orada çap şöbəsində çalışıb və bir müddət əvvəl öz istəyi ilə işdən ayrılıb. Bu səbəbdən o, işlədiyi müəssisədə seyfin harada olduğunu və ora necə daxil olmağın yolları barədə məlumatlı olub.

Vüqar Səlimov - Saxlanılan şəxs: ""Qanun" nəşriyyatında operator işləmişəm. Oradan da oğurluq etmişəm. Qapıdan girib, qapıdan da çıxmışam".

Araşdırmalar zamanı Feyruz Novruzovun digər cinayətlərdə də iştirakı öz təsdiqini tapıb. Belə ki, o bu ilin noyabr ayının 2-də dəstənin digər üzvləri ilə birgə gecə saatlarında Nəsimi rayonu ərazisində yerləşən lombardlardan birindən oğurluq edərək pul və qızıl-zinət əşyaları ələ keçirib.

Natiq İsayev - Saxlanılan şəxs: "Lombarda girib 9 min manat və 1000 manatlıq qızıl götürdük. Adama 1500 manatdan düşdü. Ondan sonra aralaşıb getdik. Sabah yenidən çayxanada görüşdük. Elə orda da tutulduq".

Eldəniz Vəliyev - Saxlanılan şəxs: "Natiq reşotkanı kəsib mən də içəri girmişəm. Maşında adama 1500 manatdan böldük. Düşüb taksiyə minib getdim".

Saxlanılan zaman Feyruz Novruzovdan 1,26 qram heroin, Natiq İsayevdən 1,32 qram, İsmayıl Yusifovdan 2,37 qram, Vüsal Əsgərovdan 1,515 qram, Şahmar Abdulovdan 1,375 qram və Vüqar Səlimovdan 1,960 qram tiryək də aşkar edilərək götürülüb.

Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. (ARB)









Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR