Harada gəldi namaz qılmaq olarmı?

Harada gəldi namaz qılmaq olarmı?
15:13 23 Noyabr 2016
244 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günlərdə avtobusda yerdə oturaraq namaz qılan şəxsin fotosu sosial şəbəkədə müzakirələrə səbəb olub. Məsələyə müxtəlif yanaşmalar var: Bir qisim onun çətin vəziyyətdə yol gedərkən belə, namazının vaxtını keçirmədiyinə görə alqışlayır. Digər qrup isə əksinə bu insanı tənqid atəşinə tutur. Onlar avtobusun hərəkətdə olduğu üçün qiblənin necə müəyyən edildiyini, habelə qapıdan minib düşən şəxslərə mane yaradıldığını əsas gətirərək orada namaz qılmağı yanlış hal kimi qiymətləndirirlər.

Bu cür hallara tez-tez rast gəlirik. Yol kənarında, parklarda namaz qılınması alışılan olsa da, bəzən ağlagəlməz yerlərdə bunu görürük. Bəs namazı istədiyin yerdə qılmaq olarmı?

Publika.az bu suala cavab tapmağa çalışıb.

Qarabağ Seyid Ocaqlarını rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli insanları çox olduğu yerlərdə namaz qılınmasını təqdir etmədiyini bildirib: “Azərbaycanda istər dövlət, istərsə də xalqın dini dəyərlərə sayğı, dini dözümlülüyü heç bir ölkədə olmayacaq səviyyədədir. Amma bəziləri insanların dini duyğularını istismara cəhd edirlər. Lakin ictimai nəqliyyatda və bu cür yerlərdə namaz qılınmasını təqdir etmirəm.Çünki insanların çox olduğu yerlərdə nümayişkəranə şəkildə namaz qılmaq yolverilməzdir. Biz dünyəvi ölkədə yaşasaq da, dini, mənəvi dəyərlərin təəssübkeşi Azərbaycan dövlətidir. İstər paytaxt, istəsə də bölgələrdə məscidlərin sayı kifayət qədərdir. Bu isə radikal şəxslərin göstərmək istədikləri, əslində İslamın qaydalarına aid olmayan namaz ibadətinə bənzəyir”.

İlahiyyatçı Elşad Miri minik vasitələrində namaz qılmağın mümkün olduğunu deyib: “Dənizkənarı bulvarda, hər hansı parkda namaz vaxtını keçirməmək üçün namaz qılmaq olar. Bu vaxt başqa birinin həmin şəxsin şəklini çəkib yayması isə namaz qılan üçün utanılacaq məsələ deyil. Bu şəkli çəkən utanmalıdır. Məsələn, hava limanları, ticarət müəssisələrində insanların namaz qılması üçün yerlər yoxdur, bu zaman həmin insanlar nə etməlidir? Odur ki, həmin məkanlarda insanlar müəyyən yer tapıb namaz qıla bilərlər.

“Quranı Kərim”in "Bəqərə" surəsinin 239-cu ayəsində miniyin üzərində namaz qılınmasından bəhs edilir. Orada göstərilir ki, “piyada gedərkən və ya minik üstdə namazınızı qılın”. İndi yolda saatlarla tıxacda qala bilirik. Əgər namaz vaxtıdırsa, orada namaz qılmaq olar. Təyyarədə səfər üçün də bu hal keçərlidir. Bu insanlara ikrah yox, sayğı ilə yanaşmaq lazımdır. Bu aspektdən yanaşanda məsələdə gülünəcək bir məqamın olmadığı anlaşılır”.

Konkret avtobusda namaz qılan şəxslə bağlı yayılan fotoya gəldikdə, E.Miri yerdə namaz qılmağın doğru yanaşma olmadığını bildirdi: “Minik vasitəsində qiblə problemi əsas gətirilə bilməz. Yerdə namaz qılınması doğru deyil, amma irad tuta bilmərik. Bu, onun öz işidir. Bir məqama diqqət etmək lazımdır ki, qıldığı namaz başqalarına mane olmamalıdır. Başqa birinin haqqına girərək edilən ibadət xeyirdən çox, namaza xələl gətirir. Məsələn, ötən il Məkkədə kran aşanda bir qisim insan yaralılara kömək etmək əvəzinə, namazına davam etmişdi. Bu, doğru yanaşma deyil. Avtobusa gəlincə, oturacaqda oturaraq namaz qılmaq daha məqsədəuyğundur”.

Yayılan fotolara münasibət bildirən “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, bizim cəmiyyətdə din insanların daxili mənəvi dünyasının bir hissəsi deyil, ətrafa nümayiş üçündür: “Amma bir müsəlman özünün "yaxşı" müsəlman olduğunu ətrafa necə nümayiş etdirir? Yüksək tərbiyə iləmi, əxlaq və mədinəyyət iləmi, insanlara kömək etməkləmi, səxavət və əliaçıqlıq iləmi? Xeyr. Bəlkə müsəlman gənc "dinim icazə vermir" deyə, "kafir" gənclərdən fərqlənmək üçün "qız tutmur", başqalarına sataşmır, söz atmır? Xeyr. Bəlkə hamı ilə mülayim, qayğıkeş davranmaqla dinlərini sərgiləyirlər? Xeyr. "Kafir" dediklərindən fərqlənmək üçün yaxşı heç nə etmirlər. Ona görə də özlərinin dinlərini şəxsi keyfiyyətlərlə göstərməyə yox, ancaq nümayişkəranə davranışlarla gözə soxmağa çalışırlar. Konkret bu hərəkətə - avtobusda namaz qılmağa olduqca pis baxıram. İnsan evində istədiyi ibadəti edə bilər, məsciddə namaz qılmaqda azaddır, amma ictimai yerdə dini ayin icra olunmaz. Burada həm inzibati pozuntu (ictimai yerlərdə dini ayinlərin icrası qadağandır) var, həm də bu, etik baxımdan düzgün deyil. Hərçənd, bunu o namaz qılan şəxsə desək durub, başımızı əzər”.

İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri Hacı Surxay Məmmədli İslam dininin namaz üçün xüsusi yerlər tələb etmədiyini deyir: “Məscidlərdə - Allahın evində namaz qılınmasının fəziləti çoxdur. Lakin insanlar izdiham olan yerlərdə, Məkkədə, Məşhəddə namaz qıla bilirlər. Bunlar istisna hallar təşkil edir. Bununla yanaşı insan namazın vaxtını keçirməmək üçün təyyarədə də namaz qıla bilər. Bunun üçün əvvəl qibləni təyin edib namaz qıla bilər, sonradan minik vasitəsinin hərəkət etməsi ilə qiblənin dəyişməsi vacib deyil”.

Konkret avtobusda namaz qılınmasına gəldikdə, Hacı Surxay bildirdi ki, məqsəd namazı insanların diqqətini çəkməkdirsə, bu, qəbul edilməz: “Həmin şəxsin bunu nümayişkəranə bir şəkildə etməsi doğru deyil. Lakin yerdə oturmaq əvəzinə oturduğu oturacaqda da namaz qıla bilər”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı