Bakı. 23 noyabr. REPORT.AZ/ Bu ilin aprel ayında qoşunların təmas xəttindəki gərginlik dövründə erməni əsgərləri döyüşə nasaz texnika ilə girib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin nümayəndələrinin ölən erməni hərbçilərinin qohumları ilə görüşündə bildirilib.
Ölən erməni hərbçilərin yaxınları cəbhə xəttində yaranan problemlərdən, o cümlədən silah-sursatın kifayət qədər olmamasından, texnikanın nasaz vəziyyətdə olmasından danışıblar. Onlar itkilərinin sayının çox olmasını silah-sursatın kifayət qədər olmamasıyla əlaqələndirlər.
"Yolda çoxlu sayda nasaz tank var idi. Onların çoxunda çənə yanacaq yerinə su tökülmüşdü. Ona görə də mühərriki işə salan kimi, texnika nasaz hala düşürdü", - deyə aprelin 2-də Cəbrayılda ölən erməni hərbçilərin yoldaşları bildiriblər.
Ölən erməni əsgərlərinin valideynləri hərbi əməliyyatlar zamanı övladlarının kifayət qədər silah-sursata malik olmadığını qeyd ediblər.
Mövqeyi öyrənilən qohumların əksəriyyəti hərbçilərin geyim və zirehli jiletlə bağlı probleminin olduğunu, silah və patron qıtlığı yaşadığını vurğulayıb.