Xorvatiyanın tanınmış İT şirkəti Azərbaycandan xaricə qapı açmaq istəyir

Xorvatiyanın tanınmış İT şirkəti Azərbaycandan xaricə qapı açmaq istəyir
14:17 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Xorvatiyanın təkmilləşdirilmiş texnoloji həllər sayəsində biznesin inkişafına yardım edən "Span" şirkəti Azərbaycandan Qafqaz və Mərkəzi Asiya regionlarına çıxış yaratmaq niyyətindədir. Bunu "Report"a Azərbaycanda 3 ildir fəaliyyət "Span" qlobal şirkətinin ölkə üzrə meneceri İman Həsənli bildirib.
Azərbaycan, Çexiya, İngiltərə, ABŞ-da ofisləri fəaliyyət göstərən şirkət rəsmisi belə hesab edir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatları nəzərə alaraq, növbəti 2-3 ildə ölkədə iqtisadi artım yenidən başlayacaq: "Azərbaycanda ABŞ və Avropada olan nou-haunun tətbiqi üçün bütün zəruri işlər görülüb, dövlət də buna şərait yaradıb".
"Biz informasiya texnologiyaları, konsaltinq, müxtəlif layihələrin hazırlanması, habelə sənayenin müxtəli sahələrinə aid həllər təqdim etməkdə böyük təcrübəyə malikik. Buradan da region və Mərkəzi Asiyanın biznes bazarına çıxış yaratmaq istəyirik", - deyə İ.Həsənli əlavə edib.
Qısamüddətli maddi fəaliyyətin şirkətin strategiyasına ziddi olduğunu deyən İ.Həsənli bildirib ki, güclü və iri şirkətlər böhran şəraitində hər zaman ölkəyə daxil olmağa üstünlük verir: "Hədəflərimizi uzun müddət üçün hazırlayırıq. hazırda davam edən bu cür maliyyə böhranı şəraitində ölkədə özünü idarə edə bilməyən kiçik şirkətlər sıradan çıxandan sonra, güclü şirkətlər bazarda qalır. Biz də bazara bu vaxt daxil olmağa qərar vermişik".
Azərbaycanın İKT, turizm, kənd təsərrüfatı sahəsində Şərqi Avropanın inkişaf səviyyəsinə çatması üçün İ.Həsənli mövcud resurslardan istifadə edilməsini zəruri sayır.
Qeyd edək ki, qlobal iqtisadi bazarda davam edən maliyyə böhranı Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən də yan keçməyib. İqtisadiyyatın müxtəlif seqmentlərində ixtisaslaşan müəyyən şirkətlər maliyyə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər.
Məsələn, hazırda "Span" şirkətinin bəzi müştəriləri böhranın yaratdığı maliyyə çətinlikləri ilə əlaqədar layihələrini həyata keçirə bilmir: "Qlobal maliyyə böhranı şəraitində maddi itkilərimiz olmadı. Azərbaycanda bir neçə böyük tenderin qalibi olmuşuq. Məsələn, telekommunikasiya, bank və neft-qaz sektorunda çalışan şirkətlərin açıq müsabiqələrində iştirak etmişik. Müəyyən müştərilərimiz maliyyə sıxıntılarına görə tenderlərini dayandırmalı olub, amma böhrana rəğmən layihələrini durmadan reallaşdıran müştərilərimiz də az deyil".

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/xorvatiyanin-taninmis-i-t-sirketi-azerbaycandan-xarice-qapi-acmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR