Dollar fırtınası, kiçilən Rusiya və Türkiyə, qazanan OPEC - HESABAT

Dollar fırtınası, kiçilən Rusiya və Türkiyə, qazanan OPEC - HESABAT
18:03 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Yola saldığımız həftə dünya iqtisadiyyatında sular duruldu. OPEC ölkələri neft hasilatının azaldılması yönündə razılığa gəldilər. Türkiyədə son bir ayda dolların məzənnəsinin 13% bahalaşmasının səbəbi bəlli oldu. Belə ki, Mərkəzi Bank səbəb kimi xarici kapitalın axınını göstərdi. Rusiya prezidenti özünə yeni iqtisadiyyat naziri təyin etdi.

Başlayaq OPEC-in məlum qərarından. Noyabrın 30-da Vyanada keçirilən sammitdə təşkilata daxil olan ölkələr ümumi neft hasilatını gündəlik 1,2 mln. barel azaldılması barədə qərar verdilər. Rusiya və daha 3 qeyri-OPEC ölkələrinin isə neft hasilatını 591 min barel/gün azaltması gözlənilir. OPEC üzvü olmayan ölkələr arasında gündəlik hasilatı ən çox azaldan Rusiya (300 min barel) olacaq. Rəsmi Moskva hasilatın tədricən, 2017-ci ilin ilk yarısının sonuna qədər azaldacağını bildirib. Omanın hasilatı 45 min barel/gün, Meksikanın 215 min barel/gün azatması gözlənilir. Azərbaycanın isə 2017-ci ildə hasilatı gündə 31 min barel və ya 3,7% azaltması ehtimal edilir. Qeyd edək ki, bu barədə açıqlama hökumət mənbələrindən alınan qeyri-rəsmi məlumatlara əsaslanır. OPEC üzvü olmayan ölkələr dekabrın 9-da Dohada (Qətər) toplanacaq. İclasda Azərbaycanın da iştirak edəcəyi gözlənilir.

Bu arada, “Goldman Sachs Group Inc.” OPEC və Rusiyanın daha az neft istehsal edəcəklərinə dair sözlərinə sadiq qalmaları vəziyyətində neftin qiymətinin 60 dolların üzərinə yüksələcəyini bəyan etdi. Bankın proqnozuna əsasən, 2017-ci ilin ilk yarısında WTI nefti 55 dollardan və Brent nefti isə 56.50 dollardan yüksək olacaq.

Neft bazarına təsir edəcək daha bir xoş xəbər ABŞ-da həftəlik xam neft ehtiyatları 0,9 milyon barel azalmasıdır. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının bir əvvəlki həftə ilə müqayisədə ötən həftə 0,9 milyon barel (0,2 faiz) azalaraq 488,1 milyon barelə gerilədiyini bildirir. Bazar gözləntisi ehtiyatların 0,6 milyon barel artması istiqamətində idi.

Valyutası hər gün dəyər itirən Türkiyənin pul ehtiyatları 2,243 mlrd. dollar və ya 2,2% azalaraq 99,035 mlrd. dollara geriləyib. Mərkəzi Bankının (TMB) məlumatına görə, qızıl ehtiyatları dəyişməyərək 16,228 mlrd. dollar təşkil edib. Beləliklə, TMB-nin məcmu qızıl-valyuta ehtiyatları 19-26 noyabr həftəsində 2,243 mlrd. dollar və ya 1,9% azalaraq 115,263 mlrd. dollara bərabər olub.

Xatırladaq ki, TMB-nin valyuta ehtiyatları noyabrın 11-də 106,266 mlrd. dollara yüksələrək 2016-cı ilin maksimal həddinə çatıb. Məhz bu tarixdən etibarən, yəni son iki həftədə valyuta ehtiyatları 7,231 mlrd. dollar və ya 6,8% azalma göstərib. Bu dövr ərzində qızıl ehtiyatları isə 0,5 mlrd. dollar və ya 3% azalıb.

Rusiyanın da qızıl-valyuta ehtiyatlarının həcmi 3,7 mlrd. dolları və ya 0,95% azalaraq 385,7 mlrd. dollar təşkil edib. Rusiya Bankı bildirir ki, qızıl-valyuta ehtiyatlarında azalma 2 həftə ərzində 7,4 mlrd. dollar və ya 1,9% olub.

Bildirək ki, Rusiyanın qızıl-valyuta ehtiyatları özündə Mərkəzi Bank, Rifah Fondu və Ehtiyat Fondunun aktivlərini birləşdirir.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

Yola saldığımız həftə Tarif Şurası elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərar verdi. Yeni qaydalara əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyib. Bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanıldı. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirildi.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanıldı. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirildi.

Xatırladaq ki, təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq baxılmışdı. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilmişdi. Bu da 1 m3-ə 10 qəpik demək idi. İşığın qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılmışdı. 1 kilovat/saat elektrik enerjisinin topdansatış qiyməti 4,3 qəpik, pərakəndə satışı isə 7 qəpik müəyyən olunmuşdu. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış qiyməti düz 10 il qabaq (2007-ci ilin yanvarında) 6 qəpik təyin edilmişdi. Göründüyü kimi ölkədə kommunal taariflər heç də hər gün dəyişmir.

Həftə ərzində parlament üzvləri də gərgin işlədilər. Belə ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri Milli Məclisin İnsan hüquqları, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələrinin birgə iclasında müzakirə edildi. Büdcə zərfinə daxil olan layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların çıxarılmasına qərar verildi. Bilməyənlər bilsin ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində proqnozlaşdırılıb.

Bu arada onu da qeyd edək ki, Tarif Şurasının qərarı ilə qaz və işığın qiymət artırılması nəticəsində büdcəyə əlavə 300 mln. manat daxil olması gözlənilir. Nəticədə, büdcə layihəsində bununla bağlı edilən dəyişikliklə dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri 16,9 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanın bank sektorundan da xəbər çıxdı. Məlum oldu ki, əhalinin bank əmanətlərinin həcmi 2016-cı il noyabrın 1-nə 7 413,1 mln. manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 400,8 mln. manat və yaxud 5,1% azdır. İlin əvvəlinə nisbətən əmanət qoyuluşu 2 060,8 mln. manat və yaxud 21,75% azalıb, son bir ildə isə 240,2 mln. manat və yaxud 3,35% artıb.

Azərbaycan bank sektorunun məcmu kredit qoyuluşları da hesabat dövründə 15 346,7 mln. manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 927,3 mln. manat və yaxud 5,7% azdır. İlin əvvəlinə nisbətən kredit qoyuluşları 5 817,8 mln. manat və yaxud 27,5%, son bir ildə isə 2 653,7 mln. manat və yaxud 14,7% azalıb.

Bu arada kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabr ayının 1-nə 1 mlrd. 375,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 5,66% və ya 73,7 mln. manat çox deməkdir.

Banklarla bağlı daha bir xəbər kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına olan öhdəliklərinin artmasıdır. Bu rəqəm noyabrın 1-nə 7 507 mln. manat təşkil edib. Öhdəliklərin həcmi oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 263,5 mln. manat və ya 3,63%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 684,5 mln. manat və ya 55,66% artıb. İlin əvvəlinə nisbətən kommersiya banklarının AMB qarşısında öhdəlikləri 2 132 mln.manat və ya 39,66% artıb. Artımın əsasən banklara dollarla verilən kreditlər hesabına yarandığı ehtimal edilir.

Məndən bu qədər…. özünüzü qoruyun

Leyla Əliyeva


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/hesabat/178386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR