Böyük Britaniyanın “The Guardian” nəşrinin əlinə ölkənin xarici işlər naziri Boris Consona aid audioyazı keçib.
Publika.az xəbər verir ki, ölkənin baş diplomatı Romada siyasətçilərlə söhbətində Londonun müttəfiqi olan Səudiyyə Ərəbistanını Yaxın Şərqdə müharibələri qızışdırmaqda ittiham edib.
Boris Conson bununla da Britaniya diplomatiyasının çoxdankı qaydasını - ən yaxın müttəfiqlərini tənqid etməmək qaydasını pozub.
O bildirib ki, Səudiyyə Ərəbistanı və İran Yaxın Şərqdəki münaqişələrdə bilavasitə iştirak edərək özlərini kukla teatrının artistləri kimi aparır. Boris Conson bunu regionda güclü liderin olmaması ilə izah edib.
Audioyazının Böyük Britaniyanın baş naziri Tereza Meyin Fars körfəzi ölkələri üzrə işçi səfərdən qayıdışından sonra ortaya çıxması diqqət çəkir. Baş nazir Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Oman liderləri ilə görüşüb.
Qeyd edək ki, Boris Conson Osmanlı imperiyasının sonuncu daxili işlər naziri Əli Kamalın nəvəsi Stanley Consonun oğludur.
Ömər Dağlı