Bu gün Topaz Premyer Liqasında II dövrəyə yekun vurulacaq və qış fasiləsi başlayacaq. Fanat.Az xəbər verir ki, XIV turun oyunları eyni gündə baş tutacaq.

İlin son turuna Qəbələdə start veriləcək. Şəhərin eyniadlı təmsilçisi “Kəpəz”i qəbul edəcək. Bu qarşılaşma Gəncədə keçirilməli olsa da, qərblilərin meydança probleminə görə, “qırmızı-qaralar”ın stadionunda oynanılacaq. Ötən tur "Qarabağ"a uduzaraq zirvəni əldən verən "Qəbələ" qış çempionu olmaq üçün qələbə qazanmalı və "Qarabağ"ın məblubiyyətini arzulamalıdı. "Kəpəz" isə qış fasiləsinə 4-cü pillədə yollanmaq üçün 3 xal qazanmalıdı.
Turun ikinci oyununda “Zirə” "Sumqayıt"ın qonağı olacaq. Qəbələdəki görüşün nəticəsindən asılı olaraq bu matçın qalibinin 4-cü pilləyə yüksəlmək şansı var. Məğlub olan isə 6-cı sırada qərarlaşacaq. 3 turdu uduzmayan sumqayıtlılar uğurlu seriyasını davam etdirməyə iddialıdı. Zirəlilər isə 3 matçlıq qələbə həsrətinə səfərdə son qoymağa çalışacaq.
Premyer Liqada uğursuz mövsüm keçirən, kubokun 1/4 final mərhələsinin ilk matçında "Zirə"ni darmadağın edən "Neftçi" AZAL-ı qəbul edəcək. İki autsayderin görüşü turnir cədvəli baxımından heç nəyi həll etməyəcək. Hər iki komanda qələbə qazanmaqla xal ehtiyatını artıra bilər. AZAL 17 oyunluq qələbəsizliyə bu matçda son qoymağa çalışacaq.
Turun mərkəzi oyununda “Qarabağ” “İnter”i qəbul edəcək. 4 turdu meydanı qolsuz tərk etməyən sonuncular liderlərə yaxınlaşmaq, ağdamlılar isə qələbə seriyasını 7-yə çatdırmaq üçün mübarizə aparacaq. “Bankirlər” istənilən nəticədə 3-cü pillədə qalacaq. Əyalət klubu isə zirvəni “Qəbələ”yə qaytarmamaq üçün ən azı 1 xal qazanmalıdı. Təbii ki, sonuncuların qalib gəlməsə, ağdamlılar məğlubiyyətlə də mövqeyini qoruyacaq.

Premyer Liqa
2016/17 mövsümü
II dövrə, XIV tur

17 dekabr
14.00 Qəbələ - Kəpəz
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Murad Məmmədov.
Qəbələ şəhər stadionu.
16.00 Sumqayıt - Zirə
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt şəhər stadionu.
17.00 Neftçi - AZAL
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Bakcell Arena".

17.00 Qarabağ - İnter
Hakimlər: Fariz Yusifov, Namiq Yusifov, Akif Əmirəli, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
Suraxanı qəsəbə stadionu.

Fanat.Az