Bişkek şəhərində Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet teatrında Rəşid Behbudovun anadan olmasının 100 illiyi yubileyinə və Müslim Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert keçirilib.
Publika.az xəbər verir ki, tədbirin əvvəlində teatrın foyesində qonaqları Qırğızıstanda yaşayan azərbaycanlıların İctimai Birliyi olan “Azəri”nin musiqi ansamblı qonaqları Azərbaycanın milli mahnıları ilə qarşılayıblar.
Tamaşaçılarla dolu olan nəhəng salonda Qırğız Respublikasının rəsmiləri, görkəmli ziyalılar, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak esiblər.
A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının baş direktoru Bolotbek Osmonov gecəni açaraq, növbəti dəfə Azərbaycan mədəniyyəti ilə bağlı belə böyük tədbirin onun rəhbərliyini etdiyi teatrda keçirildiyinə görə böyük fəxr və həyəcan duyğusu yaşadığını, qala-konsertin dahi sənətkarlar Rəşid Behbudov və Müslim Maqomayevə həsr olunmasının xüsusi önəm daşıdığını vurğulayıb.
O, qırğız xalqının onlara böyük rəğbət və sevgi bəslədiyini qeyd edib.
Baş direktor belə tədbirlərin hazırlanmasında və keçirilməsində verdiyi ardıcıl dəstəyə görə Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinə minnətdarlığını bildirib.
Sonra Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov çıxış edərək, qırğız xalqının Azərbaycanın dahi sənətkarlarını qiymətləndirdiyinə görə təşəkkürünü bildirib.
Səfir son zamanlar həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib.
H.Orucov vurğulayıb ki, Azərbaycan və Qırğızıstan prezidentləri cənab - İlham Əliyev ilə Almazbek Atambayevin apardıqları siyasətin nəticəsi olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənib:
“Bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilib”.
Səfir son illər humanitar sahədə çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib.
H.Orucov qısa müddət ərzində Azərbaycan və Qırğızıstan dövlətləri və iki qardaş Azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllərin qoyulduğunu söyləyib.
Diplomat belə tədbirlərin təşkil olunması iki qardaş xalqı daha da yaxınlaşdırdığı bildirib:
“Rəşid Behbudovun səsi Azərbaycan xalqının milli sərvətidir. Rəşid Behbudov öz xalqına möhkəm bağlı olan insan, Sovetlər İttifaqında ən məşhur ifaçılardan biri olub. Həmin vaxtlar Azərbaycanın müstəqil ölkə olmamasına baxmayaraq, Rəşid Behbudov Azərbaycanın yüksək mədəniyyətini layiqincə təmsil edirdi”.
H.Orucov Rəşid Behbudovun hərtərəfli istedadlı insan olduğunu və onun aktyor kimi fəaliyyətinin də hər zaman sevildiyini, onun filmlərdə oynadığı rolların qızıl fonda daxil olduğunu söyləyib.
Səfir ulu öndər Heydər Əliyevin həm Rəşid Behbudovun, həm də Müslim Maqomayevin yaradıcılığına böyük dəstək və qayğı göstərdiyini, onlar ilə isti münasibətinin olduğunu da qeyd edib:
“Müslim Maqomayevin əsrin qızıl səsi kimi qəbul edilməsi tamamilə düzgün addımdır. Onun oxuduğu mahnılar incəsənətin yüksək nümunəsi hesab olunur”.
Səfir Müslim Maqomayevin hər yerdə özün böyük fəxr ilə Azərbaycanlı kimi təqdim etdiyini, vətəndaşlıq milliyyətini soruşduqda isə Azərbaycanı - atası, Rusiyanı isə anası kimi qəbul etdiyini söylədiyini qonaqların diqqətinə çatdırıb.
Səfir Prezident İlham Əliyevin Sərəncamları və birbaşa tapşırıqları ilə ölkəmizdə iki korifey sənətkarların adlarına prospektlərin, incəsənət mərkəzlərinin, məktəblərin olduğunu, onların adlarına gəmilərin istifadəyə verildiyini xüsusilə vurğulayıb.
Sonra Səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının istedadlı kollektivinə, unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, Qırğızıstanda yaşayan həmyerlilərimizə Rəşid Behbudov və Müslim Maqomayevə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Daha sonra H.Orucov 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğunu, həmin böyük bayramın dünyada olan 50 milyona yaxın həmvətinimiz tərəfindən artıq 25-ci il qeyd olunacağını, bu həmrəyliyin yaranmasında ulu öndər Heydər Əliyevin misilsiz rol və bu gün uğurla Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü iş haqqında məlumat verib.
H.Orucov bu münasibətlə Qırğızıstanda yaşayan 20 minə yaxın azərbaycanlını təbrik edib.
“Prezidentimizin özünün də dediyi kimi, cənab İlham Əliyev bütün dünyada yaşayan azərbaycanlıların Prezidentidir. Mən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edirəm”.
Sonra Rəşid Behbudovun repertuarından, Müslim Maqomayevin, Üzeyir Hacıbəyovun əsərlərindən, həmçinin Sevil Əliyevanın, Gövhər Həsənzadənin musiqilərindən ibarət olan qala-konsert təşkil olunub.
Qala-konsertdə Qırğızıstanın populyar opera müğənniləri - Qırğız Milli Akademik Opera və Balet teatrının baş konsertmeysteri Yuliya Babiç və solistlər Almaz İstambayev, Ayzirek Momunova, Yelena Ovçinnikova, Elnura Kanatbekova, Said Bekmuratov, Aleksandr Donis, Kamçıbek İsenbayev, Anton Leshov ilə yanaşı həmyerlimiz Faik Baxışev, “Almaz-studio” adlanan qrupun uşaqları, “Bişkek Biq-bend” rəqs qrupu çıxış ediblər. Bir çox mahnılar Azərbaycan dilində səsləndirilib.
Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə bitən qala-konsertin salonunda uzun müddət alqış sədaları kəsilməyib. Qala-konsertin rejissoru İskender Saatbayev olub.
Qeyd edək ki, tədbir yaxın günlərdə efirə yayımlanması üçün Qırğızıstanın İctimai Televiziya (KTRK) kanalı vasitəsi ilə bütöv şəkildə çəkilib. Qala-konsert Qırğızıstan mediasında da geniş işıqlandırılır.
Vasif Həsənli
