"İran prezidentinin bu hərəkəti məni sonsuz üzdü..."

"İran prezidentinin bu hərəkəti məni sonsuz üzdü..."
13:22 22 Dekabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesab edirəm ki, 21 dekabr 2016-cı il tarixində Ermənistanda gördüklərimiz və eşitdiklərimiz şəxsən mənim yaddaşımda tarixin ən ağır günlərindən biri kimi qalacaqdır.

Milli.Az xəbər verir ki bunu hərbi-siyasi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, söhbət qonşu və özümüzə yaxın saydığımız İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin sərgilədiyi bəzi hərəkətlərdən gedir: "Əvvəla, onun əli minlərlə müsəlman qanına batan cinayətkar Serj Sarkisyanla az qala qucaqlaşıb görüşməsi, daha sonra oradan daha çox Azərbaycana ünvanlı bəzi fikirləri səsləndirməsi məni sonsuz dərəcədə üzdü... Ən azından, İran dövlətinin başçısı bu hərəkətlərə yol verməməli idi...

Mən anlayıram ki, indi iranlı dostlarımız durub deyə bilərlər ki, İran prezidentinin İrəvana səfərinin əsla İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri ilə heç bir əlaqəsi-filanı yoxdur, amma gəlin həqiqəti danmayaq. Məhz Azərbaycanla İsrail arasında son vaxtlar daha da genişlənən münasibətlər fonunda biz açıq-aydın görürük ki, iranlı dostlar bu münasibətlərdən çox narahatdırlar və yeri gəldi-gəlmədi bizi az qala olmazın məsələlərdə ittiham edirlər. Bu, böyük haqsızlıqdır".

Ekspertin sözlərinə görə, İran islam dövlətidir və o, daha çox haqqın-ədalətin tərəfində olmağa borcludur, lakin bunun tam əksi baş verir: "20 ildən artıq müddətdir ki, məhz İran İslam Respublikasının hərtərəfli maddi və mənəvi dəstəyi sayəsində Ermənistan hələ də "fironluq" edir, işğalçılıq siyasətini davam etdirir. Elə dünən də, İrəvanda "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" deyən hörmətli Həsən Ruhani əfəndi nədənsə ən vacib məqamı dilə gətirməyə cürət etmədi. Məhz Ermənistan müsəlman dünyasının müqəddəs saydığı Quranı təhqir etməkdə davam edir, minlərlə məscid və minarələri yerlə yeksan edib və öz düşmənçiliyini daha da genişləndirməkdə israrlıdır. Həsən Ruhani 2013-cü ildə prezident seçildikdən sonra Ermənistana ilk dəfə səfər etsə də, hesab edirəm ki, o, din adamı kimi ilk növbədə öz din qardaşları olan Azərbaycanın haqq işini dilə gətirməyə borclu idi. Doğrudur, o, etika xatirinə də olsa, "Bizim üçün Azərbaycan və Ermənistan dost ölkələrdir və əminəm ki, bölgədə sülh və sabitliyin bərpa olunmasının şahidi olarıq. Bu, bütün bölgə üçün zəruridir. Şübhəsiz, bu məsələnin hərbi həlli yoxdur və biz əminik ki, məsələ beynəlxalq qanunlar çərçivəsində dinc danışıqlar yollu ilə həll olunar" kəlmələrini dilə gətirdi.

Əslində isə İran prezidenti İrəvanda keçirilən brifinqdə Tanrının bizə ərməğan etdiyi haqq sözü bəyan etməli idi. Təkrar da olsa, deməliyəm ki, 20 ildən artıqdır ki, müsəlman dünyasına həqarət edən, müqəddəs ziyarətgahlarımızı, məbəd və ocaqlarımızı, məscid və minarələrimizi təhqir edən Ermənistana öz sözünü deməyə borclu olan dövlətlərdən bəlkə də birincisi İran İslam Respublikası olmalıdır. Bunu təkcə biz azərbaycanlılar deyil, Uca Yaradan da biz insanlardan tələb edir. Çox təəssüf ki, "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" deyən Həsən Ruhani işğalçı və cinayətkar Serj Sarkisyandan bir dəfə də olsun soruşmayıb ki, sən Azərbaycanın işğal altında olan torpaqlarından öz yaramazlarını nə vaxt yığıb rədd olacaqsan?!"

Ü.Cəfərovun fikrincə, bütün bunlar İranın Azərbaycana olan münasibətinin göstəricisi idi: "Bu, sadəcə İran islam Respublikasının siyasi və hərbi rəhbərliyinin Azərbaycan Respublikasına, xalqımıza, millətimizə münasibətdə nə qədər qeyri-səmimi olmalarını, işğalçını dəstəkləməkdə davam etməsini bir daha diqqətə çatdırmaq idi.

Tanrı Azərbaycanımıza kömək olsun, bizi süni və riyakar "dost və qardaşlıq" edən dövlətlərdən və xalqlardan hifz etsin. Bizim özümüzdən və bir-iki dövləti çıxmaqla haqq səsimizi dəstəkləyən dövlətlərdən başqa nə dostumuz, nə də həmkarlarımız olmayıb və yoxdur. Kim nə deyir-desin, mənim gördüklərim və reallıq bunu göstərir".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR