Avrasiya İqtisadi İttifaqı daxilində yeni qarşıdurma
mərhələsi başlayır.
Publika.az xəbər verir ki, ittifaqın dünən
Sankt-Peterburqda keçirilən sammiti daxildə fikir ayrılığının
olmasını açıq şəkildə nümayiş etdirdi.
Xüsusilə Belarus prezidenti Aleksdandr Lukaşenkonun sammitə
gəlməməsi diqqət çəkdi.
Gömrük kodeksi
Avrasiya İqtisadi İttifaqı ərazisində gömrük münasibətlərini
tənzimləyən hüquqi baza sənədinin imzalanması məsələsi “Avrasiya
ailəsi”nin möhkəm təməllər üzərində qurulmadığını göstərir. Rusiya,
Ermənistan və Qazaxıstan bu kodeksi imzaladı. Lakin Qırğızıstan
imtina etdi. Aleksandr Lukaşenko isə sammitdə iştirak etmədiyi üçün
prosesdən kənarda qaldı.
Qırğızıstan prezidenti Almazbek Atambayev bildirdi ki, ittifaq
ölkələrinin əməkdaşlığında neqativ məqamlar çoxdur və bu, onun
ölkəsinin inteqrasiyasına mənfi təsir edir.
Lakin rəsmi Bişkekin Gömrük kodeksindən imtina etməsinin başqa
səbəbinin olduğu da aydındır. Belə ki, Avropa İttifaqı Mərkəzi
Asiya ölkələri arasında təkcə Qırğızıstanla iqtisadi əlaqələrini
genişləndirib. Qırğızıstan Brüssellə razılaşmaya görə, 6 min adda
məhsulunu Avropa bazarına gömrük rüsumu olmadan çıxara bilir.
Avrasiya ərazisində Gömrük kodeksini imzalamaq Qırğızıstanın Avropa
bazarını itirməsi ilə nəticələnə bilər. Amma bu həm də Putin
ittifaqının daxilində çatların daha da dərinləşməsinə gətirib
çıxarır.
Gömrük kodeksinin Avrasiya İqtisadi İttifaqı ərazisində 2017-ci
ilin 1 iyul tarixindən tətbiq olunacağı gözlənilir. Bu kodeksin
tətbiqindən bir il sonra – 2018-ci ildən etibarən, ittifaq
ölkələrinə xarici malların internet üzərindən sifariş edilərək,
vergisiz daxil olmasında azalmalar olacaq.
Lukaşenkonun sirri
Belarus prezidenti rus torpaqlarına gəlmədi və səbəb kimi onu
göstərdi ki, başı “Yeni il və milad bayramları vaxtı vətəndaşların
təhlükəsizliyinin təmin olunması üzrə” müşavirəyə qarışıb.
Lakin Kremlin mətbuat xidməti Dmitri Peskovun dediyi kimi, sənədlər
əvvəlcədən uyğunlaşdırılıb və Lukaşenkonun gəlməməsi onların
imzalanmasına mane olmayacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dedi ki, sammitdə
iştirak etməyənlər sonradan prosesə qoşulacaq.
Bu o deməkdir ki, Belarus bir müddət sonra kodeksi imzalayacaq.
Deməli, Lukaşenkonun gəlməməsinin səbəbi hansısa sənədin
imzalanmasına qarşı olması yox, tamam başqadır.
Putindən inciklik
Hazırda eyni ittifaqda olan Rusiya və Belarus arasında qaz satışı
üzrə fikir ayrılığı var. Minsk hesab edir ki, Rusiyadan aldığı
qazın min kubmetrinin ədalətli qiyməti 73 dollardır. Rusiya isə
qazı 132 dollara satır. Minskin iddiasına görə, qaz qiymətinin
yüksək olması Belarus mallarının Rusiya bazarında rəqabətə davamsız
olmasına səbəb olur. Bu fikir ayrılığı iqtisadiyyatın müxtəlif
sferalarında özünü göstərir.
Beynəlxalq Siyasi İnstitutun direktoru Yevgeni Minçenko Rusiya
mediasına açıqlamasında Belarusun iddialarının qaçılmaz olduğunu
deyib.
“Bu ölkə Avropa İttifaqı ilə sərhəddə yerləşir, NATO və Ukraynaya
yaxındır. Lukaşenko öz üstünlüyünü əla anlayır”, - deyə o
bildirib.
Lakin Lukaşenkonun sammitə gəlməməsinin arxasında başqa səbəblərin
olduğu də ehtimal olunur.
İlham Əliyevin manevri
Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı ilə yanaşı, eyni
ölkələrin yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) da iclası keçirilirdi. Bu iclas təşkilata yeni
baş katibin seçiləcəyi ilə tarixə keçməli idi. Əvvəldən razılaşmaya
görə, yeni baş katib erməni olmalıdır. Ermənistan bunu hələ
oktyabrın 14-də KTMT-nin İrəvanda keçirilən iclasında həyata
keçirmək istəyirdi. Hər şey demək olar ki, hazır idi və Sarkisyan
erməni baş katibi İrəvanda təqdim edəcəkdi. Lakin gözlənilmədən
Qazaxıstan prezidenti Nursultan Nazarbayev “xəstələndi”. Oktyabrın
11-də açıqlanan rəsmi məlumatda deyilirdi ki, Qazaxıstan prezidenti
ciddi şəkildə soyuqlayıb.
Nazarbayev İrəvana getmədi, lakin çox maraqlıdır ki, oktyabrın
15-i, İrəvandakı iclasdan bir gün sonra yenidən işinin başına
qayıtdı. Lakin artıq hər şey baş vermişdi: Nazarbayev iclasda
iştirak etmədiyi üçün KTMT-yə yeni baş katib seçilmədi. Həmin vaxt
siyasi dairələr bunu “diplomatik xəstəlik” adlandırmışdılar. Bu,
məntiqə uyğun idi. Çünki KTMT-yə erməni baş katibin gətirilməsi
Azərbaycanın əleyhinədir. Buna görə də rəsmi Bakı manevrlərini
artıraraq, bunun baş tutmaması istiqamətində addımlar atdı.
Azərbaycanın böyük dostu Nazarbayev bu məsələdə böyük rol oynadı.
Onun “xəstələnməsi”nin səbəblərindən biri də məhz Sarkisyanın
istəyinin baş tutmamasına hesablanmışdı.
Nazarbayev İlham Əliyevlə nəyi məsləhətləşib?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclasında quruma yeni baş katibin seçiləcəyi gözlənilirdi.