“Xaricdə təhsil üzrə Dövlət Proqramının ikinci layihəsi artıq tərtib olunub və müzakirəsi gedir”.
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, Xaricdə təhsil üzrə Dövlət Proqramının əsas məqsədi qısa müddət ərzində artan Azərbaycan iqtisadiyyatında müasir dünya səviyyəsində təhsil almış kadr çatışmazlığı problemini aradan qaldırmaqdan ibarətdir.
M.Cabbarov qeyd edib ki, hazırlanmış ikinci proqram layihəsi birinci proqramdan həm məntiqi, həm də fəlsəfi baxımdan seçilir: “ Burda biz əsas olaraq iki komponenti götürmüşük. Artıq xarici ali təhsil müəssisələrində qısa müddətə mütəxəssis yetişdirmək deyil, proqram vasitəsilə ali təhsil sistemimizin səviyyəsini artırmaq və onun beynəlmilləşməsini təmin etmək məqsədini güdürük. Birinci komponent ondan ibarətdir ki, yalnız magistr və PHD səviyyəsində təhsilini davam etdirmək istəyən soydaşlarımıza daha çox imkan yaradılacaq.
Proqrama daxil olan digər ikinci komponentə seçilmiş ali təhsil müəssisələrimizə xaricdən bizdə yeni yaradılan ixtisas sahələrinin ehtiyaclarını ödəmək üçün, ya da mövcud olan ixtisas sahələrinin dünya səviyyəsində fəaliyyətini təşkil etmək niyyəti ilə professorların gətirilməsi məqsədi daxildir. Bununla biz universitetlərimizdə tədrisin keyfiyyətinə müsbət təsir etmiş oluruq”.