Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9360 müraciətinə baxılmış, həmçinin 251 cinayət xarakterli material araşdırılmışdır. Araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanmış, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülmüşdür.
Publika.az xəbər verir ki, bunu İdarənin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hesabat dövründə Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olmuş, həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilmişdir.
Qeyd edilmişdir ki, 2015-ci illə müqayisədə daxil olmuş müraciətlərin sayında 1700 vahiddən çox azalmanın müşahidə olunması “Asan Xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bilavasitə bağlı olmuşdur.
2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanmış, habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanmışdır.
Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulmuşdur.
Hesabat dövründə Baş İdarə tərəfindən 480 cinayət işinin ibtidai istintaqı aparılmışdır. Onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilmişdir. Hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir.
Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olmuşdur.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilmiş, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur.
Hesabat dövründə Baş İdarədə 2241 vətəndaş qəbul edilmişdir.
2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilmiş, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılmış, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilmişdir.