Azərbaycan ABŞ-ın "Huffington Post" nəşrinin versiyasına görə, 2017-ci ildə turistlər üçün cəlbedici məkanların reytinqinə daxil olub.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a
verilən məlumata görə, nəşr Xəzər dənizinin sahilində, İran və
Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı "əl dəyilməyən
yer" adlandırıb.
"Huffington Post" Azərbaycana səfərə paytaxt Bakıya, qədim
memarlığın nadir nümunəsi kimi YUNESKO-nun Dünya İrsi siyahısına
düşən İçərişəhərə getməklə başlamağı məsləhət görüb. Nəşr bu gün
Bakının qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində
parlaqlıq yaradan XXI əsrin qalalarını özündə cəmləşdirdiyini qeyd
edib.
Nəşr Hökumət Evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli
tarixi abidələrdən biri olduğunu vurğulayıb. "Bakıda həmçinin xeyli
sayda muzey, teatr, kitabxana, opera var".
"Huffington Post" məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək
riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan
olacağını bildirib.
Nəşrin məlumatına görə, 2017-ci ildə turistlər üçün digər maraqlı
məkanlar Cənubi Koreya, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya,
Ekvador və başqa ölkələrdir.