“İndi Azərbaycanın bəzi gəncləri özlərini xarici film qəhrəmanlarına oxşadırlar”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bildirib.
Deputat deyib ki, Azərbaycan xalqı öz idmançılarını lazımı səviyyədə təbliğ etsə, idmançılar da qaliblərə və qəhrəmanlara bənzəməyə daha çox çalışar:
“Bu gün biz öz idmançılarımızı bölgələrdə təbliğ etsək, qaliblərimizi, qəhrəmanlarınmızı onlara göstərsək, bu, onların daha çox xoşuna gələr və onlar da özlərini öz qəhrəmanlarımıza oxşadıb bir-birlərini idmanla məşğul olmağa çağıracaqlar. Biz bu işləri görmək üçün əməli işlərimizi rəsmiyyətə salmaq istəyirik. Onsuz da bizim bu sahədə tədbirləri həyata keçirməkdə heç bir sıxıntımız yoxdur. Dövlət lazımı qədər bu tədbirlərə dəstək olur. Ancaq bizim bu işlərə qoşulmağımızın nəticələri daha gözəl olar”.
A.Əliyev qeyd edib ki, indi Azərbaycanda futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var.
Vasif Həsənli