"Azərbaycanda məşhurların "like"ını mən artırıram" - ŞOK ETİRAF

"Azərbaycanda məşhurların "like"ını mən artırıram" - ŞOK ETİRAF
16:37 2 Fevral 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda İnstagram ən çox istifadə edilən sosial şəbəkədir. Milyardlarla istifadəçisi olan bu şəbəkə Facebook, Twitter və digərlərindən sonra yaransa da, onları qabaqladı. Lakin son vaxtlar İnstagramda yaranan problemlər bu sosial şəbəkənin etibarını azaldıb-azaltmayacağı mövzusunu gündəmə gətirib. Bir çox məşhurlardan tez-tez eşitdiyimiz "səhifəm oğurlanıb", "səhifəmə müdaxilə olub", "parolumu qırıblar" və s. kimi şikayətlərdən tutmuş, qəfil profillərin yoxa çıxması əslində İnstagramın yenilənməsidir".

Milli.Az xəbər verir ki, bunu lent.az-a Azərbaycanda tanınmış İnstagram mütəxəssisi, proqramçı Sahib Rzayev deyib. Onun sözlərinə görə, İnstagram saxta profilləri yox etmək üçün ilin əvvəlində yenilənmə əməliyyatı keçirir: "Əslində hər bir insana bir profil düşməlidir. Lakin çox vaxt bir adam özünə 5-10 profil açır. İnstagram da bu saxta profilləri yox etmək üçün əməliyyat keçirməklə saxta səhifələri bağlayır. Əgər səhifə sənə aiddirsə, e-mail və Facebook səhifən bağlıdırsa, şəkilləri qaytarmaq mümkündür. Bunun üçün İnstagrama müraciət edilir".

Mütəxəssisin sözlərinə görə, İnstagram profilini qırmağı, müdaxilə etməyi bacarmaq asan iş deyil. Çünki bu sosial şəbəkə təhlükəsizliyi üçün hər il milyonlarla pul yatırır: "İnstagramın təhlükəsizliyi çox güclü qurulub. Tez-tez eşidirik, deyirlər ki, haker filankəsin profilinə müdaxilə edib. Azərbaycanda haker deyilən anlayış yoxdur. Dünyada iki güclü haker qrupu var, onlar da dövlətlərin təhlükəsizliyi üçün xidmət edirlər. Sadəcə texnikadan bir az başı çıxan insan neytral yollarla kiminsə profilinə müdaxilə edə bilər. Lakin bu da tez bir zamanda aşkarlanır. Çünki həmin adamın e-mailinə mütləq bildiriş gəlir. Diqqətli, tez-tez e-mailini yoxlayan adam bunu tez aşkarlayır". 

Proqramçı sosial şəbəkələrdə olan profillərin təhlükəsizliyi üçün çətin parollar qoymağı məsləhət görür. Çünki asan, xüsusən də insanın adına, doğum tarixinə uyğun parollar asanlıqla sındırıla bilir: "Sizin profilinizə yalnız sizi yaxşı tanıyan insan müdaxilə edə bilər. Çünki haqqınızda müəyyən məlumatlara malikdir. Həmin məlumatlara əsasən parollar yığır, onlardan biri də mütləq üst-üstə düşür. Sonra isə e-mail parolunuzu dəyişir və deyirlər ki, filankəsin profilini haker qırıb. Bu, haker işi deyil, sadəcə profilə müdaxilədir. Məqsəd isə pislik etməkdir".
 
S.Rzayev göndərilən müxtəlif linkləri də açmağı məsləhət görmür. Məhz bu naməlum linklər sayəsində də profil aşkarlana bilir: "İnsanların marağına səbəb olan link yollayırlar. Siz həmin linki açan kimi şəxsi məlumatlarınız profilə müdaxilə etmək istəyən insana gedir. Onlar da iz itirmək üçün həmin gün olmasa da, bir müddət sonra profilinizə müdaxilə edir. İnsanlara demək istəyirəm ki, Facebook, İnstagram və ya votsapda tanımadıqları insanlar tərəfindən göndərilən linkləri açmasınlar və sizdən loqin, parol istəyən səhifələrə girməsinlər. Bu linkləri ən çox türklər yaradır. Sonu org, tr olan linklərə daxil olmayın. Çünki bu müdaxilə proqramı onlara məxsusdur".
 
Son vaxtlar insanlar arasında digər bir insanın İnstagram və Votsapına nəzarət edə bilmək və ya kimin sənin səhifələrinə baxdığını bilmək kimi anlayış da yayılıb. Proqramçı bunun da həqiqətə uyğun olmadığını deyir: "Telefona proqram yükləyirlər ki, guya sənin votsapına və İnstagram səhifənə kimlərin girdiyini və baxdığını görəsən. Bu, qətiyyən həqiqətə uyğun deyil. Bu da profilə müdaxilə etməyin başqa bir yoludur. Proqram yükləyəndən sonra dostluğunuzda olan bir neçə nəfərin adını verir. Lakin həmin insanlar sizin səhifəyə baxmayıb və baxa da bilməz. Çünki profillərin təhlükəsizlik sistemi buna imkan vermir".
 
İnstagramda bağlanan profillər arasında online alış-verişlə məşğul olan səhifələrə daha çox rast gəlinir. Bunun da səbəbi orijinal olmayan malların internet üzərindən satılmasıdır: "Bir çox brendlərin İnstagram ilə müqaviləsi var. İnstagram səhifələrində həmin brendin saxta malı olarsa, o səhifə bağlanır. İnstagramda məşhur brendlərin qeydiyyatdan keçmiş səhifələri var. Digər bir səhifə həmin brendin saxta versiyasını alış-veriş məqsədilə paylaşan kimi brendə bildiriş gedir və səhifə bağlanır. Həmin bağlanan səhifələri qaytarmaq çox çətindir, bir aya yaxın vaxt aparır. Bu yaxınlarda Nike brendi ilə belə bir hal yaşanmışdı".
 
Yəqin ki, məşhur insanların milyonlarla izləyicisini görəndə bunun təbii olduğunu düşünürsünüz. Lakin bir çoxları da bu "izləmə" və "bəyənmə"lərin, yəni "follow" və "like"ların saxta olduğunu bilir. Təəccüblənməyin, İnstagramın özü süni "follow"lara şərait yaradıb: "İnstagramın özü "follow" proqramını yaradıb. Ödənişli olan bu proqram hələlik yalnız İphone telefonlarında istifadə edilməyə icazə verilir. "Follow" və "like"ların sayından asılı olaraq qiymət dəyişir. Saxta "follow" və "like"ların məqsədi reklam cəlb etmək və nüfuz qazanmaqdır. Bu proqram həm də həmin səhifənin daha çox görünməsinə imkan verir. Azərbaycanda tanınmışların 80 faizinin "follow" və "like"larını mən artırıram. Azərbaycanda həqiqətən bir milyon izləyici olan məşhur yoxdur".
 
S.Rzayev Azərbaycanda İnstagram səhifələrini geri qaytaran mütəxəssis kimi tanınır. O, ən çoxu 48 saat ərzində itmiş, yoxa çıxmış, silinmiş İnstagram səhifələrini geri qaytarmağı bacarır: "Əgər İnstagram səhifəsi onu mütəmadi olaraq işlədən insana məxsusdursa, onu 100 faiz qaytarmaq mümkündür. Çünki İnstagramın bazası var. Bütün profillər orada toplanır. Biz itmiş səhifə barədə müraciət edərkən onlar şəxsi məlumatlara baxaraq, əl izlərindən tutmuş, şəkillərə qədər skanerdən keçirir və profilin saxta olub-olmamasını aşkarlayıb bərpa edir. Mənim onların adminlərinə birbaşa çıxışım olduğu üçün yoxa çıxan profilləri qaytara bilirəm".
 
S.Rzayev heç bir halda heç kimin İnstagram səhifəsinə müdaxilə etmədiyini də bildirir. Ondan ən çox istənilən bu olsa da, mütəxəssis bundan imtina etdiyini söyləyir: " Mən itmiş, yoxa çıxmış İnsragram profillərini qaytarıram. Bu o demək deyil ki, kiminsə səhifəsinə də girə bilərəm. Bizə çox müraciət edirlər, "ailəmdə problem var, ərimin səhifəsinə gir", "sevgilimdən şübhələnirəm onun profilini qır", "bizim ailəmizi siz xilas edə bilərsiniz", "taleyimiz sizdən asılıdır", "sevgilimi mənə qaytarın", "ərimi mənə qaytarın", "filankəs mənə pislik edib onun səhifəsini dağıt" kimi xahişlər edirlər. Lakin mən heç kimin ailə münaqişəsi, sevgi münasibətləri və şəxsi məsələlərinə qarışmıram. Bunun üçün xüsusi xidmət orqanları var. Mən yalnız sosial şəbəkələrin şərtləri daxilində, yalnız texniki məsələlərlə bağlı işlər görürəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR