Azərbaycan ailəsi körpəsini təmin edə bilirmi? - REPORTAJ

Azərbaycan ailəsi körpəsini təmin edə bilirmi? - REPORTAJ
13:59 3 Fevral 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Övlad sevinci heç nə müqayisə oluna bilməz. Gəlişi ilə ailəyə bir dünya sevinc yaşadan körpəni təmin etmək hər bir valideynin borcudur.

 

Maraqlıdır, gənc ailələr doğulduğu ilk gündən 3 yaşa qədər övladlarına aylıq nə qədər pul xərcləyirlər? Azərbaycan ailəsi dünyaya gələn körpəsini təmin edə bilirmi?

 

Altı aydır ana olan Leyla Nəcəfova uşağa qulluğa görə verilən müavinətin azlığından gileylənir: "Bir həftəyə 5 qutu yemək istifadə edirəm. Altı aylıqdır. Bir qutuda 600 qramdır, gün yarıma çatır. Pampersində 34 dənəli olan qutusunu beş və yaxud altı günü istifadə edirəm. Bir həftəyə 70 manatacan xərcim çıxır. Bir aylıq isə 380-400 manata yaxın pul xərclənir. Adi əmziklərin bir dənəsi 2 manata başa gəlir, amma 10 manatlığı da var. Mən ən ucuzunu alıram".

 

Uşaq dünyaya gələndən sonra valideynlərə kömək məqsədilə birdəfəlik yardım və məzuniyyət zamanı övladlarının xərcini ödəmək üçün dövlət tərəfindən analara yardım edilir. Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik 90 manat müavinət verilir. Bu siyahıya körpənin sağlamlıq və dayə xərcləri əlavə edilmir. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda aşağı yaşayış səviyyəsində olan ailələrin sayı çoxdur, onda bu qənaətə gəlmək olar ki, işləyən valideynlər üçün bir körpəyə çəkilən xərc onların aldıqları məvacibdən dəfələrlə çox olur. Uşaq qida və pamperslərinin qiymətinin yüksək olması nə valideynlərin günahıdır, nə də körpələrin. Nəzərə alaq ki, bu uşaqlara geyim, oyuncaq, müxtəlif aksessuarlar, dərman vasitələri, həkimə baxış, gəzinti də lazımdır.

 

Sosioloq Əhməd Abbasbəylinin sözlərinə görə, qanunvericiliklə müxtəlif kateqoriyadan olan insanlar üçün fərqli müavinətlər təyin edilib: "Xüsusilə aztəminatlı ailələr üçün bu, kifayət qədər aşağı məbləğdir. Gələcəkdə Azərbaycanda demoqrafik problemin yaranmaması və nəsil artımı üçün bu problem çox mühüm bir məsələ olmalıdır".

 

Millət vəkili Qənirə Paşayeva hesab edir ki, bu gün Azərbaycan hökuməti əhalinin artmasında maraqlıdır və gənc ailələrə dəstək verilməsinin müxtəlif yolları tapılmalıdır: "Bu dəstək artmazsa, uşaqların sayı ailələrdə azalacaq. Xüsusilə çalışan ailələrdə bu, say məsələsinə ciddi təsir göstərəcək. Ona görə də bu faktorlar da nəzərə alınacaq".

 

Müqayisə üçün deyək ki, Belarusda 3 yaşına qədər uşağa ayda 230 manat, Rusiyada 600 manat verilir. Türkiyədə doğuşa yardım olaraq 1-ci uşaq üçün 165 manat, 2-ci uşaq üçün 205 manat, 3-cü və daha artıq hər bir uşaq üçün 310 manat verilir. Hollandiyada 18 yaşa kimi 240-320 manat uşaq pulu verilir, amma yaş artdıqca və uşağın tələbatı artdıqca verilən pulun məbləği dəyişir.

 

Azərbaycan prezidentinin sərəncamına əsasən, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 25 manat həcmində müəyyən edilib.

 

Azərbaycan qanunvericiliyinə görə, işləyən valideynə müavinət, onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR