BNA: Artıq daşıyıcılara marşrut xətləri müsabiqə yolu ilə veriləcək

BNA: Artıq daşıyıcılara marşrut xətləri müsabiqə yolu ilə veriləcək
16:22 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bakı şəhərində sərnişindaşıma xidmətləri göstərən özəl daşıyıcılara marşrut xətləri artıq müsabiqə yolu ilə veriləcək.
"Report"un xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) daşıyıcı şirkətlərlə görüşündə jurnalistlərə açıqlama verən Agentliyin baş direktorunun müşaviri Mübariz Abbasov bildirib. 
M.Abbasov qeyd edib ki, müsabiqə şərtləri daşıyıcı şirkətlərə göndəriləcək: "Müsabiqə şərtlərinə daxil olan amillərə daşıyıcıların istehsalat bazasının olması, nəqliyyat vasitələrinin standartlara cavab verməsi, sürücülərinin peşəkarlığı və s. aiddir. Bu şərtlərə əməl edən istər hüquqi, istər fiziki şəxs müsabiqədə qalib olacaq və Bakı Nəqliyyat Agentliyi ilə həmən daşıyıcı arasında 3-5 illik müqavilə bağlanacaq. Sahibkarlara Nazirlər Kabinetinin sürücülərin yaş həddi ilə bağlı qərarı Bakı Nəqliyyat Agentliyi vasitəsilə daşıyıcılara bildirilib, onlara tapşırıqlar verilib".
"Bugünkü görüşün məqsədi də məhz nəqliyyat sahəsində mövcud olan bir sıra problemləri daşıyıcıların diqqətinə çatdırmaq, onların təkliflərini dinləmək, problemlərin həlli istiqamətində müzakirələr aparmaqdır. Qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ərəfəsində məsuliyyət BNA-nın üzərinə düşür. İstər həmin idman oyunları keçirilən ərazilərə sərnişinlərin daşınması, istər idmançıların, könüllülərin daşınmasına nəzarət edən daşıyıcılarla müntəzəm olaraq görüşlər keçiriləcək. Bu barədə müzakirələr aparılacaq, birgə fəaliyyət istiqamətləri müəyyən olunacaq" - BNA rəsmisi qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/artiq-dasiyicilara-marsrut-xetleri-musabiqe-yolu-ile-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR