İki uşaq anasının üzünə “kislota” atmaqda təqsirləndirilən Vüqar Kərimov və cinayətin sifarişçisi olan qadının əri Tural Hüseynovun məhkəməsi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nuranə Hüseynova da iştirak edib. O bildirib ki, bir gözü tamamilə kor olub. Hadisənin baş vermə səbəbi isə Nuranənin keçmiş ərinin barışıq tələbinə rədd cavabı verməsi olub: "Dedi ki, onunla barışmalıyam. Biz rəsmi boşanmışıq. Məhkəmə müddətini də bilərəkdən uzadırdı. Mən də dedim, barışmayacam. Son bir il ərzində məni həmişə hədələyib, təhdid edib".
N.Hüseynova ona ağır xəsarət yetirən Vüqar Kərimovu tanımadığını deyib: "Üzümə kislota tökən şəxsi tanımıram. Tural zəng edib dedi ki, məhəllədəki mağazadan pulu götürüm. Alimenti mağazaya verirdi. Dedim, artıq mağaza bağlıdır. Dedi, mağazanın sahibi səni maşında gözləyir. Elə çatan kimi bu hadisə baş verdi. Heç nə görə bilmədim".
Keçmiş ərindən və üzünə "kislota" atan şəxsdən şikayətçi olduğunu deyən N.Hüseynova tələbini də açıqlayıb: "Mənim üzümü əvvəlki vəziyyətinə qaytarsınlar. Əməliyyat, müalicə xərclərimi qarşılasınlar. Vüqarın anasıgil bir neçə dəfə maddi kömək göstərib. Amma hər iki şəxsin ağır cəza almasını istəyirəm".
Məhkəmə zalında olan Tural Hüseynovun yaxınları deyiblər ki, onlar da Nuranənin əməliyyatına və müalicəsinə maddi kömək ediblər.
Növbəti məhkəmə prosesi fevralın 28-nə təyin edilib.
Qeyd edək ki,dəhşətli hadisə Pirallahı rayonunda baş verib. Gənc qadının – iki uşaq anasının üzünə “kislota” atıblar. Cinayətin nəticələri çox ağırdır, qadın kor olub.
Pirallahı rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçi - 1987-ci il təvəllüdlü Tural Hüseynov və icraçı – 1981-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.
Məlum olub ki, cinayət ötən ilin mart ayının 11-də törədilib. Cinayətin qurbanı Pirallahı qəsəbə sakini Nuranə Hüseynova olub.
İstintaq zamanı müəyyən edilib ki, Vüqar Nuranə Hüseynovaya evinin yanında pilləkənlərlə düşərkən hücum edib.
Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əri olub. Tural həmin gün arvadını evdən bəhanə ilə çıxarıb. O, arvadına zəng edib və deyib ki, tanışının yanında pul qoyub, gedib sadəcə pulu götürmək lazımdır. Hüseynova keçmiş ərinə inanıb, amma pilləkənlərdən düşməyə çatdırmamış Vüqar Kərimov ona hücum edib.
Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd edib, amma ödəməyib.