Cənub bölgəsinin məktəbliləri Salyan-Bakı-Naxçıvan marşrutu üzrə yola çıxıblar

Cənub bölgəsinin məktəbliləri Salyan-Bakı-Naxçıvan marşrutu üzrə yola çıxıblar
13:43 17 Mart 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Salyan, 17 mart, Mahir Babayev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonundan olan iştirakçıları martın 17-də Salyan-Bakı-Naxçıvan marşrutu istiqamətində yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Salyan şəhərinin rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri şəhərin Heydər Əliyev Parkına toplaşıblar. Tur-aksiyanın iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin müdiri Əbülfəz Bədəlov Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən növbəti tur-aksiyanın iştirakçılarının – 48 nəfərdən ibarət qrupun Naxçıvana yola düşmək üçün Bakıya yollandıqlarını diqqətə çatdırıb. Dörd gün davam edəcək tur-aksiyanın iştirakçıları qədim Naxçıvan diyarının tarix və mədəniyyət abidələri, muzey və mərkəzləri, digər görməli yerləri ilə tanış olacaq, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı ətraflı məlumat əldə edəcəklər.
Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü-liseyin XI sinif şagirdi Şahmar Rəhimli, şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Səkinəxanım Bağırova və başqaları sevinclərini ifadə edərək, onların yaddaşına əbədi həkk olunacaq bu layihənin reallaşmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra tur-aksiyanın iştirakçıları Naxçıvana getmək üçün onlara ayrılmış xüsusi avtobusla Bakıya yola düşüblər.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenub_bolgesinin_mekteblileri_Salyan_Baki_Naxchivan_marsrutu_uzre_yola_chixiblar-839939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR