ABŞ Dövlət Departamentinin nümayəndəsi Energetika Nazirliyində olub

ABŞ Dövlət Departamentinin nümayəndəsi Energetika Nazirliyində olub
17:12 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclasında ABŞ-ı təmsil edəcək nümayəndə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib. 
Bu barədə “Report”a Energetika Nazirliyind'n bildirilib. 
“Cənub Qaz Dəhlizi” layihəsinə ABŞ-ın davamlı dəstəyini yüksək dəyərləndirən N. Əliyev qonağı layihə üzrə işlərin gedişatı və qarşıya çıxan çətinliklər barədə məlumatlandırıb. Nazir deyib ki, bu gün dünyada cərəyan edən mürəkkəb siyasi-iqtisadi proseslər, Yunanıstan, İtaliya kimi ölkələrdə hökumət dəyişiklikləri “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bu və ya digər dərəcədə təsir göstərir: "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünü təşkil etməkdə məqsəd yaranmış narahatlıq və problemlərin birgə müzakirəsinə və aradan qaldırılmasına nail olmaqdır. 
Azərbaycanlı nazir Məşvərət Şurasının 2015-ci ildən bəri keçirilən iclaslarında iştirakçı ölkələrin sayının hər il artması və ildən-ilə nümayəndə heyətlərinin daha yüksək statuslu və səlahiyyətli şəxslərdən təşkil olunmasını bu layihəyə böyük marağın göstəricisi kimi qiymətləndirib. O, “Şahdəniz - Mərhələ 2” və “Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə işlərin yekunlaşma mərhələsinə daxil olduğunu, lakin İtaliyada “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklərin yaşandığını və “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu olması üçün bütün seqmentlərin vaxtında reallaşmasının vacibliyini diqqətə çatdırıb. N.Əliyev Məşvərət Şurasının bu iclasının layihənin həyata keçirilməsində məsul olan bütün tərəflərin səylərini artırmasına töhfə verəcəyini bildirib.
Öz növbəsində, R. Danniqan da “Cənub Qaz Dəhlizi” layihəsini enerji təhlükəsizliyinin prioriteti hesab etdiyini vurğulayıb, Azərbaycanın TAP-ın reallaşmasında israrlı mövqeyini bölüşdüyünü deyib. O, ölkəsinin layihəyə dəstəyinin bundan sonra da davam edəcəyini bildirib.
Görüşdə Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də fikir mübadiləsi aparılıb.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-dovlet-departamentinin-numayendesi-energetika-nazirliyinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR