"Ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsi və hücuma keçməsində məqsəd ötən ilin aprelinə itirdiklərinin qisasını almaqdır. Bizdə olan məlumatlara görə, hazırda cəbhədə artilleriya döyüşü gedir. Amma ermənilər yerinə otuzdurulub, onlara lazımi cavab zərbəsi endirilib".
Bu barədə cəbhədə baş verən son hadisələri şərh edən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib.
Ermənilərin niyə məhz Xocavənd-Füzuli istiqamətində hücuma keçməsinə gəlincə, hərbi ekspert bildirib ki, məqsəd oradakı böyük əraziyə nəzarət etməyə imkan verən strateji yüksəklikləri ələ keçirməkdir:
"Ermənilərin ardıcıl təxribatlar törətməsində məqsədləri odur ki, Lələtəpənin, Talışın qisasını alsınlar. Onlar Talış kəndi, eyni zamanda da Lələtəpə istiqamətində bir neçə dəfə hücum edərək Azərbaycan Ordusunun azad etdiyi torpaqları geri almağa cəhdlər ediblər. Amma alınmayıb. Ona görə də indi istiqaməti dəyişiblər. Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Nərgiz təpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərlər".
Amma polkovnikin fikrincə, döyüşlər uzun müddət davam etməyəcək:
"Məncə, hegemon dövlətlər bunun uzun müddətli olmasına imkan verməyəcək. Əslində, bütün bu məsələlərin arxasında Rusiya durur. Elə ona görə də, ilk növbədə, Rusiya döyüşləri uzun müddət davam etməyə qoymayacaq".
Milli.az