Həftənin əsas hadisələrindən biri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi oldu. Həftənin sonunda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşdi. Fevralın 20-də “Dağlıq Qarabağ Respublikasında” “konstitusiya dəyişiklikləri” ilə bağlı “referendum” keçirildi. Fevralın 22-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə arsenalını genişləndirmək barədə fevralın 23-də verdiyi bəyanat gündəmdə bomba effekti yaradıb.

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

Fevralın 23-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası başlayıb. Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Fevralın 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

Erməni həmkarı Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, Moskva daha əvvəl qəbul edilmiş qərarlar əsasında Qarabağ münaqişəsinin nizama salınması üçün məqbul yolların axtarışını dəstəkləyir. “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupu formatının alternativi yoxdur”, - deyə Lavrov bildirib.

Nazirlərin görüşü zamanı bildirilib ki, Hazırda Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri üçün hazırlıq gedir. Sergey Lavrov həmçinin özünün İrəvana səfər edəcəyini deyib.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikasında” fevralın 20-də “konstitusiya dəyişiklikləri” ilə bağlı “referendum” keçirilib. Dəyişiklik prezident idarəçiliyi formasına keçidi nəzərdə tutur. Mövcud “konstitusiyaya” görə “DQR” yarım prezident respublikası sayılır.

“Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm”.

Bunu isə Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib. E.Məmmədyarovun Moskvaya səfəri mart ayında baş tutacaq.

“Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır”.

Bu fikirləri işğalçı Ermənistanın başçısı Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib. S.Sarkisyan açıq etiraf edib ki, Rusiyasız Ermənistan müstəqil dövlət ola bilməz.

“Ötən il Rusiya tərəfindən verilmiş “İsgəndər” raket kompleksləri Ermənistan silahlı qüvvələrinə aiddir və onları xüsusi hazırlıq keçmiş erməni zabitləri idarə edirlər”. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.

Nazirin sözlərinə görə, Ermənistan vəziyyətin inkişafından asılı olaraq “İsgəndər”in tətbiqi haqqında qərar qəbul edəcək.

Qarabağ üçün BÖYÜK PLAN, sərhədlərdə QİYAMƏT QOPACAQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İrəvan “İsgəndər” raketlərinin kodlarından danışdı

"Onları xüsusi hazırlıq keçmiş erməni zabitləri idarə edirlər”.