Metbuat.az saytı "Kitabxana effekti" adlı layihəyə start verir. Bu layihəmizdə ədəbi proseslərin içində olan şəxslərlə söhbət apararaq, ədəbiyyatın cari durumu, potensial oxucuların əvvəlki dönəmlərlə müqayisədə kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə edəcəyik.

İlk qonağımız şair Aqşin Yeniseylə olan müsahibəni təqdim edirik:

Yaxşı yaza bilmək üçün istedadlı olmaq işin hansı hissəsini təmin edir?

- Tibbdə belə danışarlar ki, təbiət yeni doğulan uşağa köməksiz qaldıqda, üç günlük ehtiyatı dərisinin altında hələ ana bətnindəykən ona pay qoyur. Məncə, istedad da yaradıcı şəxsə verilən o paydır, kitablara çatana kimi keçinmək üçün. Ədəbiyyatda isə belə bir yayğın deyim var ki, bir şair başqa bir şairdən doğur, heç bir şair özü-özünü doğa, yarada bilməz. Sualınızın cavabına elm və sənət bilicilərindən gətirdiyim bu iki təsvirə bir şey əlavə edib mübahisələrə yol açmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, uşaqdan fərqli olaraq istedadın anası təbiət yox, tarixdir. İstedad tarixi hadisədir.

Ədəbiyyatın təntənəsi həm də oradan baxdıqda bütün dəyərlərin görünməsidir. Bəs niyə bəşəri miqyasda götürsək belə ədəbiyyat məişət məzhəkəçiliyinə, kütləni bütövlükdə qane edən məzmunsuz həyat prinsiplərinə məğlub olur?

- Biz mədəni insan dedikdə, əksər hallarda təhsil prosesi nəticəsində müəyyən peşə vərdişlərinə yiyələnmiş, qanunlara tabe olan, ən əsası, “qatığın ağ olduğunu” bilən - söyləməsə də olar - fərdləri nəzərdə tuturuq. Bu şəxslər mədəni yox, sadəcə, müasir insandır. Mədəni insan özündə daima intellektual və estetik həzzə ehtiyac hiss edən və bu ehtiyacları təmin etmək üçün gecə-gündüz mədəni sərvətlərin istehsalı haqqında düşünən insanıdır. Dünya əhalisi isə daha çox filistinlərdən ibarətdir. Filistin dedikdə özündə heç bir intellektual, estetik həzzə ehtiyac hiss etməyən, sənəti anlamayan, yumor hissindən məhrum, ya da onun səthi zarafat qatına sahib və anlamadığı hər şeyi nadanlığının günahkarı kimi görən, hətta bəzən ondan qisas almağa çalışan cahil nəzərdə tutulur. Filistin elmdən, incəsənətdən uzaq adam deyil, yəni, biz oxumaq, öyrənmək imkanı olmayan kəndlini, sürücünü, fəhləni və s. filistin adlandıra bilmərik, o vaxt qədər ki, o, özünü xəbərsiz olduğu mövzulara qarşı qoymasın. Filistin hər şeydən bir az bilən və bu az bilgi ilə silahlanıb bütöv elmin, sənətin üstünə hücum edən şəxsdir. Dinin və siyasətin ən asan yolla ələ aldığı və öz rəqiblərinə qarşı istifadə etdiyi qaragüruhdur. Əslində, filistin elmin, sənətin yaraladığı adamdır, o, əlinə düşən hər fürsətdə bunun qisasını almağa çalışır və həmişə bu fürsəti ona köləsi olduğu din və siyasət verir. Sizin kütlə dediyiniz ittifaq, demək olar ki, bu cür adamlardan ibarətdir və mədəni adamlara nisbətən təbii ehtiyaclarla bir-birilərinə daha sıx bağlıdırlar. Sənət sahibi, şair, rəssam, bəstəkar, bir növ snayperdir, o kütləyə atəş açırsa, axmaqdır, onun işi kütlənin içindəki “seçilmişləri” “ovlamaqdır”. İdealist düşüncəyə görə, tanrının özü də belə etmirmi?

"Dan Yeri" adlı son əsərinizi nə vaxt kitab halına salmağı planlaşdırırsınız?

- Demək olar ki, hazırdır, ancaq mənim kitab anlayışım, nə qədər gözlənilməz səslənsə də, bir az dini məzmununu qoruyub saxlayır. Yəni müqəddəslik statusu zədələnməyib. Yazıçı və şair kitabını öz ömrü çərçivəsində görməməlidir. əsl əsər, əsl kitab, əslində, müəllifin yox, zamanın övladıdır. Hələ öz kitabımı övladlığa verməyə tələsmirəm, onsuz da, gec-tez bu baş verəcək.

"Qoca və dəniz", yoxsa "Dəniz kənarıyla qaçan Alabaş"?

- Hər iki əsərdə bir qoca var. Məncə, hər iki əsər bu qocalara görə eyni dəyərə sahibdir. Hər iki qoca bizə yaşamağın nə qədər dəyərli və mübarizələrlə dolu olduğunu göstərir. “Qoca və Dəniz”dəki qoca balıqçı niyyəti bəlli olmayan tale kimi onu arxasınca aparan balıqla mübarizədən geri çəkilmir və balığa qalib gəlməklə, əslində, öz taleyi üzərində qələbə şansının insan iradəsinin əlində olduğunu təsdiqləyir. İnsan iradəsi qarşısında hətta talenin də məğlub ola biləcəyinə ümid yaradır. “Dəniz kənarı ilə qaçan alabaş”dakı qoca isə həyatın gələcəyi naminə öz payına düşən suyu nəvəsinə saxlamaq üçün özünü dənizə atır. Məncə, hər iki əsər oxucuya heç bir məktəbdə öyrədilməyən həyat dərsi keçir. Umberto Ekonun qəhrəmanı “Qızılgülün adı”nda deyir ki, sirlər təbiətin kitabında gizlənib, insan təbiətin kitabını oxumalıdır. Eko alim idi, alimlər adətən həyatdan uzaq adamlar olurlar. Hətta həyatı da elmi təcrübələrlə anlamağa çalışırlar. Heminquey və Aytmatov isə bizə bu iki əsərdə həyatın kitabını oxudur. Qatqısı olmayan xalis yazıçılar kimi.

Yazmağın artıq sizin üçün mükəlləfiyyətə, əbədi və gileylənmək üçün cürət etmədiyiniz öhdəliyə çevrildiyini hiss edirsinizmi?

- Mən yazmaqdan çox, yazdığımı düşünməkdən zövq alan adamam. Yazmaq mənə ağlagəlməz mətləbləri düşünmək üçün cəsarət verir, adiliklərdən uzaqlaşdırır. İşin bu tərəfi olmasa, əlimə kağız, qələm almaram. Hətta dünya ədəbiyyatına da münasibətim bu qədər kəskindir, məni adiliklərin içinə soxan heç bir müəllifi oxumuram, lap istəyir, əlli Nobel alsın.

Kitabxana effektini məhz insanların həyatına diqtə edərək, onların özünün də daha oxunaqlı və hüzurlu olmasını təmin etmək çətindirmi?

- Çətin deyil, amma zəhmətli işdir. Yazıçı Kamal Abdulla rektor olanda Slavyan universitetində imtahanlara hər tələbə üçün əlavə olaraq dünya ədəbiyyatından bir-iki əsər də daxil etməyi tapşırırdı, indi yəqin ki, yeni rektor bunu qadağan edib. Bizim rektorlar universitetləri toyuq ferması kimi idarə edir. Qoy bunu da deyim ürəyim soyusun. Yazıçı kimi oxucu da yetişməlidir. Bizim cəmiyyət isə hər vasitə ilə nəinki oxucunun, yazıçının yetişməsinə belə əngəl olmağa çalışır. Şair Qəşəm Nəcəfzadə bir ata kimi əlindən gələn hər şey edir ki, oğlu gənc Kəramət Böyükçöl də özü kimi ailə, məişət dəyərləri çərçivəsində bir yazı adamı olsun. Adiliklərin boyunduruğundan çıxmasın. Nə vaxta qədər ki, Azərbaycanda şair, yazıçı statusu ata-oğul statusundan aşağı görüləcək, biz əsl ədəbiyyatın nə olduğundan xəbərsiz doğulub-öləcəyik! Oğuldan imtina etməsək şair, atadan imtina etməsək yazıçı üzünə həsrət qalacağıq, necə ki, qalmışıq.

Ənənəvi sual: oxumaq istəyənlərə 10 əsər məsləhət görün.

- Hər yaşın özünün oxumalı on kitabı var, mən indi burda Servantesdən girib Hüqodan çıxmaq istəmirəm. Adamların ədəbiyyat dünyasını on kitabla daraltmaq olmaz.

Orxan İsmayıl / Metbuat.az