Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə bildirilib ki, X.Bəkirova 3 gün əvvəl Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları körpəni məhkəməyə gətiriblər.

Məhkəmə baxışı martın 15-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrında Bakıda mənzillərin birindən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1993-cü il təvəllüdlü Yevlax rayon sakini Xalidə Bəkirova və Gülşən Bəkirova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində