Zebraların üzərindəki ağ-qara zolaqların səbəbini araşdıran alimlər bu dəfə pandaları hədəf seçiblər.
Metbuat.az-ın məlumatına görə, Kaliforniya Universiteti (Deyvis) və Kaliforniya Dövlət Universitetinin (Lonq Biç) ortaq araşdırması nəticəsində pandaların dərisindəki ağ-qara zolaqların iki funksiyası olduğu ortaya çıxıb: kamuflyaj və rabitə.
Kaliforniya Universitetinin professoru Tim Karo: "Biologiya elmi uzun müddət idi ki, nəhəng pandaların niyə bu formada olmasına cavab tapmaqda çətinlik çəkirdi. Çünki başqa məməlilərdə belə bir görünüşə rast gəlmək mümkün deyil. Bu araşdırmanın ən önəmli tərəfi pandaların bədən hissələrinin ayrı-ayrılıqda təhlil edilməsidir".
Pandaların əksəriyyətinin üzü, boyun nahiyəsi, qarnı və kürək hissəsi ağ rəngdədir. Araşdırmalar nəticəsində məlum olub ki, onlar bu ağ zolaqlardan qarlı yaşayış məskənlərində gizlənmək üçün istifadə edirlər. Əl və ayaqlarının qara olması isə kölgədə kamuflyaj effekti yaradır.
Alimlər iddia edirlər ki, pandaların xəzinin ağ-qara olması onların bambukla qidalanması ilə birbaşa bağlıdır. Belə ki, pandalar müxtəlif bitkiləri rahatlıqla həzm edəcək qədər güclü deyillər. Onlar digər ayılardan fərqli olaraq, qış yuxusuna getmək üçün lazımı qədər yağ depolaya bilmirlər. Bu səbəbdən də ilboyu aktiv həyat tərzi keçirən pandalar uzun məsafələr qət edir, tropik meşələrdən qarlı dağlara kimi, müxtəlif yaşayış məskənlərini ziyarət edirlər.
Pandaların qara "qulaqcıq"ları isə rabitə məqsədi daşıyır. Onlar bu vasitə ilə özlərini yırtıcılardan qorumaq üçün bir-birləri ilə əlaqə yaradırlar.