İtaliyanın Sardiniya adasında yerləşən kiçik Bolotana kəndində qadınların uzunömürlülüyü ilə bağlı aparılan araşdırmanın nəticələri maraqla qarşılanıb. Cəmi bir neçə min sakinin yaşadığı kənddə insanların, xüsusilə də qadınların 100 yaşa çatmaq ehtimalının yüksək olduğu müəyyənləşib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Çikaqodakı İllinoys Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada Bolotananın dünyanın uzunömürlülüyü ilə seçilən bölgələrindən birinə çevrilə biləcəyi açıqlanıb.
Təxminən 2 300 sakinin yaşadığı kənddə 1900-1925-ci illər arasında doğulan 3 060 nəfərin məlumatları araşdırılıb. Nəticələrə görə, həmin şəxslərdən ən azı 38-i 100 və daha çox yaşa çatıb.
Xüsusilə qadınlarla bağlı göstəricilər diqqət çəkib. Araşdırmaya əsasən, Bolotanada 70 yaşına çatmış qadınların təxminən 14 faizi 100 yaşını görür. Müqayisə üçün bu göstərici İtaliyada 3,5, ABŞ-da isə 3,6 faizdir.
Bundan başqa, Bolotanada 70 yaşlı qadınların orta hesabla 91 yaşa qədər yaşaması gözlənilir. Bu göstəriciyə görə kənd Hong Konqdan sonra dünyada ikinci yerdə qərarlaşıb.
Alimlər Bolotanada insanların daha uzun yaşamasının dəqiq səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Bununla belə, bir sıra amillərin uzunömürlülükdə rol oynaya biləcəyi ehtimal olunur.
Kənddə zeytun yağı və digər sağlam yağlarla zəngin məhsulların böyük hissəsi yerli istehsaldır. Dağlıq ərazidə yerləşən Bolotananın dik küçələrində nəqliyyatdan daha çox piyada hərəkətə üstünlük verilir.
Digər mühüm amil isə sosial münasibətlər hesab olunur. Ailə üzvlərinin və qonşuların bir-birinə yaxın yaşaması insanların sosial təcriddən uzaq qalmasına və aktiv sosial həyat sürməsinə şərait yaradır.
Bolotananın uzunömürlülük göstəriciləri kəndi potensial “Mavi zona” namizədlərindən birinə çevirib. “Mavi zona” termini ilk dəfə Sardiniyada aparılan araşdırmalar zamanı 100 yaşdan yuxarı insanların daha sıx yaşadığı ərazilərin xəritədə mavi dairələrlə işarələnməsi ilə ortaya çıxıb.