Avstriya Xarici İşlər Nazirliyinin rəsmi internet saytına kiberhücum nəticəsində hakerlər qurum əməkdaşlarının və ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin işgüzar əlaqə məlumatlarına çıxış əldə ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə Avstriya Mətbuat Agentliyi (APA) nazirliyin bəyanatına istinadən məlumat yayıb.
Bəyanata görə, xarici podratçı şirkət tərəfindən idarə olunan sayta icazəsiz müdaxilə noyabrın 12-dən 13-nə keçən gecə baş verib. Hadisə “Microsoft” sistemlərində qeydə alınan qlobal nasazlıqla eyni vaxta təsadüf edib. İcazəsiz giriş noyabrın 13-də aşkarlanaraq bloklanıb.
Araşdırma zamanı hakerlərin Avstriya XİN-in mərkəzi aparatının və xaricdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının adları, eləcə də işgüzar əlaqə məlumatlarının yer aldığı qeydlərə çıxış əldə etdiyi müəyyənləşib. Nazirlik insident zamanı məxfi və ya fərdi məlumatların oğurlanmadığını bildirib.
Qurum xarici podratçı şirkətlə birlikdə sistemin təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər gördüyünü, əlavə texniki yoxlamalar apardığını və hadisəyə ciddi yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Avstriya Xarici İşlər Nazirliyi daha əvvəl də kiberhücumların hədəfi olub. 2020-ci ilin əvvəlində qurum genişmiqyaslı hücuma məruz qalıb, 2022-ci ilin aprelində isə fişinq məktubları vasitəsilə hücum cəhdləri qeydə alınıb.