Meksikanın Sinaloa ştatında yerləşən həbsxanada baş verən silahlı qarşıdurma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb. Qanlı hadisə məhbuslar arasında atışma zamanı baş verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qarşıdurma Sinaloa ştatının Mazatlan şəhərindəki El-Kastilyo həbsxanasında məhbusların yaxınları ilə görüşü zamanı olub.

Ştatın ictimai təhlükəsizlik qurumunun məlumatına görə, ölənlərdən 9-u məhbus, biri isə həbsxanaya ziyarətə gələn mülki şəxsdir. Yaralanan 16 məhbus tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb.

Yerli mediada yayılan məlumatlara əsasən, atışma zamanı odlu silahlardan istifadə edilib. Qarşıdurmanın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

Hadisədən sonra həbsxanaya ordu, Milli Qvardiya və digər təhlükəsizlik qüvvələri cəlb olunub. Rəsmilər vəziyyətin nəzarət altına alındığını bildiriblər. Təhlükəsizlik tədbirləri çərçivəsində məhbuslarla görüşlər də müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, təxminən 1800 məhbusun saxlanıldığı həbsxanada baş verən hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları qarşıdurmanın səbəblərini və hadisədə iştirak edən şəxsləri müəyyənləşdirməyə çalışır.