Türkiyənin İzmir vilayətinin Karaburun rayonu sahillərində həvəskar dalğıc təxminən min il yaşı olan qızıl sikkə tapıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, dalğıc dənizin 2-3 metr dərinliyində tapdığı sikkəni İzmir Arxeologiya Muzeyinə təhvil verib.

Mütəxəssislərin araşdırmasından sonra qızıl sikkənin 969-976-cı illərdə hakimiyyətdə olmuş Şərqi Roma imperatoru I İoann Tzimiskesin dövrünə aid olduğu müəyyənləşdirilib.

Tarixi sikkənin hər iki üzündə diqqətçəkən təsvirlər yer alır. Bir tərəfində başı halə ilə təsvir olunan Hz. İsanın bir əlində İncil tutduğu, digər əli ilə xeyir-dua verdiyi göstərilib. Digər tərəfində isə Hz. Məryəmin imperatoru taclandırdığı təsvir olunub.

İzmir Arxeologiya Muzeyinin direktoru Savaş Gürbüz bildirib ki, sikkə muzeyə təhvil verildikdən sonra qanunvericiliyə uyğun prosedura başlanılıb.

Mütəxəssislərdən ibarət komissiya tarixi əşyanın statusunu müəyyənləşdirəcək. Sikkənin inventarlaşdırılması qərara alınarsa, onun dəyəri xüsusi komissiya tərəfindən müəyyən ediləcək. Daha sonra müəyyənləşdirilən məbləğ sikkəni tapan vətəndaşa ödəniləcək.

Qeyd edək ki, 2-3 metr dərinlikdən tapılan təxminən min illik qızıl sikkənin bütün prosedurlar başa çatdıqdan sonra İzmir Arxeologiya Muzeyində nümayiş etdirilməsi planlaşdırılır.