Həbsdə olan general Akif Çovdarovun zərərçəkəni, dələduzluqda təqsirləndirilən İlham Qasımovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib. Beləki, İlham Qasımov barəsində olan 15 il azadlıqdan məhrum edilmə cəzası 3 il azaldılıb və barəsində qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkəti inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın ( Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib. İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İlham Qasımov 15 il müddətə azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.