İnsanın gündəlik qida rasionunun demək olar ki, əsasını ət və süd məhsulları təşkil edir. Tərkibindəki yüksək proteinlə seçilən və güc mənbəyi olan bu qidaları hər insan ömründə bir dəfə də olsun dadır. Lakin müəyyən bir insan təbəqəsi var ki, onlar ət və süd məhsulları, yumurta istifadə etmir. Vegeterianlar adlanan bu təbəqənin sayı xüsusilə son zamanlar artıb.
Metbua.az vegeterianlıq bir qidalanma sistemidir. Bu tip qidalanma sistemindən qədim Roma, Hindistan və Yunanıstanda ciddi şəkildə istifadə edilib.
Latınca “vegetus” sözündən yaranan və "tərəvəzlə qidalanmaq" mənasını verən vegeterianlıq xüsusilə Hindistanda geniş yayılıb. Bu isə onların inəyi müqəddəs saymaları ilə bağlıdır.
Alimlərin fikrincə, vegeterianların zəka səviyyəsi ət yeyənlərdən 7 faizdən yüksək olur.
Vegeterianlıq insan beyni ilə sıx bağlıdır. Könüllü olmadıqda ya pəhriz, ya da xəstəlikdən qorunma məqsədilə əməl edilir.
Ət, balıq, toyuq, süd və süd məhsullarından istifadə etməyən vegeterianlarla yanaşı, daha sərt qaydalara riayət edən veganlarda var. Onlar qeyd edilənlərlə yanaşı, tərkibində heyvan yağ olan qidalardan da imtina edir.
Yarı vegeterianlar isə qırmızı ət, balıq və yumurta yemir. Yəni, konkret bir qidadan imtina edirlər.
Xüsusi tədqiqatlar nəticəsində vegeterianların ətraf mühitə daha çox ziyan vurduqları məlum olub. Bir kalori üçün istifadə olunacaq salatın tərkibində bitkilər, xərcləri və atmosferə vurduğu ziyan, bir kalori ətin istifadəsindən daha çoxdur.
Dietoloq Leyla Zülfüqarova məsələ ilə bağlı açıqlamasında vegeterianlığın yaratdığı bəzi fəsadlardan danışıb:
“Düzgün qidalanmamaq sağlamlıq üçün böyük riskə yol aça bilər. Normal planlaşdırılmamış bir vegeterianın qida rasionunda F, B 12, karbohidrat və zülal əksik olur ki, bu da insan orqanizmi üçün təhlükəlidir. Belə insanlarda əsasən, anomiya, qalxanabənzər vəzi xəstəlikləri özünü büruzə verir. Bu cür fəsadlarla qarşılaşmamaq üçün "balanslaşdırılmış qida rasionu" na riayət etmək lazımdır”.
Aytən Novruzova / Metbuat.az