Keçmişdə gündəlik ehtiyac üçün istifadə olunan nalınlar (taxta başmaqlar) indi nostalji və zəriflik simvolu kimi yenidən populyarlaşıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, plastik məmulatların yayılması ilə zəifləyən nalınçılıq son illərdə yenidən maraq doğurur.

Müasir dizaynlar və fərdi sifarişlər bu ənənəvi başmaqları həm istifadə, həm də dekorasiya üçün populyar seçimə çevirib.

Ege bölgəsinin azsaylı nalın ustalarından Murat Vatan bildirib ki, Osmanlı dövründən 1980-ci illərə qədər geniş yayılan sənət 2010-cu ildən sonra yenidən canlanıb. Onun sözlərinə görə, nalınlar əvvəllər zərurətdən, indi isə əsasən estetik görünüşünə görə alınır.

Keçmişdə nalınların rəngləri də fərqli məna daşıyıb. Gənc qızlar parlaq, yaşlı və dul qadınlar isə tünd rəngli nalınlar geyinib.

Hazırda gündəlik istifadə üçün nalınlar 400-500, sədəf naxışlı və saray üslublu modellər isə 5-8 min Türkiyə lirəsinə satılır. Məhsullara dekorativ əşya kimi də tələbat artır.