Heyvan saxlayan uşaq...

Heyvan saxlayan uşaq...
21:27 12 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Elə valideynlər var ki, uşaqlarına ev heyvanları ilə oynamağı qadağan edir. Uşaqlar gördüyü balaca pişiyə, dovşana sığal çəkmək, onlara qayğı göstərmək istəyən kimi "Əl vurma!", "Olmaz", "Eləmə" deyərək qışqırırlar. Lakin nəzərə almırlar ki, ev heyvanları ilə təmasda olmaq uşaqlara qayğı göstərməyi, mehriban, mərhəmətli və məsuliyyətli olmağı öyrədir.

Uşaqlıqdan saxladığı dovşana, pişiyə qayğı göstərən uşaq gələcəkdə xeyirxah, mərhəmətli insan kimi formalaşacaq. Valideynlərin övladlarının ev heyvanı saxlaması istəyinə qarşı çıxması, balacaların daxilində yenicə yaranan qayğı göstərmək istəyinə qarşı sədd çəkə bilər.

Milli.Az xəbər verir ki, psixoloq Vəfa Rəşidovanın "Ekspress"ə bildirdiyinə görə, hər uşaq heyvanlara qarşı mərhəmət hissini duymur: "Uşaqlarda ev heyvanlarına mərhəmət hissini valideyn oyatmalıdır. Mərhəmət hissi uşaqlarda nə qədər çox formalaşarsa, uşaq yaxşı, xeyirxah bir insan kimi formalaşacaq. Heyvanlara qarşı mərhəmət hissi olmazsa, uşaq daha aqressiv olur. Belə insanlar düşüncələrində, fikirlərində, davranışlarında, hərəkətlərində başqalarına qarşı hədsiz dərəcədə sərt ola bilirlər".

Heyvanlarla ünsiyyətin uşaqlara müsbət təsir göstərdiyi qənaətində olan müsahibimizə görə, balacalar, ümumiyyətlə, ev heyvanları ilə oynamağı, onlara qayğı göstərməyi çox xoşlayır. "Hər şey elə burdan başlayır. Uşaq bunu etməklə özünü təsdiqləyir ki, mən də qayğı göstərə bilirəm".

Psixoloq əlavə edib ki, heyvanlara qayğı göstərmək uşaqlara məsuliyyət hissini aşılayır: "Yetkin insanlar belə heyvan saxlamaqda çətinlik çəkir. Əgər bunu uşaq edirsə, artıq kiçik yaşlarından canlı bir varlığın həyatı üçün məsuliyyəti öz üzərinə alır. Balaca uşaq böyüklərin qayğısına qalmaqda çətinlik çəkər, heyvanların isə yeməyini, suyunu verərək, onlara sığal çəkərək canlıların, əsas insanların da dəyərli olduğunu, hər kəsin, hər canlının qayğı və sevgiyə ehtiyac duyduğunu anlayar. Bu proses həm də uşağın daim "alıcı" olmamasına xidmət edir. Heyvanlara qayğı göstərən uşaq, artıq yalnız böyüklərdən qayğı alan deyil, həm də qayğı göstərən, "verici"dir".

V.Rəşidovanın dediyinə görə, bundan başqa, uşaqların ev heyvanları ilə əlaqə qurması dostları ilə də ünsiyyət qurmasına müsbət təsir edir. "Xüsusilə də, ailədə tək böyüyən uşaqlar heyvana qayğı göstərməklə, paylaşmağın da vacibliyini anlaya və bunu qəbul edə bilər. Heyvanlarla təmasda olmaq stressə, neqativ emosiyalara qarşı da əla üsuldur".

Qeyd edək ki, uşaqlar daha çox quşlar, pişiklər, itlər, dovşanlar, balıqları saxlamaq istəyirlər. Uşaqların heyvanlarla oynadığı zaman zərər aldığından ehtiyat edən valideynlər rahatlıqla uşaqlarına akvarium balıqlarını ala bilər. Uşaqlar akvarium balıqları ilə sıx təmasda olmadığı üçün infeksiya, cızıq təhlükəsi də yoxdur. Lakin uşaqlara heyvanlarla necə davranmalı olduğunu başa salmaq lazımdır. Çox balaca uşaqlar heyvanlara oyuncaq kimi baxa bilər. Onlara nəzarət etmək və uşaqlara heyvanların qayğıya, diqqətə ehtiyac duyduğu canlı varlıq olduqlarını başa salmaq lazımdır.

Rəşidova qeyd edib ki, çox vaxt uşaqlar valideynlərdən ad günlərinə və ya hansısa əlamətdar günə hədiyyə olaraq ev heyvanı almalarını istəyirlər: "Bəzən valideynlər buna əks reaksiya göstərirlər. Bəlkə də valideynlər bu mözuda az maarifləniblər. Uşaqları ev heyvanlarından ayırmaq, onlara ev heyvanları ilə oynamağı yasaq qoymaq olmaz. Uşaqlarda heyvanlara qarşı mərhəmət hissinin formalaşmasının mənfi tərəfləri yoxdur. Əksinə, müsbət tərəfləri var. Uşağın dovşanıyla, pişiyilə, itiylə bağlı xatirələri olur. Ev heyvanları ilə vaxt keçirmək uşaqların intelektual səviyyəsinə, dünyagörüşünə, əsəblərinə belə gözəl təsir göstərir" deyən psixoloq valideynləri bu səpkidə bir o qədər də kəskin reaksiya verməməyə çağırır.

Uşaqlıqda ev heyvanıyla təmasda olmayanda, istədiyi iti, pişiyi, dovşanı saxlaya bilmədikdə, böyüdükdə mütləq bu istəklərini həyata keçirirlər. Sadəcə valideynlər övladlarını nədən və niyə məhrum etdiklərini anlamalıdırlar. Uşağın ev heyvanıyla oynamasında pis bir şey yoxdur. "Valideynlər belə bir seçim qarşısında qalıblarsa, düşünsünlər ki, "mən övladımı bundan niyə məhrum edirəm". Əksinə sevinsinlər ki, övladlarının ev heyvanlarına qayğı göstərmək istəyi var. Hər uşaqda da daxildən bu istək gəlmir. Uşaqlarda bu xüsusiyyət varsa, bunu anında qiymətləndirmək lazımdır. Həm də unutmayaq ki, ailəvi olaraq ev heyvanlarına qayğı göstərmək, onlarla oynamaq əsas da uşaqlar üçün əyləncəli, sevinc dolu vaxt keçirməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR