“Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusu və rəsm əsərlərini əhatə edəcək kitab-albom hazırlanır

16:02 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 15:56 ]


Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub.

 

AMEA-dan APA-ya verilən xəbərə görə, əvvəlcə M. Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, rəssam Fəxrəddin Əlinin Azərbaycan muğamlarına aid çəkdiyi rəsmlərə baxış keçirilib.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəsm əsərləri barədə fikirlərini bildirərək Azərbaycan muğamlarına aid çəkilən 80 rəsm əsərini yüksək dəyərləndirib. O, bu əsərlərin yüksək poliqrafik üsulla kitab halında çap edilməsinin məqsədəuyğun olduğunu bildirib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə akademiyada keçiriləcək beynəlxalq muğam festivalına hazırlıq məsələləri barədə ətraflı məlumat verib. İ. Həbibbəyli qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəni tədbirlərə də geniş yer verilir, o cümlədən muğam sənətinin inkişafına və beynəlxalq səviyyədə təbliğinə böyük səy göstərilir. Akademik nəşri nəzərdə tutulan “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusu və rəsm əsərlərini əhatə edəcək kitab-albomun bu ilin mart ayında Azərbaycanda keçiləcək beynəlxalq muğam festivalının və elmi konfransın işinə töhfə olacağını qeyd edib.

 

Bundan başqa, beynəlxalq simpoziumla əlaqədar zəruri hazırlıq işlərinin aparıldığını bildirib.

 

AMEA Memarlıq və İncəsənət İnstitutunun “Muğamşünaslıq” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova isə toplunun yaxın günlərdə hazırlanaraq rəhbərliyə təqdim olunacağını diqqətə çatdırıb. Tədbirin sonunda İ. Həbibbəyli muğamşünaslıq konfransı ilə əlaqədar işçi qrupunun qarşısında duran vəzifələr barədə məlumat verib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR