Ana söyüşünə görə qonşusunu bıçaqlamaqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Münsif Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən M.Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə keçən il Nizami rayonunda baş verib.

Rəşad Rzayevin özündən 2 yaş kiçik Münsifə ana söyüşü söyməsi ikincini özündən çıxarıb. Münsif bıçaq götürərək Rəşad Rzayevin evinə gedib. Onu həyətə çağırıb və ona kürək nahiyəsində 4 bıçaq zərbəsi endirib.

Qanlı hadisənin baş verməsinə səbəb Münsifin məktəbdə şagirdlərlə arasında olan mübahisəyə Rəşad Rzayevin müdaxilə etməsi və sonda Münsifi təhqir etməsi olub.

Rəşad Rzayev onu bıçaqlayan şəxsdən şikayətçi olmasa da onun anası Münsif Qasımovun ailəsindən dəymiş zərərə görə 4 min manat tələb edir

İstintaq dövründə Münsif Qasımov barəsində həbs qətimkan tədbiri seçilməyib.