Ermənistanda "Azərbaycan almaları" işi: həbslər başlandı

Ermənistanda "Azərbaycan almaları" işi: həbslər başlandı
23:57 2 May 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda Azərbaycan almalarının satışı ilə bağlı qalmaqal böyüyüb və iş bir neçə gömrük məmurunun işdən çıxarılması, barələrində cinayət işi qaldırılması ilə nəticələnib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ermənistanın dövlət gəlirləri Komitəsi (gömrük xidməti bu komitənin tərkibindədir-red.) Azərbaycan istehsalı olan almaların İrəvan bazarlarında və supermarketlərində kütləvi satışı ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, komitə Azərbaycan almalarının erməni bazarlarında satılması ilə bağlı detalları araşdırmaq üçün müxtəlif satış məntəqələrində əməliyyat-axtarış tədbirləri keçirib. Habelə ərzaq təhlükəsizliyi Dövlət Komitəsinin təqdim etdiyi digər ünvanlara baxıb.

Məlumata əsasən, ərzaq təhlükəsizliyi Dövlət Xidməti aprelin 23-dən bəri Azərbayandan alma gətirilib satılması ilə bağlı genişmiqyaslı yoxlama keçirib. "Toplanılan materiallara əsasən müəyyən olunub ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxs periodik olaraq ticarət məqsədi ilə sərhədi keçiblər, ölkə ərazisinə kommersiya məqsədi ilə kənd təsərrüfatı məhsulları idxal ediblər, bu zaman "Baqrataşen" sərhəd-keçid məntəqəsinin (Gürcüstan-Ermənistan sərhədi) gömrük əməkdaşlarına rüşvət veriblər"-Komitə bildirir.

Nəticədə toplanılmış faktlar əsasında həmin gömrük əməkdaşları barəsində rüşvət alma maddəsi ilə cinayət işi qaldırılıb. Azərbaycan almalarının gömrükçülərə rüşvət verməklə Ermənistana qeyri-leqal idxalını həyata keçirən bir qrup şəxs barəsində isə qanunsuz sahibkarlıq maddəsi ilə cinayət işi qaldırılıb. Toplanılan materiallar istintaqın davam etdirilməsi üçün Baş prokurorluğa təqdim olunub. "Dövlət gəlirləri Komitəsi bütün sərhəd-nəzarət məntəqələrinə tapşırıq verib ki, gələcəkdə belə halların istisna edilməsi üçün ciddi nəzarət tətbiq edilsin"-açıqlamada deyilir.

Xatırladaq ki, İrəvan bazarlarından birində Azərbaycanın Quba rayonunda fəaliyyət göstərən "DAD Fruits" şirkətinin bağlarının məhsulu olan almaların satışı barədə foto əvvəlcə sosial şəbəkələrdə yayılıb. Bu fakt Ermənistanda az qala zəlzələ effekti verib və bütün müvafiq dövlət strukturları, mətbuat Azərbaycan almalarının izinə düşüb. Məlum olub ki, Azərbaycan almalarının Ermənistan bazarlarında satışı yeni deyilmiş və əslində "DAD" almaları İrəvanın əksər bazarlarında, supermarketlərində satılırmış. Dövlət strukturları bu məsələyə isterik reaksiya veriblər və tələm-tələsik Azərbaycan almalarını hansı yolla ölkəyə daxil olduğunu araşdırmağa başlayıblar, habelə meyvəni bazarlardan yığışdırıb məhv etməyə çalışıblar. "DAD" şirkətindən virtualaz.org-a bildirmişdilər ki, almaların Ermənistana Gürcüstan üzərindən keçirildiyini təxmin edirlər. Çünki şirkət Gürcüstana məhsul ixrac edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR