- Adın nədir?

- Albert.

- Hansı millətdənsən?

– Yəhudi.

- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?

– Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.

- Bir vətəndaş kimi borcunu nədə görürsən?

– Gəlib torpağı qorumaqda.

- Nə qədər vuruşmağı düşünürsən?

– Müharibənin axırına kimi…

Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə gedir. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir.

Albertin sonuncu döyüşü 8 may 1992-cu ildə Şuşa uğrunda oldu. O gün Azərbaycan tərəfi çox sayda yaralı və şəhid verir. Albert mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qarabağ şəhidi, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.