Play Store

Azərbaycan və Qətər birgə investisiya fondu yarada bilər

Azərbaycan və Qətər birgə investisiya fondu yarada bilər
16:47 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohammedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin, “PAŞA Holdinq” və “Synergy Group” MMC-lərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Tədbirdə Azərbaycanla Qətər arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığı, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyəti vurğulanıb. Qətər nümayəndə heyətinin Azərbaycana səfəri də məhz dövlət başçılarının ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi barədə verdikləri tapşırıqların icrası ilə bağlıdır.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib. Bildirilib ki, son 10 ildə ölkədə ümumi daxili məhsul (ÜDM) 1,7 dəfə, valyuta ehtiyatları 9,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, sənaye 1,5 dəfə, turizm 6,2 dəfə, tikinti 2,2 dəfə artıb. Vurğulanıb ki, hazırda əlverişsiz xarici siyasi və iqtisadi amillər, xüsusilə dünya enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir. 2017-ci ilin 1-ci rübü üzrə qeyri-neft sənayesi 2%, kənd təsərrüfatı 3,5%, ticarət dövriyyəsi 15%, ixrac 50%-ə yaxın, qeyri-neft ixracı 10% artıb. Azərbaycan regionun əlverişli mövqeyə malik olan tranzit mərkəzidir. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri çərçivəsində yolların yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və bu ərazidə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın tranzit imkanlarını daha da gücləndirir.
Azərbaycanın siyasi cəhətdən tam sabit ölkə olması, yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri xarici investorlar üçün geniş imkanlar açır, Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. Təsadüfi deyildir ki, müstəqllik illərində Azərbaycan iqtisadiyyatına 230 mlrd. dollardan çox investisiya qoyulub, bunun yarısı xarici sərmayələrdir. Azərbaycan xarici investisiyalar, eləcə də Qətər sərmayələri üçün əlverişli məkandır.
Azərbaycan Qətərlə uğurlu iqtisadi əməkdaşlıq edir, birgə biznes forumlar, işgüzar görüşlər təşkil olunur. Bu il Qətərə Azərbaycanın ixrac missiyası təşkil edilib və bir sıra razılaşmalar əldə olunub. 2017-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsində ciddi artım müşahidə edilir.
Qətər Əmirliyi nümayəndə heyətinin rəhbəri, “Barva Bank”ın sədri Seyx Mohammed Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-ve-qeter-birge-investisiya-fondu-yarada-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR